İki sualdan biri: “Kəmalə xanım,siz Qarabağdansız?”

Baxılıb:777
İki sualdan biri: “Kəmalə xanım,siz Qarabağdansız?”

İki sualdan biri:
“Kəmalə xanım,siz Qarabağdansız?”
Mən 1988-ci ildən QARABAĞLI oldum…Meydanlarda keçirilən mitinqlər zamanı QARABAĞLI oldum… Qonşuluğumda yaşayan qlamurnı qızı “Oyyy, nə Qarabağ,Qarabağ salmısınız ey, они тоже люди дааааа, отдайте армянам пусть живут!”dediyinə görə tutub saçlayanda, o da məndən polisə şikayət verəndə, saçladığıma görə məni həbs edəcəkləri hədəsi ilə kəllə-kəlləyə gələndə QARABAĞLI oldum…
Torpaqlarından qovulan, işğəncə görən, doğmalarını itirən,namusu, heysiyyəti əlindən alınanları görəndən QARABAĞLI oldum…Çadırlarlarda, hektarlarla çöllü-biyabanlarda salınan çadır şəhərciklərində koma-koma qız,gəlinin utana utana ayaq yolyuna növbəyə durduqlarını görəndə, kişilərin beli bükük , başını qaldırmağa belə cəsarəti çatmayanda , uşaqların “ay ana, acmışam, mən yemək istəyirəm” deyəndə hamının yardım üçün növbələrə durmasını övladına göstərərək “bala, qoy payımızı götürək, sənə yemək bişirəcəm” sözünü belə ümidsizcəsinə söyləyib göz yaşlarını sel kimi axıdanda QARABAĞLI oldum…
İlan, əqrəb güdazına gedən uşaq qəbirstanlığını görəndə, o körpələrin qəbirlərin üstünə təzəcə yarpaqları cücərən salxım söyüdün budağını yolub gül əvəzi qoyanda QARABAĞLI oldum…
Bir dünya boyda faciə yaşadıqlarına rəğmən dəmir qarajlardan MƏKTƏB adlı məkanda qışda soyuqdan nəfəsin belə buz bağladığı, yayda ağcaqanadın cırmaq-cırmaq etdiyi uşaqların kitablara sarıldığını görəndə QARBAĞLI oldum… Sanitar-gigiyena qaydalarına əməl etmədikdə hansı xəstəliklərə yoluxa biləcəklərindən danışaraq,onlarla bərabər su tapmadıqda isə gölməçə suyu içib malyarıyaya yoluxduğumda QARABAĞLI oldum…
Onlarla yemək yemədiyimə görə mənə irad tutanda, qəlblərini istəmədən qırdığımda …Qıymırdım onlara…onların süfrəsinə oturanda quru çörək bir çadırdan,soğan bir qazmadan, bankanın dibində palçıq daxmadan gələn qatığı görüb “Allah haqqı inciyərik,yeməsən” deyib “Biz elə indicə yemişik, sən nuş elə “ əlini süfrəyə belə uzatmayıb, tikələrini mənə verən bacı,qardaşlarımla QARABAĞLI oldum…
Qarbağlı olmağımla bağlı o qədər yaza bilərəm ki…
Torpaqlarımız uğrunda bu savaşda QARABAĞLI hamımız olduq… Birliyimizlə, sevgimizlə, vətənpərvərliyimizlə… Amma əsl QARABĞLI QARABAĞDA zəfər şalan Ordumuzdur! Əsl QARABAĞLI milliyətindən asılı olmayaraq Qarabağın azadlığında qanı torpaqda yoğrulmuş ŞƏHİDİMDİR!!!

QARABAĞ SEVGİSİ isə AZƏRBAYCAN SEVGİSİDİR!!!

VƏTƏN SEVGİSİDİR!!!

Kəmalə Ağazadə /AzTimes.az/


Abunəlik