Qəbələdə “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi başa çatıb

Baxılıb:402
Qəbələdə “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi başa çatıb

AzTimes.az xəbər verir ki, Qəbələ rayonunda keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, FHN İşçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələdə keçirilən yarışların iyunun 29-da bağlanış mərasimi olub. Əvvəlcə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində yarışların iştirakçısı olan gənc yanğınsöndürən və xilasedicilərin təliminə baxış keçiriblər. Nazir müavinləri yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı ilə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb. Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə iyunun 23-dən 29-dək Qəbələdə keçirilən yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyi artıq 8-ci dəfədir ki, təşkil olunur. Bu yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Bildirilib ki, yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır. Belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açır. Bu yarış ümumilikdə 3 mərhələdə-rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar ümumrespublika final yarışlarında iştirak ediblər. Bu ilki ümumrespublika birinciliyində 12 rayon və şəhərin komandaları mükafatlar uğrunda mübarizə aparıblar. “Gənc xilasedici” VII Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya (Moskva və Ufa), Belarus, Pakistan, Qətər, Gürcüstan, Rumıniya, Ukrayna, Serbiya, Bolqarıstan respublikalarının komandaları qüvvələrini sınayıblar. Mərasimdə qeyd edilib ki, gənclər 7 gün ərzində “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələləri üzrə mübarizə aparıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri Gürcüstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Sumqayıt şəhəri, ikinci yerə Şamaxı rayonu, üçüncü yerə isə Ucar rayonunun komandaları layiq görülüb. Nazir müavinləri ilk üç yeri tutan komandaların iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edib. Sonda şagirdlərin və milli rəqs qruplarının birgə konserti olub.

Davud Tarverdiyev /AzTimes.az, Qəbələ/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir