Razi Nurullayevdən Ədliyyə Nazirliyinə sərt tənqid: “Ad seçiminə niyə mane olmalıdır?” – MÜSAHİBƏ

Baxılıb:438
Razi Nurullayevdən Ədliyyə Nazirliyinə sərt tənqid: “Ad seçiminə niyə mane olmalıdır?” – MÜSAHİBƏ

Bu gün ölkədə ictimai nəzarət əsas müzakirə mövzularından biridir. Bu mövzuda Cebhe.info-nun müsahibi Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev olub. R.Nurullayevlə ölkəmizdə vətəndaş cəmiyyətinin vəziyyəti, QHT-lərin fəaliyyəti ilə bağlı söhbətləşdik.

  • Razi müəllim, siz uzun müddət QHT sahəsində olmusunuz. Sonra siyasətə transfer etmisiniz. Hazırda isə Milli Məclisin üzvüsünüz. Vətəndaş cəmiyyətindən getdinizmi?
  • Bu gün də özümü vətəndaş cəmiyyətindən ayırmıram və hər zaman bu sektorun yanındayam. Bildiyiniz kimi, 2009-cu ildən başlayaraq “İctimai təşkilatlar haqqında” Qanuna məhdudlaşdırıcı müddəalar əlavə edilməyə başladı və 2014-cü ildə isə qanun o qədər sərtləşdirildi ki, fəaliyyət göstərmək üçün yer qalmadı. Qeyri-hökumət təşkilatı deyəndə hökumətin xeyli üzvləri, yerlərdə olan icra hakimiyyətləri və digər dövlət qurumları onları anti-hökumət kimi başa düşüb sıxışdırdılar. Xarici donorlar sözün əsil mənasında ölkədən qovuldu və fəaliyyətləri qeyri-rəsmi olaraq qadağan edildi. Hökumət belə iddi irəli sürdü ki, QHT-lər qrant alır və müxalifəti maliyyələşdirir. Proseslərin iştirakçısı olaraq deyə bilərəm ki, bu iddiaların QHT-lərin ən azı 95 faizinə heç bir aidiyyəti yox idi. Vətəndaş cəmiyyəti təşkilatları siyasi partiya üzvlərini hansısa təlimə və ya konfransa dəvət edirdilər və bu da qanunla qadağan edilmiş fəaliyyət deyil. Seçki zamanı isə müşahidəçilər hazırlayır, monitorinq aparır və hesabat təqdim edirdilər. Yəni qanunsuz bir fəaliyyət yox idi.
    Ədliyyə Nazirliyi QHT-lərin fəaliyyətini daha yaxından izləmək istəyirdisə, o zaman onları qeydiyyata alaraq, hüquqi müstəvidə fəaliyyət göstərmək üçün şərait yaratmalı idi. Amma bu günə qədər qeydiyyat məsələsi də problem olaraq qalır.
  • QHT-lərin qeydiyyat probleminin olduğunu dediniz. Vəziyyət kritikdirmi? Bir də qeyri-hökumət təşkilatları sözünü “antihökumət təşkilatları” sözü ilə eyniləşdirdiniz. Doğrudanmı belədir?
  • Hələ də QHT-lərin qeydiyyat məsələsi həll edilməyib. QHT-ni qeydiyyata almaq üçün gərək hakimiyyətin yuxarı eşalonunda oturanlardan icazə alınsın. Mən bunu doğru saymıram. Ona görə ki, qanunun aliliyi pozulur. Hansı qanunda yazılıb ki, təşkilat qeydiyyatdan keçirmək üçün yuxarı eşalonlardan icazə almalısan? Niyə hüquqi dövlətdə yazılmayan qanunlar yazılı qanunlar üzərində hökmranlıq edir? Niyə Ədliyyə Nazirliyi QHT-lərin ad seçiminə mane olmalıdır? Bir təşkilatın adında insan hüquqları və demokratiya sözü görən kimi başlarına cin vurur. Bu sözlərə hörmət qoyan ölkələr bütün dünyada dəyərləndirilir. Hakimiyyət də demokratik ölkə olduğunu və insan hüquqlarına hörmət etdiyini deyir. Bəs bu sözlərdən qorxmaq nəyə gərəkdir? Ümumiyyətlə, Ədliyyə Nazirliyinin ad seçiminə müdaxilə etməsi ciddi qanun pozuntusudur.
    Bu gün yüzlərlə müraciət etmiş, amma qeydiyyata alınmamış QHT-lər var. Mən bir il yarım parlamentdə olduğum müddətdə ən azı 5 dəfə bu məsələni ən kəskin şəkildə qaldırmışam. Ümidimizi itirməmişik.

Hələ 90-cı illərdən başlayaraq “qeyri-hökumət təşkilatı” sözü “antihökumət” kimi başa düşüldü. Yerlərdə hələ də elə icra strukturları var ki, onları belə qəbul edir. İcazəsiz tədbirlərin keçirilməsinə uzun müddət qadağa qoyulub. Mən əslində istərdim ki, qeyri-hökumət sözünü dəyişib başqa bir terminlə əvəz edək. Ən uğurlu termin qeyri-kommersiya təşkilatı terminidir və bu məsələni də parlamentdə müzakirəyə çıxarmağa çalışacağam.

  • Sizcə 2009-cu ildən bəri nə qədər QHT bağlanıb və ya sıradan çıxıb? Bu tendensiya iş yerlərinin bağlanmasına gətirib çıxarıbmı?
  • 2000-ə yaxın QHT fəaliyyətini dayandırıb və ya ölkəni tərk edib. 30-a yaxın beynəlxalq təşkilat və donorlar öz ofislərini bağlayıb və fəaliyyətini dayandırıb. Yüzlərlə xarici fondlar isə Azərbaycanla işbirliyinə son qoyub. İşləmək istəyənlər isə çox çətinlik və məşəqqətlə üzləşir. Demək olar ki, əksər Avropa dövlətlərinin səfirlikləri təşkilatlara kiçik və böyük qrantlar təklif edərək vətəndaş cəmiyyətinin ayaqda qalmasına kömək edirdilər. Hər şey məhv oldu və işlər dayandırıldı.
    Yerdə qalan və fəaliyyətini davam etdirən QHT-lər isə çox zəifləyib və demokratik təsisat kimi gücünü itirib. Çünki onların fəaliyyəti üçün maliyyə resursları məhduddur. Daxili resurslar bir neçə dövlət fonduna bağlıdır və onların maliyyə dəstəyi isə birdəfəlik və azmüddətlidir.
    Qeyd edim ki, bu qədər yerli və xarici təşkilatın bağlanması birbaşa 50 minə yaxın, dolayısı iləsə 200 minə yaxın iş yerinin bağlanması deməkdir. Bəzi ekspertlər 300 minə yaxın iş yerinin bağlanmasını bildirilər. Dəqiq statistika yoxdur.
    Bu çətinlikləri nəzərə alaraq parlamentdə məsələ qaldırmaqda davam edirik ki, bu məhdudlaşdırıcı qadağalar aradan götürülsün və vətəndaş cəmiyyətinin inkişafı üçün tam şəffaf və əlverişli şərait yaradılsın. Ümid edirəm ki, bununla bağlı nəticələr olacaq. Vətəndaş cəmiyyətinin səsini çatdırmaqla yanaşı, artıq bu yöndə müzakirələrin getməsinə də cəmiyyət olaraq nail ola bilmişik.
  • Bir çıxışınızda qeyd etmişdiniz ki, vətəndaş cəmiyyətinin bu kökə salınması ölkənin gələcəyi üçün çox təhlükəlidir. Bu, nə deməkdir?
  • Vətəndaş cəmiyyəti demokratik təsisatları yaradır və cəmiyyətdə sosial-iqtisadi, humanitar və siyasi dəyişiklikləri daha rahat həyata keçirməyə imkan verir. Vətəndaş cəmiyyəti və demokratik təsisatlar olmayan ölkələrdə bütün növ dəyişikliklər ağrılı və bəzən isə katastrofik olur. Bizim ölkəmizdə də vətəndaş cəmiyyətinin zəifləməsi və sıradan çıxarılması dövlətçiliyimiz üçün təhlükəlidir. Ona görə də vətəndaş cəmiyyəti institutlarının və demokratik təsisatların güclənməsində maraqlıyıq.
  • Qeyri-hökumət təşkilatlarının “bir pəncərə” sistemi yaradılıb və az qala bütün QHT-lər bu qərarı “inqilabi” adlandırdılar, tərif dedilər və elə sevindilər ki. Nə dəyişdi?
  • Heç nə dəyişmədi. İnternet üzərindən kağız-kuğuz işi çoxalıb. Düzdür, “bir pəncərə” sisteminin bəzi elementlərini mütərəqqi qəbul etmək olar, ancaq onlar detallardır və problemin həllinə heç bir faydası yoxdur. Elektron qaydada qəbul edilən sənədlə nəticəyə nail olmaq mümkün deyilsə, nə mənası? Vətəndaş cəmiyyətinin problemi asan yolla sənəd vermək deyil, azad və sərbəst fəaliyyət göstərmək, dünya QHT-ləri ilə əməkdaşlıq etmək, beynəlxalq donorlarla əməkdaşlıq qurub vəsait əldə etmək, müdaxiləsiz fəaliyyət göstərməkdir. Bu isə yoxdur. Sənədin onlayn verilməsinin qərara təsiri yoxdur. İmtina almaqda davam edəcəksən.
  • QHT-lər heç bir yolla xaricdən vəsait ala bilmir, yoxsa alanlar da var?
  • Mən bunun monitorinqini aparmıram deyə dəqiq cavab verə bilmərəm. Amma yəqin ki, alanlar var və müxtəlif yollardan istifadə edirlər və bu, heç də asan yol deyil. Xaricdən vəsait alsalar da, onu həyata keçirmək və vəsaitə çıxış əldə etmək üçün ola bilsin ki, qeyri-şəffaf yollardan istifadə etməyə vadar edilirlər. Şəffaflıq və hesabatlılıq demək olar ki, yoxdur. Gizlin və qeyri-şəffaf yollarla həyata keçirilən işlərin faydası da azdır. Amma buna görə QHT-ləri qınamıram. Onlar bu sahəni bilir və həvəslə etdikləri işdir. İndi gedib başqa peşə öyrənsinlər?
    İctimai təşkilatlara tətbiq edilən hüquqi məhdudiyyətlər tam aradan qaldırılmalıdır. Dünyada koronavirusla mübarizə üçün milyardlarla vəsait ayrılıb. Niyə bizim ictimai təşkilatlar bu fondlardan yararlanıb ehtiyaclı ailələrə kömək etməsinlər? Axı niyə hökumət hər problemə özü yüklənsin? Mövcud resurslardan niyə istifadə olunmasın? Niyə bizim təşkilatların o fondlardan maliyyə alıb ehtiyaclı insanlara kömək etməsi əngəlləndi və əngəllənməkdə davam edir?
    Avropa Komissiyasının “Horizon 2020” proqramı 2014-2020-ci illərdə 60 milyard avro qrant verib. Proqram başlayan il Azərbaycanda qanun lap sərtləşdirildi. Bizim alimlər, institutlar, universitetlər, vətəndaş cəmiyyəti, elm mərkəzləri bundan istifadə edə bildimi? Xeyr! Edə bilmədilər. Yaxşı olardı ki, Ədliyyə Nazirliyi bununla bağlı məlumat versin və bilək ki, Azərbaycan bu vəsaitlərdən yararlana bildimi və məbləğ nə qədərdir.
    Bu gün dünyada yüz milyardlarla vəsait qrant formasında paylanılır. Vətəndaşlar, təşkilatlar xeyriyyə təşkilatlarına pul köçürürlər və onlar da bunu aidiyyəti üzrə xərcləyir. Bizim ölkəmizdə vəziyyəti elə yerə çatdırdılar ki, heç kim xeyriyyəçiliklə məşğul olmaq istəmir. 2020-ci ildə Amerikada xeyriyyə fondlarına və təşkilatlarına verilən vəsait 471 milyard olub. Amerikanı ayaqda tutan budur. Dünyada xeyriyyəçilik və əvəzsiz verilən bu vəsaitlər bütün ölkələr üzrə yəqin ki, 800 milyard dollara yaxındır. Bu vəsaitdən bizim vətəndaş cəmiyyətinə nə qədər çatır? Heç nə. Qanunlarımız qoymur. Bu, dözülməz haldır.
  • Prezident İlham Əliyev bildirib ki, ictimai nəzarət vacibdir və aidiyyəti vətəndaşlar, təşkilatlar ictimai nəzarətlə məşğul olsunlar. Amma bəzən ictimai nəzarətdə müxtəlif problemlər yaradılır. Bu məsələyə münasibətinizi bilmək istərdik…
  • Təbii ki, Prezidentin fikrinə münasibətim müsbətdir. Gəlin görək bunu həyata keçirmək mümkün olurmu? Xeyr. Çünki professional təşkilatlar artıq yoxdur, ya da son çabalarını edir. Əvəzində kimlər meydana çıxır? Fırıldaqçılar. İctimai nəzarət adı altında iki qurum fəaliyyət göstərməyə başladı, özlərini Prezidentin yaratdığı qurum kimi qələmə verib fırıldaqçılıqla və korrupsiya ilə məşğul oldular. Hər iki qurumun rəhbəri artıq həbs edilib.
    İctimai nəzarəti həyata keçirmək üçün professionallıq lazımdır. Vəsait olmadan isə hansı professional yanaşmadan söhbət gedə bilər? Hökumət təşkilatları qrant ayıra bilər, amma QHT-nin sərbəstliyi və neytrallığı itmiş olur. Aldığı vəsait naminə problemlərə göz yumacaq. QHT maliyyə cəhətdən asılıdırsa və aldığı məbləğə görə təlimatla işləyəcəksə, hansı ictimai nəzarətdən söhbət gedə bilər?
    İctimai təşkilatlar yeganə olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sayəsində nəfəslik ala biliblər. Məhdudiyyətlər xarici fondlardan maliyyə vəsaitinin alınmasını qadağan edir. Bu qadağa nəticəsində professional ictimai nəzarət yox olub.
  • Nə təklif edirsiniz?
  • Məhdudiyyətlərin tətbiqi nəticəsində nə baş verdi? “Rəngli inqilab”lara dəstək verdiyi deyilən təşkilatlar yenə də maliyyələşə bilir. Daha nə dəyişdi ki? Əvəzində bütün neytral və professional təşkilatlar sıradan çıxıb. QHT-lərə, fondlara və beynəlxalq donor təşkilatlarına tətbiq edilən məhdudiyyətlərin təmamən aradan qaldırılmasını təklif edirəm. Beynəlxalq təşkilatların Azərbaycanda yenidən ofis açması üçün stimullaşdırıcı addımların atılması vacibdir. Bu, on minlərlə iş yerinin açılması, demokratik inkişafın, dəyərlərin güclənməsi və təsisatların möhkəmlənməsi deməkdir.
    Eyni zamanda, şirkətlərin yanında fondların yaradılmasının stimullşadırılmasını təklif edirəm ki, biznesini ora köçürülən vəsaiti də vergidən təmamən azad edilsin. Qoy şirkətlərin öz nəzdlərində yaradacaqları ictimai fondlar da minlərlə ailələrə kömək etsinlər. Bu məsələnin qanuniləşdirilməsi üçün də parlamentdə çıxışlarım olub.
    • AzTimes.az

Abunəlik