ZEYNƏB XANLAROVA: «PRO ET CONTRA» Çingiz Sultansoy YAZIR

Baxılıb:397
ZEYNƏB XANLAROVA: «PRO ET CONTRA» Çingiz Sultansoy YAZIR

31 dekabr axşamı yayınlanan Az TV verlişində Zeynəb Xanlarovanın çıxışı müğənnini gündəmə gətirib. 87 yaşlı məşhur müğənni və sabiq deputatın yaşına lağ edənlər də tapıldı, çox olamasa da. Bununla və Zeynəb xanımla bağlı 1-2 xatirəmi danışmaq istəyirəm, nəticəni özünüz çıxarın.

20-22 il əvvəlin söhbətidir, Arif Əliyevin təsisçi və prezident olduğu Press-Klubda işləyirdim, mətbuat konfransları düzənləyirdim. Axşam hamı dağılışandan sonra da işdəydim, yazı yazırdım. Şəhər telefonuna zəng qəldi, katibə yox idi deyə telefonu götürdüm. Tanış, amma tanıya bilmədiyim qadın səsi adımı-soyadımı çəkib məni soruşdu. Özümü təqdim etdim, dedi ki Zeynəb Xanlarovadır. Zəngini gözləməsəm də, təəccüb etmədim…

Məsələ burasındadır ki, iki-üç həftə olardı ki Zeynəb xanımın adı yenə gündəmə gəlmişdi, bu dəfə neqativ kontekstdə, bunun qarşısını almaq üçün bir neçə gün öncə müğənnini vəkili Press-Klubda mətbuat konfransı da keçirmişdi – cinayətlə, qanlı bir olayla bağlı. Mirzə Fətəli Axundov bağının lap yanında, şəhərin göbəyində müğənninin tikdirdiyi çoxmərtəbəli “novostroyka” kompleksinin prorabını, 30-35 yaşlı bacısı oğlunu orada yaşayan, evinin satmaq istəməyən bir 50 yaşlı kişi, fizika-riyaziyyat elmləri doktoru öz evində, mətbəxdə mübahisə zamanı çörək bıçağıyla öldürmüdü. Kişi həbs olunmuş, cəzasnı almışdı ya məhkəməsini gözləyirdi, bilmirəm, unutmuşam, amma evləri müsadirə olunmuş, ailəsi küçəyə atılmışdı. Bizdəki məhkəmə-hüquq sistemini və səviyyəsini məndən pis bilmirsiniz… Qatilin evi müsadirə olunmaz, hətta qatil yox, seria manyakı olsa, 40-50 adam öldürsə də bu qanuna ziddir, müsadirə ancaq maliyyə cinayətlərinə aiddir. Qatilin xanımı ukraynalı idi, kişi mən oxuduğum riyaziyyat fakültəsini bitirmiş, doktorluğunu Ukraynada eləmişdi, ona görə onun elmi dərəcəsini həqiqiliyinə, alimliyinin ciddiliyinə inanırdım. Zavallı qadın və üç uşaq küçədə qalmış, sonra kişinin bir qohumunun evinə sığınmışdı, bir acı söz deməsə də yorğun, iztirablı gözlərindən illər öncə Azərbaycana gəldiyinə peşmanşılıq, bizə nifrəti duyulurdu… Onun halını anlayırdım.

Ədalət, haqq fəryadıyla iki konfrans keçirmişdilər, ən azı ikncisinə Z.Xanlarovanın vəkili gəlmişdi. İctimai rəy uğrunda mübarizədə cavab mətbuat konfransı keçirən vəkilə dedim ki, Zeynəb xanım özü də konfransa gəlsə yaxşı olar, əks halda hörmətinə, nüfuzuna ciddi zərbədir bu olay…

Zeynəb Xanlarovanın Press-Kluba o axşam zəngi o sözlərimlə bağlı idi. Uzun söhbət zamanı dedim ki, bağ qonşusuyuq, 40 ildir dənizə sizin bağdan bir qədər aralı yolla gedib-gəlirəm…

Zeynəb Xanlarovanın bağı yarım əsr öncə hələ onun deyildi, indiki İncəsənət Universitetinin rektoru Rahib Hüseynovun idi. Nardarandakı dəmiryol körpüsündən çox da uzaq olmayan, çimərlikdən 300-400 metr aralı olan, o vaxtlar böyük sayılan ikimərtəbəli bağ, qonşuların hamısının tanıdığı bir bağ evi. Bizim bağdam aralı yerləşirdi o bağ, amma dəniz, çimərlik yolumuza yaxın idi, ona görə yaxşı tanıyırdım.

Rahib Hüseynov həbs olunmuş, sosialist əmlakını küllü miqdarda yediyinə görə uzun müddətli cəza almış, Bakıdakı mənzilini bilmirəm, Nardarandakı o ikimərtəbəli, dövrələmə eyvanlı bağ müsadirə olunmuşdu. Sahibsiz bağ uzun müddət baxımsız qaldı, ağacları-meynələri qurudu, yandı, görürdük, bilirdik. Sonra o viran bağın təmir olunduğunu, rəngləndiyini, hasarının iki daş qaldırıldığını, yeni ağaclar əkildiyini, yaşıllaşdığını gördük, daha sonra bağın Zeynəb Xanlarovaya verildiyini eşitdik. Onu da eşitdik ki, Zeynəb xanım, bağ ona veriləndə gedib həbsini koloniyada çəkən Rahib Hüseynovla görüşüb, ona 5 000 ya 15 000,- dəqiq yadımda deyil, – rüblə pul verib və halallıq istəyib. Sovet vaxtı belə hərəkət, halallıq istəmək özü bir əməl idi, bir kişilik tələb edirdi. Zeynəb Xanlarova bunu etdi.

(Davamı var)

AzTimes.az


Abunəlik