Missiyanın ən ağırı…YAŞAT(maqdır)!..

Baxılıb:313
Missiyanın ən ağırı…YAŞAT(maqdır)!..

YAŞAT fondunun rəhbəri Elvin Hüseynov: Qalib şəhidin balasını qucağına alanda adama elə gəlir, qələbəni qucaqlayırsan…

Ön söz: YAŞAT fondu ilk təsis ediləndə ölkədə elə vəziyyət idi ki, ən kasıb Azərbaycan vətəndaşı belə olanını fəda eləməyə hazır vəziyyətdə dayanmışdı. Fonda ianələrin böyük hissəsi məhz ondan gəldi, XALQdan. O xalqdan ki, öz dövlətinin binövrəsini laxladanlara əməlli dərs keçdi. Otuz ilə qədər işğalda qalan torpaqları qanı, canı və komandan iradəsi ilə azad elədi. Bu gün yashat.gov.az saytı üzərindən YAŞAT fondu həm də o insanlara hesabatını təqdim edir.

Fondda nə qədər vəsait cəm olub?

Onun nə qədəri artıq sərf edilib?

Hansı istiqamətə xərclənib?

Nəticələr hansıdır?

Nə qədər kredit haqqı ödənib və ya hansı banklar, hansı məbləğdə kreditləri özləri qapadıb?

Hətta ölkənin hansı iri və özəl şirkətləri, diaspora simaları, dünyada yaşayan hansı azərbaycanlı, qazi və şəhid ailələrinə necə dəstək verib?

Hər biri son qəpiyinə kimi yazılı hesabatlardadır.

HESABATDAN FRAQMENT: Fondun ən son hesabatında qeyd edilir ki,

2906 şəhid ailəsi ziyatər edilib;

-3416 müraciət qeydə alınıb;

-7630 nəfər müraciətlərinə əsasən öhtəliyə alınıb;

– 9 itkin ailəsi nəzarətə götürülüb;

-100-dən artıq atasının şəhadətindən sonra dünyaya gələn körpə fondun himayəsinə alınıb.

Sonunculara ilkin olaraq 5000 manatlıq hesab açılıb. Hər ay hesaba 1000 manat məbləğində vəsait yatırılır. Bu həddi-buluq yaşında həmin övladların təhsil almasına və ya gələcəyini qurmasına ciddi maliyyə dəstəyirdir. Bundan başqa, fondun rəsmi saytı son dərəcə modern bir layihədir. Saytda,

-Görmə əngəllilərin məlumat ala bilməsi imkanı da nəzərdə tutulub;

-Görülən işlərin hesabatı əlavə edilib;

-Çağrı xidməti haqda məlumatlar verilib;

-Onlayn, yazışmalı müraciət, sual-cavab üçün imkan yaradılıb.

Bunlar məsələnin rəsmi, yəni rəqəmli tərəfi idi. İndi gələk ona ki, kimdir yaşatçılar? Necə yarandılar? Bu heyət necə bir yerə cəm oldu? Bunun üçün Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə. YAŞAT fondu hələlik agentliklə eyni binada fəaliyyət göstərir. Fondun rəhbəri Elvin Hüseynovla söhbəti diqqətinizə təqdim edirik:

-Elvin bəy, siz ixtisaslı hərbçisiniz, səhv etmirəmsə hətta qazisiniz, belə bir fond quulacağı, sizni də ona rəhbər olacağınız təklifi gələndə, reaksiyanız necə oldu?

– Fond yarananda məni dövlət agentliyinin rəhbərliyi çağırdı. Təklif ediləndə, düzü bir neçə saniyə düşündüm. Bilirsiniz ki, Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirmişəm. Oranı eyni ildə bitirdiyimiz yoldaşlarım arasından qazisi də var, sağlamlığını itirənləri, şəhidi də. Ən yaxın, dost bildiklərim sırasında əllərimlə məzara qoyduqlarım oldu. Bəlkə inanmayacaqsınız, rəhbərliyin təklifi və o saniyələr içində hər biri gözümün qarşısından film lenti kimi keçdi. Ona görə qəbul elədim təklifi. Düzü təklif yox, bu missiyadır, çağırışdır. Belə müqəddəs çağırışa yox  demək mümkün deyil. Ona görə ki, o şəhid ailələrinə, qazilərə, yaralılara xidmət gösrətmək, dəstək olmaq üçün yolu adama Tanrı açır. Tanrı yolundan qaçmaq olmaz. Mən bu yolda ən doğru addımları atacağımdan adım kimi əminəm. O insanların qayğı və problemlərini son dərəcə gözəl anlayıram, çünki özüm də qaziyəm. O yaraların bədəndə, ruhda, beyində necə ağrıdığını yaxşı bilirəm, bunlar mənim yaşadıqlarımdır. Mən əzizini itirməyin ağırlığını çox gözəl anlayıram, çünki qardaşdan artıq bildiklərimi məzara endirmişəm. Yəni şəhid ailəsinin, qazinin durumunu yaşamışam. Çox sevinirəm, bu gün fondda elə bir sistem qurulub ki, rəhbərlik olmasa belə, sistem işini görəcək.

-Maraqlıdır, bu sistemi necə qurdunuz? Qısa zamanda sürətli yardımın təşkili ağır məsələdir. Üstəlik düşünəndə ki, bu yardımlar bir Bakı şəhəri üzrə deyil ümumrespublika üzrə ediləcək, bu ikiqat ağır məsələdir…

-İlk günlərdə, təxminən 2021-ci il martın sonuna qədər el gün olub, evə də getməmişik. Müraciətlər sonsuz idi. Onları araşdırıb yönəltmək ağır və məsuliyyətli iş idi. Bu sistemi qısa zaman ərzində vicdanlı bir heyətlə otuzdurmaq öhtəliyi çətin idi. Şükürlər olsun, alındı. Bir də komandanı formalaşdırmaq məsələsi vardı gündəmdə. Bizə işi bilən, ASAN-ın iş üslubu və sistemi ilə tanış olan kadrlar gərək idi. Həm də düşünürdük ki, fondda elə adamlar çalışsın, onlar, qazi və şəhid ailələrinin dərdini, qayğısını həssaslıqla qarşılasınlar. Problemlərin həllində can yandırsınlar. Bunun üçün ən yaxşı vasitə o ailərin üzvlərini prosesə cəlb etmək idi. Onda da belə bir sual çıxdı qarşımıza, qısa zaman kəsiyində onlara ağır və ağrılı bir porsesdə iştirakçı olmaq texnikasını necə öyrədək? İşi öyrənib sonra fəaliyyətə başlamaq xeyli zaman aparacaqdı. Odur ki, belə bir qərar alındı, ASAN-ın daxilində şəhid və qazi ailələrindən olan, sistemi bilən kadrlardan Bakıda və bölgələrdə istifadə edək. Qısa zaman kəsiyində biz şəhid və qazi ailəsinin üzvü olan ASAN əməkdaşlarını araşdırdıq. Onları YAŞAT fonduna transfer edildikləri barədə məlumatlandırdıq. İndi təxminən 20 nəfərlik ştat vahidimiz var. Amma bu böyük işi iyirmi nəfərlə icra etmək olmaz. O üzən biz yuxarıda da qeyd etdiyim kimi ASAN-ın yerlərdəki əməkdaşlarından və sosial işçilərin xidmətindən də istifadə edirik.  Bu şərəfli olduğu qədər ağır prosesdir. Təsəvvür edin, qazi var, fiziki sağlamlığını itirib. Qazi var, həftələrlə komada qalıb, baş nayihəsindən ağır yara alıb. Qazi var, iki ayağını da itirib, qazi var ayağı amputasiya edilməsin deyə iyirmi üç əməliyyat keçirib. Bədəndən müxtəlif nayihələrə damar, dəri, əzələ köçürülməsi kimi ağır əməliyyat yaşayan qardaşlarımız var. Hər birinin yanında olmuşuq. Yüzlərlə ailəyə dəstək verməyə çalışmışıq. Hərdən əməkdaşlarımızı özlüyümdə analiz edirəm. Baxırsan ki, beş aylıq və ya yaş yarımlıq körpə olanda atası şəhid olub. Əməkdaşımız var iki əmisi şəhiddir. Əməkdaşımız var, atası, qardaşı milli qəhrəmandır. Əməkdaşımız var, özü qazidir. Məsələn, bəzən olur, müraciət edirlər, baxıram bizim beş aylıq olanda atası şəhid olan əməkdaşımızın ailəsində yaşadığı problemin eynisidir. Həmin məqamda məhz ondan soruşuram ki, sizə necə davranıldı? Siz onda nə umur, nə istəyirdiniz? İnanın ki, o əməkdaşın məsləhəti bəzən o anda çox böyük effekt verir. Baxın, həmin problemi oturub özün araşdırmırsan. Yaşayandan neynəmək lazım olduğunu soruşursan və əməl edirsən. Beləcə, tərəflər razı qalmış olur.

-Qarabağ savaşının bu günki nəticələrini qəbul edə bilməyənlər var. Onların bir işi də qazilər, şəhid ailələri ilə bağlı belə deyək, yardımların qüsurlu olmasını, hətta bəzən yardım edilməməsini dilə gətirməkdir. Düzü gerçəkdən belə ailələrin olması da istisna deyil. Hərdən adamların narazılıq dolu çıxışlarını eşidirik. YAŞAT bu məlumatları araşdırırmı? Çünki ölkədə əsas statistik və yardım bazalarından biri məhz YAŞATdır.  Üstəlik bu cür addımlar təkcə dövlətin yox, fondun da fəaliyyəti ilə bağlı qara piardır. Və bu arada, birinci Qarabağ savaşı qazi və şəhidləri ilə də ünsiyyəti, əlaqəsi varmı fondun?

-Bölgələrdə, şəhid, qazi ailələrində olanda bir şeyə şahid oluram. Birinci Qarabağ savaşı qaziləri, şəhid ailələrinin üzvləri deyir ki, illərlə arzulamışıq, belə bir fondumuz olsun, ətrafında birləşək. Qayğımızı, sözümüzü deməyə yerimiz olsun. Yəni bu gün bu fond hamınındır. Qazilərin, şəhid ailələrinin və xalqın. Dediyiniz birinci məsələyə gəlincə, qara piar və narazı ailələrə “canıyananlara”. Əslində biz bu məsələni indiyəcən ictimailəşdirmədən araşdırırdıq. Ancaq bəzən elə məsələlər olur ki, onu demək son dərəcə vacibdir. Məsələn, bu yaxınlarda belə bir məlumat yayıldı. Baxın biz neynədik? Əvvəla o şəhidin ailəsini naxoş duruma salmamaq üçün adlı açıqlama vermədik. Amma həmin xəbəri yayan şəxsin özünə dəqiq,  müfəssəl bilgi verdik vəziyyətlə bağlı. Əslində durum tamamilə fərqli idi. Biz istənilən yardımla bağlı videoformatı, hətta ödənişlərin qəbzini belə mediaya, fonda ianə edən şəxslərə təqdim etməyə hazırıq. Burada qapalı, gizlin, qanunsuz və xoş olmayan başqa bir fəaliyyətin baş tutması mümkün deyil. Və biz bəzən dəstəkdən imtina etməyə məcbur qalırıq. Və bunun belə ciddi əsaslandırmasını edirik vətəndaşa.

-O hansı haldır? Mümkünsə bu barədə bir qədər geniş danışaq.

-Bəzi hallarda sənədlərdə ciddi uyğunsuzluq olur. Bəzən əlillik kağızları mövcud olmur. Döyüşdə yaralandığını təsdiq edən, hospitaldan verilən epikriz düzgün olmur. Əgər qazi, yaralı olan adam bu sənədləri bizə vermirsə, biz ona yardım edə bilmirik. Və bu detalları araşdırmaq bizim qanunla tənzimlənən səlahiyyətlərimizə daxil deyil. Bu halda çox üzülərək, yox deyirik. Ancaq bütün problemsiz sənədlər dəyərləndirilib, özü də istisnasız.

HAŞİYƏ: Niyəsə əminəm ki, bu yazdıqlarımı aidiyyatı qurumların əksər aidiyyatlı simaları oxuyacaq. Lap xülasə formasında olsa d oxuyacaq. Lütfən hər şeyi malalayan yardımçılar, indi bu deyəcəklərimə zərrəcə toxunmayın. Çünki qarşıdakı savaşda itkin, şəhid olanları sırsında, qazilər arasnda sizlər və ya ailə üzvləriniz də ola bilər. Sizin indi dinlənilməsinə yol vermədiyiniz məsələlər gələcəkdə sevdiklərinizə də problem yaşadar. Odur ki, bu haşiyəyə toxunmayın. Keçək mətləbə, baxmayaraq ki, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin hər çıxışında birinci tapşırıqdır, baxmayaraq ki, ölkənin birinci vitse-prezidenti atdığı hər addımda şəhid ailələrinə qayğını, diqqəti, şəfqəti əsirgəməməkdən yanadır, biz bəzi hallarda bunun əksini görürük. Yəni istisnalara şahid oluruq. Və bu istisnalar Azərbaycan dövlətinə, onun şərəfli əsgər və zabitinə qarşı qara piar alətinə çevrilir. Hər kəs bilir ki, haqsızlığa yol verən, ədalətsizlik edən, dövləti qazi vətəndaş qarşısında utandıranlar var. İndiki durumda bu yolverilməzdir. Qalib, ordu, qazi, şəhid, komandana münasibətdə bu sədaqətsizlikdir, vəzifəsindən sui istifadədir. Əlillik dərəcələri, müalicə məsələləri, zamansız xəstəxana tərxisləri, təqaüd və dövlət mükafatlarının ədalətsiz bölgüsü aşamamalıdır ölkə. Azərbaycan müharibə kimi onun nəticələrinin də aradan qaldırılması işinə bir orqanizm kimi hazır olmalıdır. Sizləri deyə bilmərəm, məsələn, müəllif,yazar və ana olaraq aldığı travmadan nitq qüsurlu o  durumuna etiraz edən, yaraşıqlı, kövrəlib, gözləri dolan qazinin, dili topuq çala-çala “nee-eee-yyy-n-əəə-kkk….VƏƏ-T-ƏƏ-NN s-aaa-ğğğ ooo-lll-sss-uuu-nnn!” nidasını unuda bilmirəm. Gərəkdir siz yetkililər də unutmayasınız. Çünki onlara bir sağlam can, bir sağlam həyat borcluyuq hamımız. Və bu arada, bəzən eşitdiyim iraddır, qazi, hətta şəhid ailələri arasında elələri var, durumundan, statusundan sui istifadə edir. Bəli, istisna deyil, hətta şahidi olmuşam, hətta utanmışam, hətta elə bir oğulun bu adamlarla bir evdə böyüməsinə az qala inanmamışam. Amma reallaıq mənim inamımdan asılmayan məsələdir. Deməm o ki, dövlət və ya aidiyyatı qurumlar  “qurunun oduna yaşı da yandırmaq” prinsipindən əl götürməlidir. Onda hər şey zamanla tarazlanacaq və aid olduğu yeri rahatca tapacaq. Bizə sadəcə ədalətli, vicdanlı və sürətli çalışmaq gərəkdir. Yəni adamların bütün sənədlərini zamanında, doğru, dürüst həll etmək şərt deyil, dövlət əmri, Prezident tapşırığıdır.

***

(Söhbətə Elvin Hüseynovla davam edirik)…Baxın, fondumuz yeddi mindən artıq insana vəsait ayırıb, bu milyon manatlarla ölçülən vəsait deməkdir. Hər birinin də hesabatı mövcuddur. Əgər biz yox deyiriksə, qanunlarla əsaslandırılmış izahını veririk vətəndaşa. Ona anlatmağa çalışırıq ki, sənə “yox”u üzülə-üzülə deyirik, sevinə-sevinə və ya istəyərək yox. Mən istəyərəm ki, bütün müraciətləri müsbət cavablandırım, amma bir səlahiyyət çərçivəm var, onun qanunlar tənzimləyir. Bunu heç zaman aşmamışam, aşa bilmərəm. Cənab Prezidentin sərəncamı var 2025-ci ilə qədər ölkədə bir nəfər də olsun problemli qazi və ya şəhid ailəsi qalmamalıdır. Hətta hər birinin mənzil problemi çözüləcək. Və bir şeyi də deyim, YAŞAT fondu şəhid və qazi ailələrinə əlavə dəstək üçün yaradılıb. Lazımi yardımların hamısını dövlətimiz onsuz da edir. YAŞAT o yardıma əlavə dəstək verir ki, hər şey daha da asanlaşsın həmin ailələr üçün. Bu yaxınlarda bir ailəni çəkib təqdim etmişdilər, adın açıqlanmasından yana deyiləm, amma biz araşdırdıq, bəlli oldu ki,  YAŞAT yanvarın altısı 2021-ci ildə ailəyə on beş min manat vəsait ayırıb. Özü də bu dövlət yardımına əlavədir. Ancaq yenə də geniş məlumat yaymağı lazım bilmədik.

***

Söz arası: YAŞAT rəhbərinin bu fikrində ciddi həqiqət var. Bəzən sosial şəbəkələr üzərindən belə bir durum müşahidə edirik. YAŞAT fonduna filan ailə müraciət etdi cavab tapa bilmədi. Heç ailənin dərdi ilə maraqlanan olmadı. Şahidi olduğum və araşdırdığım məlumatlar göstərdi ki, məsələ belədir. Fond mövcud qanunvericilikdən kənara çıxmır. Yəni qazilərə, şəhid ailələrinə təqdim olunan sənədlər var ki, çoxunda ciddi sorunlar yaşanır və fond rəhbərliyinin də dediyi ki, üzülə-üzülə yox deməyə məcburdurlar.  Təbii ki, bu durum ailəsinin üzvünü itirən, əlil olan, qazi olan adamı hövsələdən çıxaracaq. Çünki o sənəd hayında deyil. Hazırki mənəvi-psixoloji durumu və ya qazidirsə səhhət durumu buna imkan vermir. Yəni, yenə də hörmətli, izzətli aidiyyatı qurumlar, lütfən,

-Səhiyyə sistemində qazinin və ya şəhidin sənədləri qüsursuz hazırlansın.

-Sosial xidmətlər və qurumlarda bu sənədləri dəqiq işlənsin.

-Bu kateqoriyada olan insanlar əhalinin həssas təbəqəsinə aiddir, yəni onlarla ünsiyyət quran rəsmi simalar məhz həssas və səbirli adamlar olsun.

-Qazilərin əlillik dərəcələri və təqaüd işləmləri zamanında, özü də sürətlə həyata keçirilsin.

Bütün bunlar olmayanda ölkədə məhz bu sahədə bir xaos olduğu fonu yaradılır. Az qala məsələni sosial partlayış kimi xarakterizə edir kənar güclər. Düşünəndə ki, Qarabağ ətrafında hələ soyuq savaş gedir, bütün fəaliyyət qüsurlarımız düşmənin əlində qara piar vəsaitidir. Və bu vəsait hər kəs öz işini ədalətlə görsə olmaya, düşmən əlinə keçməyə bilər. Azərbaycan Cənubi Qafqazın lider dövləti adına iddiasını ortaya qoyub, onun məmurları bu adı haqq edən fəaliyyət sərgiləməyə sadəcə dövlət qulluqçusu kimi borcludurlar.

***

-(RED: Müsahibəmiz davam edir)Elvin bəy, müharibənin acı nəticələri barədə məndən aydın təsəvvürləriniz var. Bütün müharibələrin itkinləri olur. Dünya tarixində, fərqli ölkələrdə bu rəqəmlər çox böyükdür. Azərbaycanın 44 günlük ikinci Qarabağ savaşında da təəssüflər olsun ki, itkinlərimiz var. Baxmayaraq Prezident bu savaşın bir itkini olmayacaq deyib, hələ də axtarışların israrla davam etdirilməsindən yanadır mümkündür ki, tapılmayanlar olsun. Və artıq rəsmi itkin sayı elan edilib. Siz onların ailələrini də necə diqqətdə saxlayırsınız?

-Öncə onu qeyd edim ki, ziyarət etdiyimiz şəhid ailələrinin sayı bir neçə mindir. Artıq media şəhidlərimizin də ailələri ziyarət olunub. Onlara da dəstək göstəriləcək. İtkinlərimizə gəlincə, əminəm mən də, siz də, hətta onları tanımayan milyonlarla azərbaycanlı istəyər ki, möcüzə ola, hamısı sağ tapıla. Amma təəssüflər olsun, bəlli zaman kəsiyi mövcuddur. Və başa düşürük ki, itkinlərin sonradan şəhid xəbərləri gələ bilir. Düzü biz o xəbəri gözləmədik. Şəhid ailələri ilə yanaşı itkin ailələrinə getdik. Amma ora şəhid qapısı deyib getmədik, bunu etmək olmaz, ailələrin ümidləri var. Biz də onlara deyirik ki, Allah edə sağ qayıda övladlarınız, o ana qədərsə biz sizə dəstəyik, arxayıq, yanınızdayıq. Siz onların bizə əmanətisiniz. Yəni o ailələri də dinləmişik. Nə problemləri varsa baxmışıq. Müraciət edəndə dəstəkləmişik və dəstəkləməyə davam edirik. İtkin ailəsi var ki, müalicəsinə dəstək olmuşuq. Eləsi var maddi dəstək edilib. Bəzilərinin istehlak kreditlərini bağlamışıq. Yəni hansı istiqamət üzrə müraciət ediblərsə, oradan yardıma çalışmışıq.

-Qazisiniz. Qalibiyyətdən sonra ilk şəhid ailəsi ilə ünsiyyətdən təəssüratınız nə olub?

-Kövrəlirsən, həyəcanlanırsan, gülümsəyirsən. Yəni durum, əhval qarışıq olur, əslində neynəyəcəyini bilmir bir anlıq adam. Amma alib şəhidin balasını qucağına alanda adama elə gəlir, qələbəni qucaqlayırsan. Bu hissin adını qoymaq çox çətindir. Komandamız da, mən özüm də şəhid ailələrində tez-tez oluruq.  Doğulduğum rayona gedəndə, uniformanı və statusumu kənara qoyub, Elvin kimi bir neçə ailəyə baş çəkirəm. Bilirsiniz, bu gün dövlət də, fond da onlara yaşayış şəraitlərinin yaxşılaşdırılması və sair məsələlər üçün kömək olur. Amma şəhidin evinə gedib, anasının əlindən bir stəkan çay içib, yarım saat söhbət etmək, onlara sevgi göstərmək, həmin ailəyə hər şeydən vacibdir. Baxın, şəhidlik vəzifə borcu deyil, mənəvi borcdur. O ailələrin bir xeylisinin maddi dəstək qədər, mənəvi dətəyə ehtiyacı var. Vəzifəsindən asılı olmayaraq hər kəsə təklif edirəm, mütləq şəhid evlərini ziyarət edin, ailəsi ilə dərdləşin, söhbətləşin. Qapıdan çıxanda mütləq kədərli simalarında sevinc, məmnunluq, sayıldığını hiss etdiyi üçün qürur, gözlərində təbəssüm belə görəcəksiniz. Bu həm də gələcək nəslə bir mənəviyyat dərsi, nümunədir.

-Bir şey çox maraqlıdır, bu günə qədər yardımlardan imtinalar olubmu?

-Əlbətdə olub. Ancaq onlara durumu belə izah eləmişik. Bu vəsaiti sizə xalq göndərib. Özü də halal qazancından. Xalq göndərib deyəndə, susublar, qəbul ediblər. Onlar bilir ki, balaları onlardan çox xalqa aid idi. Bilirsinizmi, bu ailələr çox qürurlu olur. Düzü ölkədə başıdik gəzməyi ən çox elə onlar haqq edir. Biz bu qürurun sınmasına, incinməsinə yol verməməyə çalışırıq. Onlar yaxşı olan hər şeyi haqq edir və biz maksimum bunu etməyə çalışırıq. O analar, o atalar, o balalar təkcə bunu gözləmirlər ki, kimsə onlara nəsə gətirsin. Səmimiyyətimə inanın, əksəriyyəti uşaq qədər sevinir ki, balasından dolayı onun adını anıb, qapısını açıblar. Bunu hər birimiz etməyə borcluyuq. Kimliyimizdən asılı olmayaraq. Yoldaşlarım, qrupumda olan, toyunda əl qaldırıb rəqs elədiyim, toyumda əl qaldırıb rəqs edən insan, qardaşım, dostum şəhid olub, biz o qapıları mütləq açmalıyıq. YAŞAT fondunda olmayanda da mən o qapılara getmişəm, indi də gedirəm, sabah bu postda olmasam, yenə gedəcəyəm.

-Fəaliyyətiniz rəqəmlərdə son dərəcə şəffadır. Bu qədər şəffaf olmaq, bunu bacarmaq çətin deyil ki?

-YAŞAT fondu dövlət agentliyinin strukturudur. Zatən agentlik, yəni ASAN xidmət şəffaflıq prinsipləri üzərində qurulub. Eyni zamanda fond haqqında fərmanda da şəffaflıq prinsipi öz əksini tapıb. Cənab Prezident bunu bir vəzifə borcu və öhtəlik olaraq qoyub. Biz burada vətəndaşdan heç nə gizlədə bilmərik. YAŞAT dövlət büdcəsindən maliyələşmir. Onu birbaşa Azərbycan xalqı maliyələşdirir. Bura hüquqi və fiziki şəxslər, dünya azərbaycanlıları daxildir. Fonda bir manatını belə ianə edən vətəndaşın haqıdır ki, manatının hara xərcləndiyini bilsin. Biz vətəndaşın beynində ola biləcək, bütün sualları ehtimal etməyə çalışırıq və onun əsaslandırırıq.

SON: Yazının əvvəlində, lap başında belə yazdım, missiyanın ən çətini, YAŞATmaqdır. Və deyim ki, missiyanın ən şərəflisi də elə budur, YAŞATMAQ! Şəhidin sevdiklərini yaşatmaq. Onun adını, ailəsini, balalarını, sevdiklərini, əzizlərini və yolunda can verib, bir ovuc torpağı olduğu AZƏRBAYCANI, yaşatmaq. Bunun üçün bəzən bir vətəndaş SMS-i, bəzən simvolik ianəsi yetərlidir. Necə deyirlər, dama-dama göl olur. Odur ki, hadi Azərbaycan, Azərbaycan vətəndaşı, iş adamı, məmuru, fəhləsi, haydi, gəlin birlikdə yaşadaq. Biz birlikdə güclüyük! Tanrı bizi heç kimdən yox, elə o ŞƏHİDDƏN və onun sevdiklərindən və AZƏRBAYCANINDAN utandrmasın!..

Jalə Mütəllimova/AzTimes.az/


Abunəlik