Əhalinin bayramqabağı ALICILIQ QABİLİYYƏTİ: “Yalnız zəruri ehtiyacların ödənməsinə…” – Ekspertdən TÖVSİYƏ

Baxılıb:410
Əhalinin bayramqabağı ALICILIQ QABİLİYYƏTİ: “Yalnız zəruri ehtiyacların ödənməsinə…” – Ekspertdən TÖVSİYƏ

Müəssisələri bağlamaq əvəzinə, tələb olunan qaydalara əmək edərək istehsalat fəaliyyətinə şərait yaratmaq mümkündür”.

Ölkədəki mövcud sosial-iqtisadi vəziyyəti dəyərləndirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Yenicag.az-a açıqlamasında bildirib ki, əksər sahələrin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlərin hələ də qüvvədə qalması doğru yanaşma deyil:

“Azərbaycanda əmək qabiliyyətli aktiv əhalinin təqribən 55-60 faizi dövlət qurumlarında və ya dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışır. Bu qism əhalinin gəlirlərində elə də ciddi fərq müşahidə olunmayıb.

Lakin müəyyən səbəblərdən bəzi məhsullarda inflyasiya qeydə alınıb. Təbii ki, bu, yaşayış səviyyəsinə ciddi təsir göstərib. Bununla yanaşı, ötən ildən başlayaraq qapadılan bir çox sahələr hələ də açılmayıb. Bu, əhalinin sosial vəziyyətinə və eyni zamanda, əksər sahibkarların fəaliyyətinə olduqca mənfi təsir göstərməkdədir”.

Asif İbrahimov qeyd edib ki, bayram günlərinin olmasına baxmayaraq, vətəndaşların yalnız zəruri ehtiyaclarını ödəməsi daha məqsədəuyğundur:

“Ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına ehtiyac var. Koronavirusla yaşamağı artıq öyrənməliyik və əvvəlki iqtisadi vəziyyəti bərpa etməliyik. Müəssisələri bağlamaq əvəzinə, tələb olunan qaydalara əmək edərək istehsalat fəaliyyətinə şərait yaratmaq mümkündür.

Azərbaycan artıq yeni satış imkanları əldə edib. Fikrimcə, bu imkanlardan istifadə edərək əhalinin sosial vəziyyətini və ölkə iqtisadiyyatını dirçəltmək üçün imkanlar var”.

İqtisadçı təklif edib ki, Azərbaycanın dünya bazarına orqanik məhsullar ixrac etməsi iqtisadi inkişafa təkan verə bilər:

“Pandemiya dövrü ilə əlaqədar dünyanın ən böyük satış bazarı olan Avropa İttifaqı bazarında əhalinin böyük qisminin orqanik məhsullara tələbatının artması müşahidə olunub. Bu məhsulların istehsalı ilə bağlı ölkəmizin kifayət qədər imkanları var.

Qanunvericiliyimiz Avropa İttifaqının tələblərinə uyğunlaşdırılsa və yerli istehsalçılara dəstək verilsə, Avropa bazarına orqanik məhsullar ixrac edə bilərik. Nəticədə az məhsul ixrac etməklə yüksək gəlir götürmək şansımız yaranar. Bu, milli iqtisadiyyatın inkişafına müsbət təsir edə bilər”./yenicag


Abunəlik