Coşqun İsmayılov: “Azğın insanlar necə meydana çıxır?”

Baxılıb:515
Coşqun İsmayılov: “Azğın insanlar necə meydana çıxır?”

 

Azğınlığın anatomiyası.

Son zamanlar tez-tez zorakı xarakterli cinayətlərin, amansızlıqla törədilən qətl hadisələrinin mediyada şahidi oluruq. Tarixdən bizə məlumdur ki, bu qəbil cinayətlər, hətta bundan da dəhşətliləri dünyanın fərqli coğrafiyalarında törədilmişdir. Son illər müşahidə olunan hadisələr bunun yaxın şərqdə də geniş yayıldığını göstərdi. Bəs, bu cinayətləri törədən necə meydana çıxır? Görəsən onlar coğrafi, iqtisadi və ya fiziki faktorlardan dolayı bu cür cinayətkarlara çevrilirlər, yoxsa elə manyak olaraq doğulurlar? Bu barədə bir çox araşdırmalar vardır. Belə başa düşülür ki, azğın insanlar hər dövürdə mövcud olmuş, zərərverici istəklərini latent şəkildə gizlədib illərlə içlərində bloklamış və imkan düşən zaman ortaya çıxarmışlar. Yəni, mühitin hüquqi faktorlarından, imkan və şəraitin yaranıb-yaranmamasından asılı olaraq bu cür cinayətlərin də maştabı artıb-azalmışdır.

Axır illərdə dünyada baş verən bu tip cinayətlərin əksəriyyətinin qadınlara və uşaqlara qarşı törədildiyi bəllidir. Belə zorakılıqlar təkcə cinsi təcavüzlə məhdudlaşmır. Psixoloji şiddət, fiziki şiddət, iqtisadi şiddət, hüquqlara qarşı şiddət, ayrıseçkilik və s. – cəmiyyətdə bunların hər birinə rahat yanaşılması və normallaşdırılması təcavüz hallarının da artamsına səbəb olur. Təcavüz əsla cinsi akt deyil, azğınlıq halıdır. Bu, onu törədən fərdlərdə çox vaxt uşaqlıq və yeniyetməlik dövürləri arasında yaranmış travmatik düşüncə və ya emosional istismar nəticəsində aktivləşir.

Təcrübə göstərir ki, azğın insanlar başqa canlılara qarşı da amansız olurlar. İnsanlara qarşı vəhşilik törətmək istəklərini cəzalanmaq qorxusundan və ya kütləvi qınaqdan qorxaraq saxlaya bilsələr də, bəzən bunu heyvanlar üzərində rahatlıqla edirlər. Alman filosofu Artur Şopenhauer “Əxlaqın təməli” adlı kitabında yazır: “Heyvanlara qarşı mərhəmət, xarakterin gözəl olması ilə sıx bağlıdır. İnamla əmin ola bilərsiniz ki, heyvanlara qarşı qəddarlıq edən kəs, əsla yaxşı insan ola bilməz.”

Azğın insanlar necə meydana çıxır?

Azğınlığın səbəblərini həm bioloji, həm də ətraf mühit amillərinə aid etmək olar. Ətraf mühit amilləri bunun meydana gəlməsində daha təsirli rol oynayır. Bir çox hallarda, azğınların uşaqlıq dövründə pozulduğu ehtimal olunur. Uşaqlıqda şiddətə qarşı mübarizə apara bilmədikləri üçün yetkinlik yaşlarında qurban rolundan imtina etmək istəyirlər. Beləcə uşaqlıqda şiddətə, cinsi təcavüzə, təhqirə və ya ağır işgəncəyə məruz qalan bəzi fərdlər, bu travmaları başqalarına da yaşadırlar. Aparılan araşdırmalara görə azğın şəxslərin beyin strukturunda anormallıqlar mövcud olur. Bu anormallıqların da əsasən beynin inkişafı zamanı meydana gələn travmalardan qaynaqlandığı düşünülür. Bu anormallıqlar onların daha impulsiv davranmalarına səbəb olur. Lakin onları tanımaq həmişə asan olmur. Onlar çox vaxt savadlı, intellektli və ziyalı şəxslər də ola bilirlər. Şəxsiyyət etikasına yiyələnərək xarakterlərini şəxsiyyətlərinin altında gizlədə bilirlər. Bu baxımdan amansızlıqla törədilən cinayətlərin tədqiqatı zamanı, şübhəlilərin psixoloji keçmişini də araşdırmaq lazımdır.

İnsanların azğına çevrilməsinin qarşısını necə almaq olar?

Alman psixoloqu Arno Qryun Empatiyanın itirilməsi adlı kitabında qeyd edir ki, “Zorakılığın və dağıdıcılığın təməli, uşaqlarımıza olan münasibətimizin formasından qaynaqlanır”. Yəni, uşaqların düzgün yetişdirilməməsi, ruhi vəziyyətləri ilə maraqlanılmaması və ya işgəncəyə məruz qoyulması gələcəkdə onların azğına çevrilməsinə şərait yaradır. Adi ev heyvanlarını belə körpəlikdən müəyyən qaydalara öyrətməyəndə, gələcəkdə onların “dilbilməzlikləri” ilə qarşılaşırıq. Onlara işgəncə veriləndə isə quduzlaşma təhlükəsi yaranır. İbtidai varlıq olan uşaqlar da düzgün yetişdirilmədikdə arzuolunmaz xarakterə yiyələnirlər. Ona görə də uşaqların psixoloji vəziyyətini nəzarətdə saxlamalı, başlarına bir hadisə gəldikdə və ya başqalarına qarşı anormal hərəkətlər etdiklərini bildikdə, hər hansı böhran keçirdiklərini, məyus olduqlarını gördükdə onlarla müzakirə aparmalı, dəstək olmalı və lazım olarsa psixoloji mərkəzlərə aparmaqdan boyun qaçırmamalıyıq. Çünki, eynilə böyüklər kimi uşaqlarda da hiss və emosiyalar mövcuddur. Sadəcə, bunu ifadə etmək üçün çox vaxt sözlərdən istifadə edə bilmir, bəzən də ifadə etməkdən çəkinirlər. Uşaqların hissləri və daxili düşüncələri ilə maraqlanmaq valideyn və tərbiyəçilər üzrəyində əsas vəzifələrdən biri olmalıdır.

Uşaqların zərərli materiallarla təmasda olması, yaşlarına uyğun olmayan təhlükəli oyun, video, şəkil və s. kimi şeylərə baxması onların düşüncələrində mənfi dəyişikliyə səbəb olur. Belə ki, uşaq beyinləri çox erkən vaxtda, heç bir təcrübə olmadan yüksək levellərin məlumatları ilə yüklənir. Bu da onların gələcəkdə şəxsiyyət problemi yaşayacaqları təhlükəsini yaradır. Ona görə də azyaşlıların internetə girməsini diqqətdə saxlanılmalıdır. Məsələn, adi YouTube tətbiqi əvəzinə “YouTube Kids”dən istifadə etmələrini təmin etmək, Facebook və Instagram kimi şəbəkələrə daxil olmalarına xüsusi nəzarət etmək lazımdır. Onları daha çox mütaliəyə, idmana öyrətməli və öz həmyaşıdları ilə real həyatda sosiallaşmaları təmin edilməlidir. Əgər biz xalqımızın gələcəkdə sağlam ruhlu və şəxsi keyfiyyətə malik insanlardan təşkil olunmasını istəyiriksə, uşaqların həssas məsələlərinə qarşı diqqətli olmalıyıq. Unutmayaq! Bu günümüz keçmişimizin, gələcək də bu günümüzün əsəridir.

Coşqun İsmayılov


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir