“DİN mətbuat xidmətinin süjetini izlədikdən sonra…” Şəhidin ailəsi onun yolunu gözləyir

Baxılıb:863
“DİN mətbuat xidmətinin süjetini izlədikdən sonra…” Şəhidin ailəsi onun yolunu gözləyir

Ələkbərov Vaqif Əliverdi oğlu Birinci Qarabağ müharibəsi zamanı vətənin bütövlüyü uğrunda könüllü döyüşlərə yollanan igidlərimizdəndir. O, 3 yanvar 1994-cü ildə Güllücə kəndi ətrafında əsir düşüb.(məlumat verən şəxs ərazini tanımadığı üçün kəndin adını səhv edir) İlk etapda onları Xankəndində komendatura deyilən yerdə saxlayıblar.

Vaqif orada iyun ayına qədər saxlanılıb. Ailəsi deyir ki, Qırmızı Xaç komitəsindən məktublar alırdıq. Əsirlikdən geri qayıdanlar deyirlər ki, sonradan bir qrup əsirlikdən qaçıb. Vaqif də onların içərisində olub. Bir müddət gizlənə bilsələr də ermənilər onları yaxalamağa müvəffəq olublar. Daha sonra digər əsirlərin gözləri qarşısında Vaqifi döyərək öldürüblər. Ailə əsirlikdən dönən şəxslərlə görüşərək maraqlanıb. İddialara görə Vaqif qətlə yetirildikdən sonra Malıbəyli qəbiristanlığında dəfn edilib. Görənlər deyir ki, Malıbəyli qəbiristanlığından içəridə yol gedir. Qəbirlərin arası ilə gedən yolun bitdiyi divar kənarında setka çəkilmişdi. Düz həmin setkanın yanında dəfn edilib. Bu versiyanı əsirlikdən qayıdan əksər şəxslər iddia edir. Ailəsi “AzTimes TV “YouTube kanalında Daxili İşlər Nazirliyinin Malıbəyli qəbiristanlığı haqqında süjetini gördükdən sonra saytımıza müraciət etmək qərarına gəlib. Şəhidimizin oğlu ümid edir ki, bu yazıdan sonra atasının qalıqları tapılaraq ailəyə təhvil veriləcək.
Vaqif Ələkbərova şəhid statusu verilib. Sahil qəsəbəsində onun adını daşıyan küçə var.


Pərvin Abışova/AzTimes.az/


Abunəlik