Aktyor nəvəsinin toyu günü vəfat etdi
AzTimes.az xəbər verir ki ,xalq artisti, Gənc Tamaşaçılar Teatrınin aktyoru Ağaxan Salmanlı vəfat edib. Bu barədə məlumatı teatrın mətbuat xidmətinin rəhbəri Pərvin xanım yayıb. O bildirib ki, dünən nəvəsinin toyunda iştirak edən aktyorun halı səhər saatlarında qəflətən pisləşib və Ağaxan bəy keçinib.
Ağaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilmişdir.6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etmiş aktyorun Suraxanıdan , yaşadığı evdən son mənzilə yola salındıgı bildirilir.
AzTimes.az