Ağdam icra başçısı jurnalistdən bu statusu silməyi xahiş etdi-FOTOLAR

Baxılıb:875
Ağdam icra başçısı jurnalistdən bu statusu silməyi xahiş etdi-FOTOLAR

AzTimes.az xəbər verir ki, jurnalist Emin Səfərov Ağdam icra başçısı Vaqif Həsənovun şəhid bulağının tikintisinə icazə verməməsi haqqında şəxsi Feysbuk hesabında yazdığı statusla əlaqədar qohumları narahat edilib. Statusda deyilir:

“Bu statusu Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan kapitan Əsəd Həsənovun yaxınlarının mənə müraciəti əsasında bir ağdamlı kimi Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənovun yerinə utanaraq yazıram.

Əsəd Həsənov mənlə eyni yaşıddır, İmişlidə anadan olub, Ağdamda N saylı hərbi hissənin Qərargah rəisi vəzifəsində çalışarkən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. İki körpəsi Vətənə yadigar qalıb. Keçmiş cəbhəboyu ərazilərdə yaşayan hansı ağdamlıdan soruşsanız, hamısı sizə Əsədin qəhrəmanlığından danışacaq. Bu öz yerində.

İndi gələk Ağdamın icra başçısı Vaqif Həsənovun “qəhrəmanlığına”…

Bilirsiniz ki, biz asanlıqla Vətən sağ olsun deyirik, amma bu acını, ağrını şəhid ailələri çəkirlər. Bir il keçməsinə baxmayaraq, hələ də yas tutan analarımız, oğlunun yoxluğuna inanmayan atalarımız var.

Çox çətindir, həm də çox. Və şəhid ailələri üçün yeganə təsəlli övladlarının xatirəsini yaşatmaqla bağlıdır. Deməli, Əsəd Həsənovun ailəsi oğlunun şəhid olduğu ərazidə onun xatirəsini əbədiləşdirmək üçün bulaq və ya xatirə lövhəsi ucaltmaq istəyirlər. Ki, burada Əsədlə yanaşı, neçə-neçə igid dayanaraq mübarizə aparıb, öz qanı, canı hesabına torpağını, millətini qoruyub.

O ərazi də kasıb bir ağdamlıya məxsusdur. Kənd sakini də deyib ki, mənim torpağım Əsədə qurbandır. O ki, mənə Ağdamımı qaytardı, ona sonsuz minnətdaram.

Və nəhayət iş gəlib çatıb icra başçısı səviyyəsinə ki, razılıq olunsun, şəhidimizin xatirəsi əbəbiləşdirilsin. Bu icra başçısı Vaqif Həsənov bilirsiniz nə deyib? Əvvəl “hə” deyib, sonra da şəhid ailəsini aldadıb. Axırda da şəhidin ailə üzvlərinə deyib ki, Əsəd İmişli şəhididir, gedin bulağı orada tikin…

Vaqif Həsənov, Ağdam azad olunandan sonra lüks maşınınla kəndə getdiyin gün yadındadır? Bax o kəndə gedib şeşələnə-şeşələnə video çəkdirdin e, o Əsəd və onun kimi oğulların sayəsindədir. Sənə qalsa, sənlə Ağdam almaq olardı?”

Vaqif Həsənov bu məsələdən narahatçılıq duyaraq Emin Səfərovun qohumları, tanışları vasitəsilə ondan statusu bilməsini xahiş edib . Jurnalist isə öz növbəsində statusun silinməyəcəyini bildirib.


Abunəlik