CƏNNƏTİN ŞƏHİD ƏTRİ

Baxılıb:371
CƏNNƏTİN ŞƏHİD ƏTRİ

Vətənin bir qarış torpağı vətəndaşlar üçün dünyanın bütün cah-cəlalından üstündür. Bunu tarix boyu vətənin bir qarış torpağı üçün canından keçən qəhrəmanlar bizə sübut ediblər. O qəhrəmanlar ki, yumruq boyda ürəyə cahan boyda vətən sevgisi sığdırıblar. O sevgi Allah sevgisinə bənzəyir.Allahını, vətənini sevən, bu sevgi uğrunda canını fəda edən qəhrəmanların mükafatı ən uca məqam olan şəhadət zirvəsidir.Hər kəs bu məqama ucala bilmir. Çünki hər kəs bu müqəddəs sevgini daşıya biləcək qəlbə sahib olmur.4 il öncə şəhadət zirvəsinə ucalanların sayı yaman çox oldu. Cənnəti şəhidlərin ətri bürüdü. Vətəni qan qoxusu bürüyən kimi. Vətən torpağı yaz vaxtı çiçəklənən laləzara büründü. Ancaq bu dəfə lalələr deyil şəhid qanı torpağı al rəngə boyadı. Üç rəngli bayrağın al qırmızı rəngi şəhid qanını, üstündəki ay, ulduz isə şəhidlərin nurunu andırdı. Azadlıq müjdəsini yetirmək üçün neçə-neçə mərd oğullar şəhid olmağa tələsdilər.Həmin o Dörd günlük müharibə zamanı qəhrəmanlar vətənin üzərindən qismən də olsa qara buludları çəkməyi bacardılar. Onların ən böyük arzusu şəhid ruhlarının azad vətən səmasında qanad çalması idi. O qəhrəmanlar bunu bacardılar. İllərdən sonra azadlıq müjdəsi hər kəsi sevinc göz yaşlarına boğdu. “Cocuq Mərcanlı azad olundu”, “Lələ Təpəni işğaldan azad etdik”, “Seysulanı düşmən əsarətindən qurtardıq”, “Artıq Talış kənddəyik”, “Madaqiz və Qazaxlar kəndindəki yolları nəzarətə götürdük” deyə xəbərlər aldıq. Xalq olaraq azadlığın sevincini yaşadıq. Ancaq bu sevinclə bərabər qəlbimiz sızım-sızım sızladı. Biz bu qələbənin neçə qəhrəmanın canı bahasına əldə edildiyini bilirdik. Azərbaycanın dörd bir tərəfinə yayılan şəhid xəbərləri ürəyimizə dağ çəkdi. Bir gözümüz qələbə sevincinə, bir gözümüz şəhid xəbərlərinə ağladı. Beləcə tarixdə qəhrəmanlıqdan bəhs edən bir dastan yazıldı. O dastanın vərəqləri vətən torpağı, mürəkkəbi isə şəhid qanı oldu.
MANYA SƏXAVƏTQIZI
ŞƏHİDLƏR
Cahanın sükütü pozulan vaxtı,
Günəşin göylərdə sozalan vaxtı,
Bir gəncə şəhidlik yazılan vaxtı,
Şəhidlər Allahın “əlini tutur”,
Şəhidlər dünyanı o an unudur.
Vətənin gününə ağlayan şəhid,
Düşmənin köksünü dağlayan şəhid,
Cənnətdə ayağın saxlayan şəhid,
Şəhadət zirvəsin bir məskən seçir,
Torpaq şəhidlərin qanını içir.
Vətənin uğrunda qurban gedən can,
Vətən harayına hər vaxt deyən “can”,
Səni yaşadacaq bu Azərbaycan,
Necə ki, yaşatdın vətənin adın,
Şəhidim,vətənlə çəkilir adın.
Müəllif :MANYA SƏXAVƏTQIZI


Abunəlik


3 thoughts on “CƏNNƏTİN ŞƏHİD ƏTRİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir