Biz nə düşünürüksə, narkotacirlər bizdən bir addım qabaq düşünür”

Baxılıb:492
Biz nə düşünürüksə, narkotacirlər bizdən bir addım qabaq düşünür”

“Biz nə düşünürüksə, narkotacirlər bizdən bir addım qabaq düşünür”-
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Ekspert-araşdırmaçı nələrə diqqət çəkdi ?

Bu gün bəşəriyyətin ən böyük bəlalarından biri də narkomaniyadır. Sürətlə genişlənən bu xəstəlik cəmiyyət tərəfindən çox pis qarşılanır. Müxtəlif yaş seqmentlərini – yeniyetmə, gənc və orta nəslin nümayəndələrini əhatə etməsi həm ailə dəyərlərini məhv edir, həm də dövləti narahat edir. Gündəm olan bu bəla ilə bağlı Narkomaniya üzrə kalifikasiyalı ekspert, araşdırmaçı Emil Maqalovla söhbətləşdik.

  • Narkomaniya nədir ? Vərdişdi yoxsa xəstəlik ?
  • Narkomaniya narkotikdən asılılıqdır. “Maniya” sonluğu varsa, bu vərdiş yox, xəstəlikdir.
  • Narkoman kimdir ?
  • Narkoman nəyisə yoxlamaq istəyən, hər hansı maneəni aşmaq istəyən və qoyulan qanunları pozmaq istəyən səfehdir.
  • Ot, “iynə”, “patı” – bunların hansından daha rahat qurtulmaq olur?
  • Ot, yəni nəşədi. İynəyə gəldikdə 10 cür olur. Ümumi olaraq, patıya nisbətdə isə otdan qurtulmaq olur. Otun da elə ciddi fərqi yoxdu, çünki o da başlanğıcdı.
  • Narkomaniya niyə geniş vüsət alır?
  • Dərin sualdır. Çünki əvvəlki narkotiklərin istifadəsi daha çətindi. Həmin narkotikləri istifadə etmək üçün bir neçə əşya lazım idi. İndi isə amfetamin, metafetamin, “patı”, “şüşə”ni istifadə etmək üçün əlavə vasitəyə ehtiyac duyulmur. İkinci səbəbi narkotik vasitələrin internet üzərindən, kiberyolla daha rahat əldə olunmasıdır.
  • Bəs qarşısını necə almaq olar ?
  • Çoxu deyəcək ki, bunun qarşısını sərhəddə almaq olar. Bu, yanlış fikirdir. Sərhəddə almaq mümkündürsə, niyə İnkişaf etmiş ölkələrdə və Avropada bu problem var ?! Bunun qarşısını niyə ala bilmirlər ?! Yoxsa onlar bizdən pis işləyirlər ?! Yox, sadəcə, biz nə düşünürüksə, narkotacirlər bizdən bir addım qabaq düşünür. Bunun gəlmə yollarının qarşısını almaq dünyada mümkün olmayan bir problemdir. Bu gün gördüyümüz kimi Daxili İşlər Nazirliyi maksimum güc sərf edərək, narkotacirlərin 40-50 faizini yığışdıra bilib. Proses olduqca çətindir. Polis bu sahədə tək mübarizə aparır. Cəmiyyətin onlara dəstəyi olmasa, onlar təkbaşına bacara bilməyəcək. Digər problem narkomanların özünün potensial narkotacirə çevrilməsidir.
  • İran faktorunu daha çox önə çəkirlər…
  • Bu gün sağımız düşmən, solumuz düşmən. Coğrafi vəziyyətimiz onu deyir ki, İran Azərbaycana və gənclərimizə narkotik satışını daha da aktivləşdirmək istəyir. Bu, nə qədər alınır, alınmır, deyə bilmərəm. Buna qarşı mübarizə aparmalıyıq və aparırıq. Narkotik əsasən İrandan Avropa ölkələrinə yayılır. Azərbaycan İrana yaxın olduğuna görə bizdən vaz keçmir. Bu üzdən, İran bizi bir növ zəhərləmək, sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edir. Narkotikin qarşısını almaq üçün 1-ci həmin narkomanların bəzilərini – kiçik də olsa, bəzi liderlərini, cəmiyyətə lazım olanlarını, müalicə edib bu yoldan qaytarmaq, onların vasitəsilə də digərlərinə təsir etmək mümkün və lazımdır.
  • Ölkəmizdə nə qədər narkoman var ?
  • Statistikamızda 36500-dü. Bu rəqəmi 10-a vurmaq lazımdı. Çünki 36500 qeydiyyata düşən narkomanlardı. Reallıqda isə rəqəm çox böyükdü.
  • Bəs narkodispanserlər problemin qarşısını nə dərəcədə ala bilir ?
  • Narkodispanserlərimizdə vəziyyət yaxşı deyil və ya orada yer yoxdu. Narkomanlar həm fiziki, həm psixoloji sağalma mərhələsindən keçməlidir. 30 faizi fiziki, 70 faiz psixoloji asılılıqdı. Bunun üçün reabilitasiya mərkəzləri olmalıdır. Reabilitasiya mərkəzləri yox səviyyəsindədi. Varsa da özəldi, qiyməti 1500 manatdan başlayır. Bu, çox çətin və uzun prosesdir. Narkodispanserləri yenidən açsaq da, buna vaxt lazımdır. Üstəlik, narkoloqlarımız da çox azdır.
  • Ekspert kimi başqa nələrə diqqət çəkmək istəyirsiz və gələcəkdə hansı işlərin görülməsini məqsədəuyğun bilirsiz ?
  • Narkomaniyaya qarşı mübarizə yollarından biri məktəblərdə yuxarı sinif şagirdləri ilə aparılan antinarkomaniya tədbirlərinin formatının dəyişdirilməsidir. Yəni onlarla öz dilində danışmaq – küçə dilində istəyir, küçə dilində, oğru dünyası dilində istəyirsə, o dildə. Hansı dildə başa düşürsə, o dildə başa salmaq lazımdır. Mən son illər bunu məktəblərdə tətbiq edirəm və müsbət nəticələrini də görürəm. Halbuki, əvvəllər bu metod tətbiq olunmurdu. Digər yandan məktəb psixoloqlarının bu haqda məlumatı çox azdı. Mən psixoloqlara təlim keçəndə soruşuram ki, bu haqda niyə məlumatınız yoxdu? “Bu haqda bilsəydik, niyə 300 manata məktəbdə işləyirik ?! Gedib özəl klinikalarda, xəstəxanalarda çalışıb, saata 50-100 manat qazanardıq” cavabını eşidirəm. Məktəb psixoloqları maarifləndirilməli, 1000 nəfərə 1 yox, minimum 3 psixoloq verilməlidir. Eyni zamanda psixoloq peşəkar şəkildə bu kursu-təlimi keçməlidir. Mən bu sahədə yeganə ekspert kimi təkliflərimi vermişəm və bu işə baxılır.

Daha bir yol isə Səhiyyə Nazirliyinin Qlobal Fond tərəfindən maliyyələşən “Zərərin Azaldılması” layihəsinə qoşulan QHT-lərin sayının çoxaldılmasıdır. Bu layihə şprislə yayılan immun çatışmazlığı sindromu İİV ( QİÇS ) ilə əlaqədardır. Məhz şprislərdən düzgün istifadə etməyənlər bu məsələdə önə çıxır. Bu layihədə onlara pulsuz və anonim yardım göstərilir. Pulsuz hüquqşünas, narkoloq, əvəzedici terapiya və tibbi metadon proqramı. Bu haqda sosial şəbəkələrdə məlumat vermişəm. Bu proqramı gücləndirsək, maliyyə ayrtırılsa, uzun-uzadı yolları gözləməyə dəyməz. Sosial işçilərin də sayını artıraraq, bəlanın qarşısını 3 ilə 30-40 faiz almaq olar.

Gənclərin işsizliyi narkomanların sayının artmasına səbəb ola bilərmi ?

Asudə vaxtın düzgün təşkil olunmaması və işsizlik də bu problemin yaranmasında müəyyən pay sahibidi. Amma elələri də var ki, işləyir, işdən sonra gəlib avara dostları ilə oturub narkomaniya ilə məşğul olur.

Sumqayıt şəhərinin narkomaniya ilə bağlı statistikası hansı rəqəmləri göstərir ? Artır yoxsa azalır ?

Yaşadığım Sumqayıt şəhərində də bu gün narkomanların sayı artır. Bu işdə Polis çox iş görür və konkret nəticələr də var. Azərbaycanın müxtəlif şəhər və rayonlarında narkotacirlərin saxlanılması da buna sübutdur. Gərəkdir ki, cəmiyyət də bu məsələdə ümumi görülən işə dəstək olsun.

AzTimes.az


Abunəlik