Azərbaycan Kooperasiya Universiteti rektorunun köməkçisi və Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri rüşvət üstündə tutulublar

Baxılıb:312
Azərbaycan Kooperasiya Universiteti rektorunun köməkçisi və Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri rüşvət üstündə tutulublar

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş tədbir nəticəsində Azərbaycan Kooperasiya Universitetinin rektorunun köməkçisi Məmmədov Rövşən Oruc oğlu rüşvət alarkən cinayət başında yaxalanıb. Bu barədə cümə günü MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Məlumata görə, Azərbaycan vətəndaşı (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək, oğlunun Azərbaycan Kooperasiya Universitetinin birbaşa 2-ci kursuna qəbul olunması üçün həmin təhsil müəssisəninin rektorunun köməkçisi Rövşən Məmmədovun ondan 21 min manat rüşvət istədiyini bildirib və sonuncunun ifşası üçün kömək etməyə hazır olduğunu göstərib.

Müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Rövşən Məmmədov ərizəçidən 21 min manat pulu rüşvət alarkən cinayət başında yaxalanıb. Sonuncunun xidməti avtomobilinə keçirilmiş baxış zamanı üzərində müxtəlif şəxslərin imtahan verməsi və universitetə qəbul olunması kimi qeydlər aparılmış 57 min 500 manat pul vəsaiti aşkar olunub.

Həmin fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə cinayət işi başlanıb və Rövşən Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş digər tədbir nəticəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Hüseynov Azər Ələkbər oğlu rüşvət alarkən cinayət başında yaxalanıb.

Azərbaycan vətəndaşı (həmin şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin müdiri Azər Hüseynovun uzun müddət onun xəstə anasının adına olan və aylıq pensiya ödənişlərinin alınması üçün nəzərdə tutulan plastik kartı verməkdən imtina etdiyini, kartın yalnız 300 manat rüşvət müqabilində təqdim olunacağını bildirdiyini göstərib.

Həyata keçirilmiş müvafiq əməliyyat-texniki tədbirlər və istintaq hərəkətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin inzibati binasının xidməti otağında həmin ərizəçidən 200 manat pulu rüşvət alarkən Azər Hüseynov cinayət başında yaxalanıb. Keçirilən baxış nəticəsində Azər Hüseynovun üzərindən 3 min 420 manat nağd pul, ayrı-ayrı şəxslərin adına olan 6 ədəd plastik kart, habelə şöbənin mühasibatlığında 1436 ədəd plastik kart və həmin kartlara məxsus pin-kodlar aşkar olunub. Bununla yanaşı, Azər Hüseynovun ərizəçinin anasının iki aylıq pensiya ödənişlərini mənisəməsi faktı da müəyyən edilib.

Fakt üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvətalma) maddəsi ilə cinayət işi başlanıb və Azər Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda hər iki iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzTimes.az İstinad:Trend


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir