Bakının bu ərazilərində evlər kəskin bahalaşdı – Səbəb nədir?

Baxılıb:48
Bakının bu ərazilərində evlər kəskin bahalaşdı – Səbəb nədir?

Son dövrlər paytaxtın mənzil bazarında bahalaşma müşahidə olunur. Hər zaman olduğu kimi, metroya yaxın ərazidə yerləşən mənzillər daha yüksək qiymətə satılır. Maraqlısı isə, mərkəzdən bir qədər kənarda olan evlərin qiymətinin kəskin bahalaşmasıdır. Məsələn, Yeni Günəşlidə 3 ay öncə 80 minə satışa qoyulan mənzil bu günlərdə 120 min manata təklif edilir. Şəhərdaxili və ətraf ərazilərdə satılan evlərin qiymətləri arasında fərq çox deyil.

Mənzillərin kəskin bahalaşması Dövlət Statistika Komitəsinin hesabatında da öz əksini tapıb.

Məlumata görə, 2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8,1% yüksəlib. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5%, təkrar mənzil bazarında qiymətlər isə 8,1% artıb.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Publika.az-a bildirib ki, daşınmaz əmlak bazarında qiymət dəyişimi daha çox inzibati təsirlərdən qaynaqlanır:

“Mənzil bazarında süni qiymət artımları var. İl yarım bundan əvvəl tələb yüksək idi. Bundan başqa, Rusiya və Ukraynadan axın var idi. Həmin dövrdə buna görə qiymət artırdı. İndi isə bu hallar mövcud deyil. Hökumətin qəbul etdiyi bəzi qərarlar mənzil bazarına təsir göstərir. Mərkəzdən kənar ərazilərdə qiymətlər demək olar ki, şəhərdaxili qiymətlərə yaxınlaşır. “Koroğlu”, “Qara Qarayev” və “Həzi Aslanov” metrostansiyalarına yaxın ərazidə yerləşən mənzillərin bir kvadratmetri 2 000 manat civarındadır”.

Ekspert qeyd edib ki, süni qiymət dəyişikliyinin təsirləri hər keçən gün artır.

“Təəssüf ki, bunu nəzarətdə saxlamaq mümkün deyil. Tikinti şirkətlərinin qiymət siyasəti ilə qəbul etdiyi qərarlarda özünəməxsus yanaşmaları mövcuddur. Nə qədər ki, Azərbaycanda tikinti şirkətləri dövriyyə vəsaitləri ilə deyil, kənar maliyyə resursları hesabına fəaliyyət göstərəcək, bu prosesi nəzarətdə saxlamaq mümkün olmayacaq”, – R. Osmanlı əlavə edib.

Beynəlxalq Bankın “Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili” üzrə hesabatında Bakıda mənzillərin qiymətinin son 2 ildə artdığı qeyd olunub. Bu barədə fed.az saytı məlumat paylaşıb. Hesabata əsasən, ilkin mənzil bazarında qiymət artımının səbəbi şəhər ərazisində boş torpaq sahəsinin azalması və ipoteka maliyyələşməsinin davam etməsi ilə bağlıdır. Sənəddə qeyd edilir ki, son illərdə təkrar mənzil bazarına nisbətən ilkin mənzil bazarında müşahidə edilən daha sürətli qiymət artımının daha bir səbəbi – tikintinin maya dəyərinin artmasıdır.

Araşdırma göstərir ki, ilkin mənzil bazarında ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb. 2023-cü il üzrə müvafiq olaraq Səbail rayonu üzrə qiymət 1 m(2) üçün 2 000 manatın üzərində, Qaradağ rayonunda isə 1 m(2) üçün 1000 manatdan aşağıdır. 2022-ci il ilə müqayisədə paytaxtda ən çox bahalaşma Xətai 32%, ən az isə Qaradağ rayonun- da 3% müşahidə edilib.

Belə ki, Xətai rayonu üzrə 2022-ci ildə 1m(2) üçün 1 500 manat tələb olunurdusa, 2023-cü ildə bu qiymət 2 000 manat civarında olub. Qaradağ rayonunda isə qiymət 1 m(2) üçün hər iki il üzrə təqribi 600-800 manat civarlarında olub. Təkrar mənzil bazarında da 2023-cü il üzrə ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb. Səbail rayonunda 1 m(2) üçün təqribi 2 700 manat, Qaradağ rayonunda isə 1 m(2) üçün 1 000 manat tələb olunur.

Təkrar mənzil bazarında 2022-ci il ilə müqayisədə ən çox bahalaşma Xətai və Nizami rayonlarında 23%, ucuzlaşma isə Nəsimi rayonunda 3% müşahidə olunub. Xətai rayonunda 2022-ci ildə 1 m(2) üçün təqribi 1 500 manat gərək idisə, 2023-cü ildə bu qiymət 1 750 manata qədər yüksəlib, Nizami rayonunda isə qiymət 1 m(2) üçün 1 500 manatdan 2 000 manata qalxıb.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.


Abunəlik