“Zəfər Milləti təmənnasız sevənlərin olacaq”-Əbülfəz Elçibəyin qardaşı oğlu Milli Məclisə gəlir-MÜSAHİBƏ

Baxılıb:672
“Zəfər Milləti təmənnasız sevənlərin olacaq”-Əbülfəz Elçibəyin qardaşı oğlu Milli Məclisə gəlir-MÜSAHİBƏ

Namizədlərdən biri də Əbülfəz Elçibəyin qardaşı oğlu, az zamanda çox nüfuz qazanmış təşkilat olan Bəyaz Hərəkatın başqanı Hürrü Əliyevdir.

Hürrü Əliyevi digər namizədlərdən fərqləndirən amil, onun niyyətinin sırf milli-ideoloji dava olmağıdır. Parlamentdə belə mövqeyə çoxdan ehtiyac var.

 Yasamal rayon 15-ci seçki dairəsindən namizədlik vermiş Hürrü bəylə müsahib olduq. Maraqlı  və bilmədiyimiz faktlar və problemlərlə tanış olduq.

– Hürrü bəy, məslək nədir?

-Mən 1992-95-ci illərdə Türkiyə Cömhuriyyəti Ankara Dövlət Unversitetində hüquq ixtisasına yiyələnmişəm.  Sonra Beynəlxalq Universitetdə 2000-2005-ci illər ərzində iqtisadiyyatın hüququ tənzimləməsi üzrə təhsil almışam.Amma bu sahədə heç vaxt çalışmamışam. Əsas  fəaliyyət ictimai-siyasi, ideoloji fəaliyyət olub. Vahid Millət Dövlətçiliyə Dəstək İctimai Birliyi təşkilatında fəaliyyət göstərirəm. 2005 ci ildən ictimai-siyasi  fəaliyyətə atılmışıq. Amma son üç ildə Bəyaz Hərəkatla daha fəal fəaliyyət göstəririk. Bəyaz Hərəkat sırf Azərbaycan, Turan yolunda möhüm rolu olan   müasir ideoloji bir təşkilatdır.

-Necə  oldu deputat olmaq qərarına gəldiniz?

-Biz bu qərar üzərində çox  müzakirələr apardıq.  Bizim hərəkat xüsusən gənclərdən təşkil olunmuş, gənclərin üstünlük təşkil etdiyi bir hərəkatdır. Çox məsləhətləşdik. İstər ərazi baxımdan, istər problemlərin sıxlığı baxımından, istərsə də öz gücümüz baxımından bir aya yaxın müzakirələr apardıq, məsləhətləşdik və bu nəticəyə gəldik. Yasamal mənə doğmadır. Yeddi yaşımdan orada yaşayıram. Demək olar ki, həmin ərazini evbə ev, qapı-qapı tanıyıram. Oradakı bütün problemlər mənə bəllidir.

-Namizədlik verdiyiniz dairənin əhatə etdiyi  ərazidə sizi hansı problemlər narahat edir?

-Bu barədə bir qədər geniş danışacam. Namizəd olduğum ərazidə əksər evlər 1975-ci ildən istifadəyə verilib. 1995-ci ildən isə söhbət gedir ki, binalar plana düşərək söküləcək. Elə mənzillər var ki, beş-altı ailə yaşayır orada.  Yaxud da qeydiyyatdadır.  Biz bunların canlı şahidiyik. Bu evlərin 10%-i  özəlləşib. Qalanları gecəqondulardır. Ən ümdə bu  vətəndaşların haqqının yeyilməməsidir.  Orada söküntü işləri aparılsa evsiz qalma riski böyükdür. Digər problem yol məsələsidir. Həmin məhəllələrdə yollar olduqca bərbad durumdadır.  Hal-hazırda əsas bunlardır.

  Bizim seçicilərin əsas problemi nədir bilirsinizmi? Hüquq. Birinci seçici öz hüququnu bilməlidir və seçdiyi millət vəkilinin səlahiyyətlərinin hansı etapda məhdudlaşdığını bilməlidir. Seçici bunları bilərsə öz seçdiyi vəkildə nəyi tələb edəcəyini bilmiş olar. Millət vəkili də onun seçicisinin  bu sahədə bilgili olduğunu anlayar və  onun istəklərini qanun çərçivəsində yerinə yetirər.  O zaman millət vəkili ilə seçici arasında olan narazılıqlar tamı-tamına aradan qalxmış olar.

 – Millət vəkili kim idi bu dairədən?

-Səhv etmirəmsə Ülvi Quliyev idi. O, bitərəf namizəddir . Bu dəfə də  15 saylı Yasamal seçki dairəsindən dördüncü dəfə   namizədliyini irəli sürüb . 

-Rəqiblərinizi tanıyırsız?

-Bəli. Mustəqil namizəd olmasına baxmayaraq hakimiyyətin dəstəklədiyi namizəd Ülvi Quliyev, Ana müxalifətin – Müsavat Partiyasının  rəhbəri Arif Hacılı, AMİP Milli Şurasının katibi Elşən Mustafayev, Sərdar Cəlaloğludur.  YAP tərəfindən namizədliyi irəli sürülən daha iki namizəd. Demək olar ki,  ən   kəskin mübarizənin baş tutacağı bir dairədir. Biz özümüzə əmin olduğumuz üçün  bu yola çıxdıq. Belə güclü rəqiblərlə mübarizəyə razı olduq. 

-Kimlə debata çıxmaq istərdiz?

-Tam səmimi deyim ki, biz orada rəqib görmürük. Bu baxımdan mən debatı əsassız sayıram . Amma belə lazım olarsa hər kəslə debata hazırıq.

-Siz düşünürsüz ki, sizin platformanız daha güclüdür?

-Baxın. Platforma kağız üzərində olan bir şeydir. Namizəd elə mükəmməl platforma hazırlaya bilər ki. Əgər o platformada olanları həyata keçirə bilməyəcəksə, həmin platforma adi bir kağıza edilmiş cızma-qaradan başqa bir şey olmayacaq. Seçiciyə  verəcəyimiz bir yalan vədimiz bizi millət vəkili yox, prezident belə etsə, biz o yalanı demərik. Biz millətə nə edə biləcəyimizi deyirik. Seçici də bilir ki, biz xalqın içindən çıxmış, onların problem və istəklərindən xəbərdar adamlarıq, onun haqq və hüquqları uğrunda ölümə gedə bilən tərəflərik.  Biz o imici formalaşdırmışıq əməllərimizlə. 

-Təbliğat və təşviqat kampaniyasına artıq start verilib. Siz seçicilərinizlə görüşlər keçirirsinizmi?

-Mərkəzi qərargahdan əlavə ərazidə 3 ayrı qərargahımız var. Kampaniyamız çox mükəmməl səviyyədədir. Gənclər çoxluq təşkil edir. Təsəvvür edin ki, hər qərargahda 20-22 nəfər könüllü gəncimiz bizə yardım edir.   İki gün ərzinə iki min buklet paylanılıb. Nəzərə alsaq ki, 19-20 yanvar Azərbaycanda hüzn günü olduğu üçün biz həmən günlər heç bir təbliğatla məşğul olmamışıq, şəhidlərimizi ziyarət etmişik. Seçki kampaniyamız həm sosial şəbəkələr üzərindən, həm də belə gedir.  Biz   bəzi namizədlər kimi  tanıdığımız 200-300 adamı yığıb  formal görüşlər keçirmirik. Görüş zamanı 200 seçici olursa, ondan cəmi 2 və ya 3 nəfər namizədi müşaiyyət edən nümayəndə olur.  Biz əsas vaxtımızı seçiciləri tanımağa sərf edirik. Çünki parlamentdə üzümüzə gələn beş ildə biz onları təmsil edəcəyik. O baxımdan seçicimizi yaxından tanımalıyıq,  ki, onun problem və istəklərini əzbər bilməliyik ki, onu layiqincə təmsil  edə bilək.

-Sualıma səmimi cavab istəyirəm. Seçkinin şəffaf keçiriləcəyinə inanırsınızmı?

-Cavabım səmimi olacaq( gülür).  Məsələnin çox maraqlı və vacib tərəfini vurğuladınız.  Bax bu gün namizədlərin ən çox əziyyət çəkdiyi məsələ seçicinin yorulması və xəyal qırıqlığına uğramasıdır. Seçici artıq fərqinə varmır ki, bu iqtidar nümayəndəsidir, ya müxalivət.  Seçici inamsızlığını açıq-aşkar bəyan edir ki, biz səsimizi kimə də versək istənilən , nəzərdə tutulan adam seçiləcək.  Bu gün Azərbaycanda seçki reallığını da, seçicinin seçkiyə münasibətini də gözəl bilirik, seçkinin necə keçdiyini də gözəl bilirik.  Amma bizim dairədə ümidlərimiz və inamımız çoxdur bu seçkiyə.

-Səbəb?

-Səbəb odur ki, bizim namizəd olduğumuz dairədə əksəri demokratdır. Bu baxımdan şəffaflıq təmin olunacaq. Çünki bu dairəyə ictimaiyyətin də , medianın da , müxalifətin də, beynəlxalq təşkilatlarında , iqtidarın da  nəzarəti çoxdur.  15-ci dairə çox ciddi bir dairədir. 

-Sizcə seçkinin  saxtalaşdırılmasında xalqın rolu yüksək deyilmi?

-Razıyam. Bizim dairədə 44000 seçici var. O seçicinin heç olmasa 70%- iştirak etməlidir. Halbu ki   50% iştirak edir , ya etmir. Biz hal-hazırda o iştirak edənləri yox, yedə qalan passiv qüvvəni ora gütirmək uğrunda çalışırıq.  Biz o seçicilərdə inam yaratmaq uğrunda  mübarizə aparırıq.  Və sonda bir şeyi demək istəyirəm. Biz öz haqqımızı, öz iradəmizi, öz seçicimizi , öz səsimizi ortaya qoyacağıq.Bizlər heç kimin haqqına, hüququna toxunmadan bu seçkini qələbə ilə başa vurmağı düşünürük.  Tam qanuni qaydada hərəkət edəcəyik. Yenə də hər kəsi öz vicdadına buraxırıq.

Pərvin Abışova /AzTimes.az/

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir