Azərbaycanda seçki kampaniyası necə keçir? – Siyasi landşaft dəyişikliyi başa çatmaq üzrədir

Baxılıb:91
Azərbaycanda seçki kampaniyası necə keçir? – Siyasi landşaft dəyişikliyi başa çatmaq üzrədir

Azərbaycanda seçki debatlarının iki həftəsi arxada qalıb, artıq builki növbədənkənar seçki kampaniyası haqda ilkin qənaətləri bölüşmək olar.

Geosiyasi qütb axtarışları

Seçki nə ilə yadda qalır? İlk növbədə geosiyasi qütb axtarışları nəzərə çarpır. Amma bu axtarışlar sadəcə indi Avropa qurumları ilə Azərbaycan arasında müəyyən gərginlik fonunda başlamayıb, II Qarabağ savaşından hələ çox- çox əvvəl Prezident İlham Əliyev Avrointeqrasiya haqda təbliğatların gərəksizliyinə diqqət çəkmiş, “bizi orada kimsənin gözləmədiyini” demişdi. Prezidentliyə indiki digər namizədlərin də namizəd olmazdan əvvəl Çin, Turan, Qərb, Rusiya haqda çoxsaylı açıqlama, müsahibə və təhlilləri ilə tanış olmuşuq. Yəni son hadisələr bu müzakirələri aktuallaşdıra bilər, amma Azərbaycan siyasətinin və namizədlərin gündəliyində əvvəldən də var idi.

Müzakirələrdə hansı fərqli geosiyasi seçimlər gündəliyə daşınır? Hakim YAP hazırkı balans siyasətini düzgün sayır. Namizədlərdən Zahid Orucun Azərbaycanı üç imperiyanın əməkdaşlıq məkanı kimi görülməsi haqda fikirləri də hakim partiyanın mövqeyinin fərqli formada ifadəsidir.

İkinci yanaşma: Namizədlərdən birinin keçmiş Asiya universitetinin binasında etdiyi çıxışından faktiki olaraq geosiyasi qiblənümalarımızın Uzaq Şərqi göstərməli olduğu qənaət hasil ola bilərdi.

Üçüncü qütb: namizədlərdən Qüdrət Həsənquliyev və Fuad Əliyevin şimal seçimi təklifidir. Q. Həsənquliyev bunu Türk- Slavyan İttifaqı yaradılması, Fuad Əliyevsə isə Avrasiya və Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqla icra olunmasını təklif edir.

Seçkidənkənar loyal müxalifətdən MHDP sədri Fərəc Quliyevin illərdir təbliğ etdiyi anqlosakson – türk ittifaqı ideyası da türk mərkəziyyəti ideyasına görə, müəyyən qədər Q.Həsənquliyevin fikirlərinə bənzəsə də, qütblər bir-birindən xeyli dərəcədə fərqlidir (birində London, digərində Moskva).

Arazdan cənuba sığınan siyasi islamçılar özü qütb axtarışında olan İranın yanında olmağımız istərdi, onların siyasətimizdəki mötədil variantları isə gah Moskva-Bakı-Tehran, gah Ankara- Bakı-Tehran ittifaqlarından bəhs edirlər.

Seçkidən kənar ənənəvi liberal müxalifət və Avropadakı siyasi mühacirət isə birmənalı olaraq Qərb seçimindən yanadır, israrla hakimiyyəti geosiyasi seçimə çağırır, hansısa Avropa və ya ABŞ rəsmisinin açıqlamalarını Bakıya geosiyasi seçim etmək üçün son xəbərdarlıq kimi “oxuyur” və bizim də həmin mətnləri elə “oxumağımız” üçün süslənmiş təlqin-şərhlərlə çıxış edirlər.

Yalnız geosiyasi deyil, geomədəni seçim də…

Geosiyasi seçim axtarışları niyə məhz seçkiqabağı belə aktuallaşdı? Hər şeydən əvvəl Ukrayna-Rusiya savaşı, Yaxın Şərqdə cərəyan edən qanlı toqquşmalar fonunda Qərbin birbaşa girmək istəmədiyi döyüşlərdə digərlərini proksi qüvvə kimi istifadə etmək istəyinin artması, cənub və şimal qonşularımızın da Qərbdəki o dairələrdən daha fərqli düşüncə daşıyıcıları olmaması, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda nüfuz savaşlarının, yeni dünya nizamı ilə (və ya 20-ci əsrin əvvəllərinə aid terminologiya ilə ifadə etsək, dünyanın yenidən bölüşdürülməsi) bağlı müzakirələrin açıq xarakter alması səbəbindən. Bəziləri güman edirlər ki, seçkiqabağı bu mövzunu aktuallaşdırmaqla rəsmi Bakıya təzyiq etmək, bu və ya digər seçimə məcbur etmək olar.

Bəs seçimlər təzyiq altında belə dərhal edilməlidirmi? Eduard Şevarnadze Gürcüstandakı “qızılgül inqilab”ından sonra maraqlı bir açıqlama vermişdi. Deyirdi ki, II İrakli Gürcüstanın taleyini Rusiyaya, mən isə Qərbə yönəltdim, tarix hansımızın doğru qərar qəbul etdiyini müəyyən edəcək. Əslində II İraklinin (Qacar məmləkətində onu “İrəli xan” da adlandırırdılar) Rusiyaya birmənalı sığınmasının “əcri-mükafat”ını Ağaməhəmməd şah Qacar vermişdi -Tiflisi yandırmaqla. Şevarnadzenin birmənalı Qərb seçimi Abxaziyanın konfederasiya təklifini belə rədd edib yüz minlərlə gürcünü qovması, Saakaşvilinin NATO sevdası rus tanklarının Tiflisin 15 km-inə gəlib çatması ilə yekunlaşmışdı.

Bölgəmizin qəfil geosiyasi qütb dəyişdirmələrinə belə meteohəssas münasibəti var. Və bu o deməkdirmi ki, hansısa geosiyasi, hətta geomədəni seçim son, ilələbəd olmalıdır?

Çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Paşanın “devrimlər” adı verilən əlifba, qiyafət, dil, soyad, təhsil islahatlarının bir hədəfi vardı – daha çox Avropaya yaxınlaşmaq, daha çox “alafranga” olmaq. 2007-ci ildə Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı ümidverici danışıqlar raundu başlayanda Rusiyanın qərbçi-liberal nəşrləri belə, Ədoğanı Mustafa Kamalın etdiyi seçimi uğurla başa çatdıracaq lider kimi öyürdülər. Amma bu gün Türkiyə nəinki Avropa İttifaqı, hətta NATO seçimi ilə bağlı tərəddülərini ən ali səviyyədə açıq səsləndirir, hətta əlifba dəyişikliyi və dil islahatlarının da gərəksizliyi, Türkiyənin Şərqdən, müsəlman dünyasından qopmasının mümkünsüzlüyü haqda az qala rəsmi səviyyədə təbliğat aparılır. Yəni yalnız geosiyasi deyil, geomədəni seçim belə mübahisələndirilir.

“Qurucu babalarımız Avropa seçimi” edib demək…

Beləliklə, sərt dönüşlərin Türkiyə və Gürcüstana nə verdiyini qısaca izah etdik, bəs Azərbaycana?

Azərbaycan milli ideyasının yaradıcısı saydığımız ziyalılar nəsli –Məhəmməd Ağa Şaxtaxtılı, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə, Fətəlixan Xoyski və başqalarının geosiyasi seçimlə bağlı fikirləri yekcins idimi? Mən açıq ilhaqçı və açıq sol kosmopolitlərin adlarını əlavə etmirəm, o halda ziyalı qurucuların nə qədər fərqli seçimlər arasında qaldığı daha da aydına olardı. Əli bəy Hüseynzadə işğal olunmamağın yolunu avropalaşmaqda, qurulacaq Turanla birgə Avropanın bir parçasına çevrilməkdə görürdüsə, Nərimanov Azərbaycanın əbədi xoşbəxtliyinin Rusiya ilə birgəlikdə olduğunu sanırdı. Rusiyanın kölgəsi altında Qırmızı Turan qurmağa xəyal edən Qarabəyovlar, Qaliyevlər, Ənvər Paşalar da vardı (son iki şəxs azərbaycanlı olmasalar da, Azərbaycan ictimai fikrinə misilsiz təsir imkanları olub); Rusiyadan Turan qurmaqla qopmağı xəyal edən Əhməd Ağaoğlu da, Rusiyadan qopuşu prometeizmdə görən Rəsulzadə də.

Hüseynzadə özü həyatda ikən üçlü düsturunun “avropalaşmaq” bəndini “çağdaşlaşmaq”la əvəzləmişdi. Yəni sadəcə Avropa deyil, çağdaşlığın, inkişafın nəbzi döyünən hər hansı qütb cəlbedici ola bilər. Odur ki, “qurucu babalarımız Avropa seçimi” edib demək belə tam həqiqət deyil. Axı heç Rəsulzadənin seçdiyi prometeizm indiki mənada qərbçiliyin təkrarı deyil. Milli parlamanın ikinci böyük fraksiyası olan “İttihad” isə əvvəl ilhaqçı, sonra faktiki Kreml meyilli çıxmışdı.

Amma tarixi təcrübə hansısa sərt dönüşlərin Azərbaycana böyük fayda gətirdiyini təsbit etməyib. Fətəli xan Xoylunun kəskin Qərb-Britaniya dönüşü qardaşlarımızın bizə arxa çevirməsinə gətirdi, Nərimanovun kəskin Şimal dönüşü müstəqilliyin itirilməsinə. Geomədəni seçim edib latın əlifbasına keçməyimiz az sonra kiril əlifbasına məcbur edilməyimizlə və bir əsrdə dəfələrlə “hürufat inqilabı” yapmağımzla yekunlaşdı.

Debatların sönük keçdiyini deyənlərin bu qədər ciddi müzakirəni görməməsi təəccüblüdür. Sual yaranır- onlar nəyi qaynar hesab edirlər?

İkinci təsbit: Siyasi azərbaycançılığın (əliyevçiliyin) qələbəsi

Namizədlərin, demək olar ki, hamısı Heydər Əliyevin qurucu lider missiyasını etiraf edir, çıxışlarında ona dönə-dönə istinad edirlər.

Nəinki 2003 və 2013-cü illərin prezident seçkilərində, heç 2018-ci il seçkilərində də bunu təsəvvür etmək çətin idi. Fikrimizcə, bu, 2020-ci ildə başlamış siyasi dialoq prosesinin ən böyük, amma hələlik ya təsbit edilməyən, ya da ucadan deyilməyən ən yekunlarından biridir. Bu, sadəcə siyasi konfiqurasiyanın deyil, siyasi landşaftın tam dəyişməsi deməkdir. Türkiyə siyasətində Atatürkə apellyasiya etməyən qüvvəni siyasi səhnədə təsəvvür etmək nə qədər çətindirsə, bu debatlarda ortaya çıxan reallıq davam və inkişaf etdirilsə, Azərbaycan siyasi səhnəsində də siyasi azərbaycançılığa (əliyevçiliyə) istinad etməyən qüvvə olmayacağına şahidlik edəcəyimiz zaman uzaqda deyil.

Bu, Azərbaycan siyasətində müşahidə edilən dəyişikliyin iqtidara verdiyi ən böyük dividentdir. İndiki dövlət başçısının çıxışlarında həmişə ideoloji məsələlərə, Azərbaycan dəyərlərinə istinad edilməsi yəqin ki, diqqətdən yayınmayıb. Opponentlərin necə qiymətləndirməsindən asılı olmayaraq hər hansı bir siyasi komandanın özünün ideoloji varisliyinin təmin edilməsində maraqlı olması olduqca normal, hətta labüd yanaşmadır.

Üçüncü təsbit: Azərbaycan solunun ortaya çıxması

Rəqib namizədlərin daha çox sosial problemlərə köklənməsi, amma tənqidlərin əndazəli olması Azərbaycanda yeni – mərkəz solun meydan çıxması ilə də nəticələnə bilər. Rəqib namizədlər bu rola iddialarını açıq şəkildə bəyan edirlər.

Azərbaycan solunda ciddi böhran yaşandığı sirr deyil. İfrat solçuluq-sovet xiffətli kommunistlər faktiki sıradan çıxıb, mərkəz sol (ASDP) düşərgəni təmsil edənlər isə sol və sosial ədalət ideyasını təbliğdən çox, tez-tez gah Moskvaya və ya Tehran boylanıb onların hansısa addımlarına bəraət qazandırmağa çalışıblar, 1993-cü il hadisələrində müəmmalı iştirakları var, üstəlik, bir ailə üzvlərinin daxili intriqaları və s. bu qüvvəni də ictimai rəydə xeyli aşındırdı. Nəhayət, sədrinin ölümündən sonra həmin qüvvəni təmsil edən partiya özünü buraxdı. Lakin yaranmış boşluğu doldurmağa iddialılar yetərincə çoxdur; o cümlədən kommunalizm, anarxizmin müxtəlif çeşidləri, gevarizm, ekososializm və s. cərəyanların təşkilatlanma təşəbbüsləri müşahidə olunur. Tam deyilsə də, durum təxminən 1950-1970-ci illər Türkiyəsindəki oxşar durumu andırır.

O zaman türk bürokratiyasının əsas partiyası olan CHP tərəfindən “Anadolu solu” ideyasının mənimsənilməsi sayəsində çoxsaylı solçu qrupların fəaliyyətini sağlam məcraya yönəltmək, radikal meyillərin öz cazibəsinə böyük kütlə toplamasının qarşısını almaq mümkün olmuşdu.

Seçkiqabağı və seçkidən sonrakı mümkün müzakirələrin, eləcə də yaxın gələcəkdə keçiriləcək parlament seçkilərinin yekunu olaraq Azərbaycan solu ideyasını daşıyacaq mərkəz sol qüvvə özünü təsdiq edə bilərsə, bu o demək olacaq ki, Azərbaycanda siyasi landşaft dəyişikliyi başa çatmaq üzrədir. Formalaşacaq yeni siyasi -ideoloji tənlik isə şübhəsiz, uzunmüddətli olacaq: Türkiyə və ABŞ-dakı kimi. Sol mərkəzi təmsil edəcək əsas sima indiki namizədlərin soyadını daşımaya bilər. Amma birmənalı deyə bilərik ki, debatlar belə qüvvənin zərurliyini hiss etdirdi.

Ola bilsin, siyasi landşaft dəyişikliyi ilə bağlı təsbitlərimiz ifrat görünə bilər. Amma deyəsən, bu yalnız bizim təsbitlər deyil. Ənənəvi Qərb müxalifətini mühacir müxalifəti ilə əvəzləmək üçün müəyyən mərkəzlər arasında artıq gizlədilməsi mümkün olmayan ixtilaflar bu prosesin Azərbaycan siyasətində maraqlı olan bir çox dairələr (yerli və xarici) tərəfindən də təsbit edildiyini təsdiqləyir. “İşçi masası”nın, pasifistlərin, anarxistlərin tez-tez yeni siyasi mərkəz olmaq haqda iddiaları və bu iddialara Qərb KİV-lərində geniş yer verilməsi də sirr deyil.

Dördüncü təsbit: Polemika mədəniyyətinin yüksəlməsi

Media, xüsusən müxalif resurslar və xarici KİV-lər seçkilərin özünü deyil, onun sönük keçməsini müzakirəyə çıxarır. Amma məntiqlə media seçki debatlarına, namizədlərin çıxışlarına fokuslanmalı, İTV-dən fərqli seçki gündəliyi də təqdim edib- etməməyin mümkünlüyünü müzakirə etməli idi. Bu yanlış rəyin yaranmasına əvvəlki seçkilərdə alternativ olmuş bəzi loyal müxalifət nümayəndələri də öz “töhfələrini” əsirgəmirlər. Hərçənd debatları izləyənlər yetərincə zəif namizədlərlə yanaşı, kifayət qədər iddialı, fərqli platforma təqdim edilməsinə də şahiddirlər. Və yuxarıda qeyd etdiyimiz kimi, bu fərqli diskurs təqdim etmək, fərqli ideoloji baxış bucağı formalaşdırmaq, fərqli geosiyasi qütb təklif etmək iddiaları davamlı olarsa, ölkə siyasətinin yenilənməsi məhz bu iddialılar sayəsində tamamlanacaq.

Bu ciddi diskursu təqib etməmək və ya diqqəti başqa mövzuya yönəltmək iddialıların suçu deyil. İddiaların sakit, qalmaqal yaratmadan təqdim edilməsi isə sönüklük deyil, ölkədə siyasi mədəniyyətin yüksəlməsinin göstəricisidir.


Abunəlik