Qaradağlı soyqırımını törədən 12 nəfər beynəlxalq axtarışdadır

Baxılıb:184
Qaradağlı soyqırımını törədən 12 nəfər beynəlxalq axtarışdadır

“İstintaqla müəyyənləşdirilib ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olmaqla 67 nəfəri qəsdən öldürməklə həyatdan məhrum edib, 2 nəfərə müxtəlif bədən xəsarətləri yetirməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurub, 49 nəfəri isə girov götürüblər. Eyni zamanda, yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar”.

Bu barədə Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

“Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salıblar.

Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

Hazırda hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – deyə Firad Əliyev vurğulayıb.


Abunəlik