Çoxdanın Eldarı və bu günün SOKARı, AZALı, “Azərsu”yu…
Ötən ayın yarısını demək olar ki, evdə olmamışıq. Ancaq evimizə rəsmən, 190 manat işıqpulu ödənişi üçün çek gəlib. Az qala düşündük ki, bəlkə evimizdə xoortdan yaşayıb və hər şeyi israf edib. Baxdıq, tək deyilik! Onlarla evə, belə, şişirdilmiş məbləğdə ödəniş kağızı göndərilib. Hələ xəbərdarlıq da ediblər, bəs, qısa zamanda ödəməsəniz, xəttiniz kəsiləcək.
Yadımdadır kirayə qaldığımız dönəmdə, işıqpulu yığan oğlandan soruşmuşdum ki, bala bizim qədər bu “Gənlik”dəki , Badamdardakı villalara da gedirsinizmi? Dedi, “xala, onlar bizlik deyil axı”. Üç yazıdan aldığım otuz manat qonorarı, işıqpuluna ödəyib, pulsuz qaldığıma görə uşaqlrımdan utanmışdım onda. Amma bilirdim ki, səliqəli ödəyici, nümunəvi vətəndaş sayılıram.
Qəribə paradoksdur, dövləti “yeyən”, lyuks evlərdə oturan, haqq ödəməyən oğru məmurlar! Köhnə evdə kirayə qalan, kasıb, amma tanınmış, nümunəvi vətəndaş, jurnalist!
Onda da indiki kimi düşündüm ki, axı bu düzgün deyil! Ədalətli , heç deyil!
Bu Azərbaycanı mərhələ ilə oğruların ölkəsinə çevirməkdir. Indi SOKAR rəsmən oğurluq edir. Daha dəqiqi dövlət hər yerə yoxlama göndərdiyi kimi, SOKAR-ın da günü gələcək deyə, dövlətdən oğurladıqlarını necəsə ört-basdır etmək, heç olmazsa bir qismini yerinə qaytarmaq üçün yeni fırıldağa başlayıblar. Lütfən gedib araşdırsın aidiyyatı qurumlar.
Indi gələk məlum həbsə. Üç ölkədə bir səfirə, keçmiş baş prokurora, Eldar Həsənova. Düzü təəccüblənmədim. Illər öncə o Azərbaycandan səfir gedəndə, hamı bilirdi ki, onu qurtarmaq üçün qaçırdılar. Ümumiyyətlə, Azərbaycanda bir dönəm klanlararası savaşın nəticəsi bu idi. Tərəflər həbs edilə biləcək adamlarını səfir göndərirdi. Məsələn, bu siyahıda keçmiş nazir Əli Nağıyev də var idi, sabiq vitse-spiker Tamerlan Qarayev də, hələ sabiq nazir Vilayət Quliyev də…
Gələk bu adların ən aktualına, Eldar Həsənova. O, müstəqillik dönəminin yeganə baş prokurorudur ki, həm də siyasi beyni var idi. Yəni işi təkcə hüquq, adam tutub, boynuna cinayət qoymaq deyildi, həm də siyasət idi. Amma o həm də siyasətlə məşğul olduğunu ustalıqla qapada bilirdi. Bu üzdən, baş prokuror işlədiyi dönəmdə tutdurduğu hər kəsin həbsini həm faktoloji, həm də siyasi əsaslandırırdı. Bu işdə əməkdaşlarına verdiyi “ustanovka” media dili ilə desək, tutmayanda, mütləq mövzu aktual olduğu dönəmdə, hansısa tədbirdə şəxsən iştirak edər, media mənsublarının dayandığı yerin yaxınından keçərdi. Çünki kimsə, “baş prokuror gəldi”, deyə hay salacaq, o da gülümsəyib dayanacaqdı.
Prokurorluq tarixində Eldar Həsənov həm də yeganə adam idi ki, məqamı düşən kimi, siyasi hakimiyyətlə razılaşdırmadan, brifinq keçirirdi. Adını da qoyardı məcbur qaldım, danışam…
O, bir çoxumuzun tanıdığı adamları, köhnə CM-in 57-ci maddəsi ilə həbslərdə süründürən adam idi.
Bəli, xidməti dönəmində, özünü təsdiqləmək, bir də ictimai nüfuz qazanmaq, klanın nüfuzlusuna çevrilmək üçün bir ciddi, mühim xidmət lazım idi. O xidmət Eldar Həsənov üçün Xocalı barədə istintaq məlumatlarını dünyaya təqdim etmək oldu.
Bu Azərbaycanın daha çox humanist notlara köklənmiş və həssas yeri olan, ictimai rəyinin qəlbinə girməkdə ona çox kömək etdi. Beləcə, ictimai rəydə onun ölkədə baş prokuror olsa da, ədalətli adam obrazı yarandı.
Əslində bu təkcə dövlətə xidmət deyildi. Həm də ictimai nüfuza söykənib siyasi xal qazanmaq idi. Adamların inandığı az sayda simalardan birinə çevrildi baş prokuror.
Eldar Həsənov bu reytinqini inkişaf etdirmək üçün o vaxtların reytinqli qəzetlərinə həm də maliyyə dəstəyi verən əsas simalardan sayılırdı. Təbii ki, qəzet ona toxunmur, üzvü olduğu klana yanaşmır, məqamı gəldikcə bəzi məsələlərdə dəstəkdən də imtina etmirdi. Hər halda o dönəm media kluarını yaxşı bilən hər kəs, bu barədə eşitməmiş deyil. Bunu indi də araşdıranlar, maraqlı nüanslar əldə edə bilər deyə düşünürəm.
…Və Sərdar Həmidov olayı. Bunu xatırlamamaq olmur. Mərhum Sərdar Həmidov bütün həyatını və ömrünü döyüşlərə, Qarabağ müharibəsinə həsr etmiş simalardan idi. Bu məsələdə qardaşı, keçmiş DIN rəhbəri, mərhum Isgəndər Həmidovla mübahisələri də düşərmiş tez-tez. Hətta uzun müddət küsülü qaldıqları da olub. Dostları yaxşı xatırlayar, Sərdar Həmidov Eldar Həsənovun ona etdirdiklərindən danışanda gözü dolarmuş…
Cəmi iki olaydan danışdım. Haqında qısaca məlumatım olan, ikicə olay. Görün araşdırılsa nələr var. Bu indi Eldar Həsənovun neçə yaşının olmasına, hüquq elmi üzrə mütəxəssisliyinə, dövləti xidmətlərinə, diplomatik üstünlüklərinə, siyasi beyninə bağlı məsələ deyil. Bu insanlığa, mənəviyyata paralel, dövlətə, dövlətçiliyə, milli kimliyə bağlı məsələdir. Görün nə qədər sərdarlar ölüb, nə qədər əlli yeddi maddəsi verilib insanlara. Yəni bu nə qədər, haracan belə olacaq? Insanlar bəraətini bir ömür gözləməlidirmi? Insanlar klan savaşında bu qədərmi fəda edilər?
Anlaşılandır ədalətsiz tərəf güclü olanda ədalət də, ədalətli olmaq istəyənlər də zəif, aciz qalır. Çox inanmaq istəyirəm ki, illər öncə belə olub. Amma bu gün vəziyyət elədir ki, illər öncəni gözləmək lazım deyil. Bu gün dövlət başçısı konkret istiqamətlər verir. SOKAR, Azərsu, AZAL və sair. Dövlətə yaxın bütün telekanallar susur. Əslində işləri bu mövzuları araşdırmaq olmalıdır.
Və daha bir məqam, dövlət başçısı deyirsə, xalq tələb edirsə, aidiyyatı qurumların da zamanında addım atması lazımdır. Çünki indiki zəmin bir də heç zaman yaranmaya bilər. Yəni Eldar Həsənov üçün iyirmi il sonra yaranan siyasi və ictimai zəmin, bu gün bir çoxları üçün artıq yaranıb. Niyə gözləyək axı?!.
Jalə Mütəllimova /AzTimes.az/