Azərbaycanda vətəndaşlar daha çox nədən sığortalanırlar? – MÜSAHİBƏ

Baxılıb:412
Azərbaycanda vətəndaşlar daha çox nədən sığortalanırlar? – MÜSAHİBƏ

Azərbaycanda sığorta bazarında ötən illərə nisbətən canlanma müşahidə olunur. Baxmayaraq ki, 2020-ci il pandemiya və onun gətirdiyi məhdudiyyətlərlə yadda qaldı. Lakin, sığorta bazarına maraq azalmadı. Belə bir nəticə çıxartmaq olar ki, son dövrlər bizi əhatə edən təhlükələrə daha həssas yanaşmağa başlamışıq. Görünən odur ki, bir sıra proseslər sığortalanmanı labüd etdi.

Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev müvafiq bazardakı cari vəziyyəti və bundan sonrakı inkişaf meyillərinin istiqamətlərdən danışıb. Aztimes.Az müsahibəni təqdim edir:

– 2020ci il Azərbaycan Sığortaçılar Assosiasiyası üçün hansı hadisələrlə yadda qaldı?

– 2020-ci ilin əvvəlindən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyası ənənəvi olaraq ölkədə tətbiq olunan sığorta növlərinin daha geniş trayektoriyada yayılması, vətəndaşların və sahibkarların sığorta xidmətlərinə əlçatanlığının təmin olunması və yerli sığorta şirkətlərinin fəaliyyətinin stimullaşdırılması məqsədi ilə müxtəlif layihələr icra etdi. Xüsusilə ilin ortasından etibarən bazarın inkişafını sürətləndirən layihələrin icrası daha aktiv fazaya keçid etdi. Belə ki, Assosiasiyanın yeni fəaliyyət konsepsiyası tərtib edildi və ilk növbədə media ilə əlaqələr daha sistemli şəkildə yenidən təşkil olundu. Paralel olaraq sektor üzrə doğru məlumatlılığın daha mobil şəkildə təmin olunması məqsədi ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının tərkibində yerli sığorta bazarında çalışan mütəxəssislərdən və müstəqil ekspertlərdən ibarət 50 nəfərdən çox üzvün yer aldığı “Ekspert qrupu” yaradıldı. Bu qrup, baş verən sığorta hadisələrinin obyektiv və peşəkarcasına şərh olunması və sığortaolunanların doğru yönləndirilməsi aspektində çox vacib bir istiqamətdir.

Eyni zamanda ASA qeyd olunan müddət ərzində real sığorta hadisələri əsasında maarifləndirici video-çarxlar hazırlamaqla əhalinin sığortaolunan hissəsinin bilgiləndirilməsi istiqamətində də yeni “Video-layihə” projesinə başladı.

Ötən il qazandığımız ən böyük və strateji əhəmiyyəti yüksək olan uğurumuz isə Türkiyə ilə rəsmi şəkildə əməkdaşlığa başlamağımız oldu. Belə ki, Azərbaycan ilə Türkiyə arasında sığorta sahəsində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında Memorandum imzalandı. Memorandumda yer alan önəmli istiqamətlərdən biri də post-pandemiya dövründə məhz bu iki qardaş ölkə və iki qurumun təşkilatçılığı və təşəbbüskarlığı ilə türk dünyası ölkələrinin ortaq sığorta forumunun təşkil olunması ilə bağlıdır.

– Bəs, sığorta bazarının iştirakçıları 2020-ci ili necə başa vurdu?

– Ümumi kontekstdən yanaşsaq, yerli sığorta bazarı 2020-ci ili uğurla yekunlaşdırdı. Bildiyiniz kimi, dünyanı və ölkəmizi öz cənginə almış COVID-19 pandemiyası bütün iqtisadi klassifikasiyalara bu və ya digər formada öz neqativ təsirini göstərdi. Təbii ki, sığorta sektoru da bu neqativ təsirlənmədən yan keçə bilmədi. Lakin digər sektor və seqmentlərlə müqayisə etdikdə əminliklə deyə bilərik ki, yerli sığorta bazarı pandemiyanın yaratdığı neqativ tendensiyadan qismən yayına bildi.

Belə ki, Azərbaycanın sığorta bazarının 2020-ci il üzrə ümumi yığımları 728,6 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 47,5 milyon manat çoxdur. Maraqlı bir fakt isə ondan ibarətdir ki, yerli sığorta bazarı 2018-ci ilin yekun nəticələrinə görə yüksək həddə yığım, yəni, 727,9 milyon manat təmin edib. Bu rekord 2019-cu ildə eniş trendi ilə müşayiət olunsa da, 2020-ci ilin nəticələri həmin pik həddi 700 min manat ötə bildi. Bir daha xatırladım ki, rekordun yenilənməsi pandemiya kimi çətin və məhrumiyyətlərlə zəngin bir dövrdə mümkün oldu.

COVID-19-un labüd hala çevirdiyi karantin rejimi sığorta bazarına maneələrlə yanaşı, həm də yeni vərdişlər, üstünlüklər də qazandırdı. Bazar iştirakçıları məsafədən xidmət istiqamətində ciddi həcmdə yol qət etdi. Onlayn xidmət bir alət kimi inkişaf etdirildi və bəlkə də bunun uğurlu nəticəsi idi ki, yerli bazar məhrumiyyətlərlə zəngin bir dövrdə də sığorta xidmətlərinin işləkliyini aktiv şəkildə realizə edə bildi.

– Ötən il ərzində vətəndaşlar ən çox hansı sığorta növünə yönəldilər?

– Əminliklə deyə bilərəm ki, pandemiyadan zərər çəkmiş bir neçə sığorta növünü çıxmaq şərtilə yerli bazarda tətbiq olunan bütün sığorta növləri il ərzində öz bazar aktivliklərini qoruyub saxlaya bildi. Lakin bunların arasında yeni aktiv fazada artım dinamikası yaradan daşınmaz əmlakın icbari sığortası oldu.

Daşınmaz əmlakın icbari sığortası növü üzrə təmin olunmuş sığorta haqları ümumi yığımlarda ciddi paya sahib idi. 2020-ci il ərzində adı çəkilən növ üzrə müqavilə sayında da 2019-cu illə müqayisədə 3 dəfəyə yaxın artım qeydə alındı. Belə ki, statistik nəticələrə görə, 2019-cu ilin 10 ayı ərzində bu növ üzrə müqavilə sayı 53 min ədəd idisə, 2020-ci ilin 10 ayı ərzində bu rəqəm 3 dəfəyə yaxın artaraq 148 min ədədə çatdı.

Eyni zamanda yerli bazarı regionda 100 faizlik əhatəlilik ilə liderə çevirən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə də artım dinamikası davam etdi.

Digər bir icbari növ – istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə də yığımlarda dinamikanın davam etdiyini müşahidə edirik.

Lakin qeydə alınan artım tendensiyası yalnız icbari yox, həm də könüllü sığorta növlərində də müşahidə olundu. Bu sırada biz kasko, işin dayanması ilə bağlı risklərdən sığorta, daşınar əmlakın könüllü sığortası, könüllü tibbi sığorta kimi növlərin adlarını çəkə bilərik. Qeyd olunan sığorta növləri üzrə yığımlardakı artım bazar dinamikasını təmin edən başlıca amillərdən olub.

– Növbəti dövrdə hansı yeni sığorta növləri və məhsullarının hazırlanması planlaşdırılır?

– Bu gün Azərbaycanın sığorta bazarında sığortaolunan tələbinə cavab verəcək qədər sığorta növü mövcuddur. Lakin bu növlər üzrə bazara çıxarılan məhsul sayı və çeşidliliyi, təəssüf ki, arzuolunan səviyyədə deyil. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq Türkiyə Sığorta Birliyi ilə imzaladığımız Memorandumda bu məsələnin həlli ilə önəmli bir istiqamət müəyyənləşdirmişik. Türkiyənin sığorta növləri üzrə tətbiq etdiyi sığorta məhsulu təcrübəsinin öyrənilməsi və yerli sığorta bazarında reallaşdırılması sığorta xidmətləri üzrə tələb-təklif zəncirini müasir çağırışlara adekvat formalaşdıra biləcək. Çünki müasir sığorta bazarlarında artıq yalnız tələbə əsaslanan təklif üsulu yox, xüsusilə təkliflə tələb yaratma metodikası tətbiq olunur. Bu da peşəkar və sistemli bir data və statistika analitikası tələb edən prosesdir.

Hər bir yeni məhsul bazar aktivliyi yaradır, sığortaolunanların diqqətini çəkir. Çünki hər bir məhsulun və xidmətin öz müştərisi var. Unutmamalıyıq ki, sığorta lokal çərçivəyə yox, qlobal çevrəyə xitab edən bir xidmət növüdür. Bazar geniş əhatədə hər bir potensial sığortaolunanın marağını nəzərə alaraq mövcud bazar şərtləri çərçivəsində adekvat addım atmalıdır.

Hesab edirəm ki, Türkiyə Sığorta Birliyi ilə müvafiq Memorandum çərçivəsində qurduğumuz əməkdaşlıq növbəti mərhələdə yerli sığorta bazarında yeni məhsul strategiyasının formalaşdırılmasına təkan verə biləcək.

– Azərbaycanda sığorta mədəniyyətinin formalaşmasında hansı meyarlar rol oynayır? Bu istiqamətdə sığorta şirkətlərinə tövsiyəniz nə olardı?

– Təəssüf ki, bu gün sığorta xidmətləri əksər hallarda hər hansı bir hadisə baş verdiyi zaman aktuallaşır və ya yada düşür. Lakin bu əslində belə olmamalıdır. Sadəcə olaraq bir şeyi etiraf etməliyik ki, ölkəmizdə müasir sığorta istiqamətlərinin tətbiq edildiyi müddət hələ yaxın tarixə dayanır. Əhalidə sığorta vərdişlərinin tam formalaşdırılması üçün davamlı, intensiv, müasir çağırışlara adekvat və mobil fəaliyyət strategiyası labüddür.

Qeyd etdiyim bu istiqamətlərin fundamental əsaslarla formalaşdırılması yönündə ölkədə sığorta fəaliyyətinə nəzarət orqanı olan Azərbaycan Mərkəzi Bankı, eyni zamanda sektorda alt requlyativ funksiyaları icra edən Azərbaycan Sığortaçılar Assosiasiyası, bunlarla paralel olaraq İcbari Sığorta Bürosu, yerli bazar iştirakçıları və müstəqil sığorta ekspertləri güclərini səfərbər edərək prosesləri arzuolunan istiqamətə dəyişməkdədir. Dünyəvi sığorta sisteminin ölkəmizdə tam təmin edilməsi bir qədər zaman ala bilər, lakin uğurlu nəticə çox uzaqda deyil. Hesab edirəm ki, yaxın müddət ərzində əhalinin sığortaya olan marağı və bununla paralel olaraq bir yox, çox sayda sığorta növü üzrə yüksək əhatəlilik göstəricilərinə nail ola biləcəyik.

– Cari ildə ASA hansı işləri həyata keçirməyi planlaşdırır? Azərbaycanda sığorta sahəsində yeniliklər gözləniləndir?

– Azərbaycan Sığortaçılar Assosiasiyasının 2021-ci il üçün çox sayda strateji hədəflər nəzərdə tutub. İlk növbədə beynəlxalq əməkdaşlıqların qurulması prosesini davam etdirəcəyik. Sığorta sistemi Azərbaycanın sığorta bazarının cari vəziyyəti ilə eynilik təşkil edən ölkələrin sığorta qurumları ilə yeni əməkdaşlıqlar qurmağı düşünürük.

Beynəlxalq qurumlarla yanaşı, Assosiasiya olaraq yerli qurum və təşkilatlarla da qarşılıqlı əlaqələr quraraq sığorta xidmətləri trayektoriyasını bu il bir qədər də genişləndirməyi planlaşdırırıq. Artıq bu istiqamətdə ilk addımları atmağa başlamışıq.

Sığorta xidmətləri ilə bağlı təşkil etdiyimiz maarifləndirmə və təbliğat işlərini də aktiv fazada davam etdirməkdəyik. Dövlətimizin məhz qeyri-hökümət təşkilatları üçün təmin etdiyi dəstək mexanizmindən də istifadə etməklə sığortalı gələcək naminə daha geniş miqyaslı layihələrin icrasını planlaşdırırıq.

Sektorial hədəflərimiz isə dəyişməzdir. İlk növbədə sığorta yığımlarının ÜDM-dəki payının artırılması və hər bir sığorta növü üzrə əhatəliliyin 2-3 dəfə yüksəldilməsi başlıca prioritetimizdir.Oxu.az.


Abunəlik