“Saytları izləmirəm, onların çoxunda yalanlar, şərlər görmüşəm”-İcra başçısı ilə müsahibə

Baxılıb:868
“Saytları izləmirəm, onların çoxunda yalanlar, şərlər görmüşəm”-İcra başçısı ilə müsahibə

Ermənilər gəlib bizim torpaqlarımızda oturmuşdular, elə bilirdilər ki, elə belə də qalacaq. Onlar daha bilmirdilər ki, bizim İlham Əliyev kimi sərkərdəmiz, qəhrəman generallar yetişdirən mərd xalqımız, mübariz ordumuz var. İndi bizim ordumuz  onlara ata-babalarının adlarını yad etdirir. Artıq onlara sübut edir ki, kim idi dığa. “
Bu sözləri AzTimes.az-a müsahibəsində Şuşa rayonunun icra başçısı Bayram Səfərov deyib.  Müsahibimiz II Qarabağ, III Vətən müharibəsinin başladığı gündən bütün sakinlərin və icra  hakimiyyətində çalışan şəxslərin könüllü olaraq   orduya dəstək fonduna  yardım etdiyini bildirib:
– Biz bunu iki dəfə etmişik. Amma bilin ki, bizim ordumuzun bir qəpiyə belə ehtiyacı yoxdur. Ordumuzun büdcəsi Ermənistanın ümumi büdcəsindən qat-qat çoxdur. Sadəcə olaraq bizim xalqımız çox vətənpərvər və səxavətli xalqdır. Xalqımız özü belə istəyir deyə dövlət onların istəklərinə görə bu şəraiti yaradıb. Biz sülhsevər xalqıq. Amma sülhsevər  olduğumuz qədər öz torpaqlarımızı qoruyacaq qədər də qəhrəman xalqıq. Biz onlara çox sülh təklif elədik. Duz 27 il danışıqlar aparıldı. Amma onlar yenə əl çəkmədilər. Etdikləri azmış kimi yenə bizim torpaqlarımıza soxulmağa çalışdılar.  Bizim prezidentimiz də  qərarını verdi.  Nə gözəl də qərar verdi. Bizi başı aşağı gəzməkdən qutardı. Tezliklə biz öz torpaqlarımızda yenə xan kimi ,sahib kimi gəzəcəyik.
Baxmayaraq ki, biz qalibik, yenə də qırğın olmasın deyə humanitar atəşkəsə razılıq verildi. Ermənilər nə etdi? Yenə pozdu. Bizim dinc əhalinin yaşadığı əraziləri-Tərtəri, Beyləqanı, Kürdəmirin Abşeronu bombalamağa cəhd etdi. Gəncə kimi şəhərdə  nə qədər ailəni gözüyaşlı qoydu. Onlar bir daha sübut etdilər ki, mərdi-mərdanə vuruşmaq onlara xas deyil.
Vuruşan Şuşa sakinləri var . Ailələri ilə əlaqə varmı?


– Pandemiya ilə əlaqədar heç kimlə  görüş təşkil edə bilmirik. Ancaq video konfrans vasitəsi ilə hamısı ilə əlaqə saxlayırıq. Ailələrin nəsə çətinliyi olarsa əməkdaşlarımız tərəfindən dərhal müdaxilə olunur.
Şuşadan elə gənclər var ki, heç o əraziləri görməyiblər. Amma hamısı könüllü orduya yazılıb. Hər gün Səfərbərlik idarəsindən xəbər gözləyirlər. Hər kəs vuruşmağa can atır. Nə qədər qadınlar var əzmlə deyirlər ki, bizi də aparın vuruşmaq. Amma biz  o mənfur xalqla eyni deyilik ki, qadınlarımızı qabağa verək. Kişilərimiz ölməyib ki, qadınlar vuruşa.  Ordumuz  yetəri qədər gücə malikdir.

Bayram bəy , son günlər Şuşanın azad olunması barədə bəzi , saytlarda, sosial şəbəkələrdə xəbərlər dolaşır. Buna münasibətinizi bilmək istərdim.
– Mən ümumiyyətlə saytları izləmirəm, onların çoxunda yalanlar, şərlər görmüşəm.Elə yenə də yazırlar.Onlar özləri bilərlər, Allah qarşısında,vicdanları qarşısında onlar özləri düşünsünlər. Amma əsgərlərimiz tərəfindən çəkilən videoya münasibətimi bilmək istəyirsinizsə elə sizin saytın vasitəsilə müraciət edib xahiş edirəm. Ola bilər ki, əsgərlərimiz bu sevinclərini kimlərləsə bölmək istəyir. Kiməsə video yollayır. Xahiş edirəm yaymayın. Əsgər balalarımızı,ordumuzu təhlükəyə atmayın. Bir balaca səbr edin ,vallah gedib özünüz görəcəksiniz o yerləri . Nə məlumat varsa Müdafiə Nazirliyi və prezident verir. Tələsmək lazım deyil.  Müzəffər ordumuz və Ali Baş Komandan bu xoşbəxtliyi bizlərə yaşadacaq.  Bizim ordumuzun döyüş taktikasına dünya gücləri həsəd aparır. Bu bizim ordunun ,bizim Ali Baş Komandanın zəfəridir.Mən təklif edirəm qələbədən sonra o bizim ömürlük prezidenimiz olsun. O bizi bəxtiyar etdi.


Qələbədən sonra ermənilər o ərazilərdə yerli sakinlərlə bir yerdə yaşaya bilərmi? Sizin fikriniz maraqlıdır.
– Mən bir misal çəkim: O vaxt  Avropa olimpiya oyunları zamanı Ukraynanı təmsil edən erməni kökənli qalıb var idi.  O qalib kürsüsünə çıxanda  minlərlə izləyici başladı fışka çalmağa, ona etiraz etməyə, möhtərəm prezident bir əlini qaldırdı, hamı sakitləşdi. Ortaya sükut çökdü. Prezident onu təltif etdi, bununla da nəinki, özünün öz timsalında bütün Azərbaycan xalqının nə qədər alicənab olduğunu sübut etdi. Bu misalı niyə çəkdim? Bildirmək istəyirəm ki,  İlham Əliyev cənabları nə qərar versə o olacaq. O hər şeyin ən gözəlini bilir. Amma bilirik ki ,bu çox çətin olacaq. Sual verin niyə?

Niyə? (Gülür)

-Ona görə ki, onlar artıq məğlubdur. İndi biz onları qovurun. Onlar nə sülh ,nə aman istəyəcəklər? Nə üzlə nə düşüncə ilə? Etdik də güzəşt. İki dəfə atəşkəs qərarı verildi və necə lazımdı əməl edildi. Nəticə nə oldu? Şəhərlərimiz vurdular. Dinc əhalini hədəf seçilər. Təklif edirdilər yeddi rayon verək. Yaxşı ki, razılıq olmadı. Başıaşağı olmadıq. Prezident bizi bu töhmətdən qutardı. Allah onun canını sağ eləsin. Onun balalarını xoşbəxt eləsin. Onu görüm necə toyu görsün.
Müsahibəyə görə sizə minnətdarlığımızı bildiririk. Gün o gün olsun ki, Şuşada , kabinetinizdə müsahibə götürək sizdən.
– Biz şuşalılar bu qələbə üçün ordumuza,  prezidentimizə borcluyuq. O bizi məcburi köçkünlükdən azad etdi. Siz bilirsiniz bu nə qədər ağır sözdür? Ermənilər bizi qorxaq millət kimi tanıtmısdı. Amma indi bizim gücümüzü, qeyrətimizi dünya gördü.

Bu 28 ildə bilirsiniz nələr yaşamışıq? Sizə necə izah edim? Elə bil hər şeyin var, amma heç nəyin yoxdur. Tərəzinin bir gözündə sənsən, bir gözü boşdur.  Bu 28 ildə o gün olmayıb ki, mən Şuşanı fikirləşmədən yaşayım. Mən Şuşanın  sakinləri ora qədəm qoyanda onlarla bir gedəcəm. Məni heç bir qüvvə burda saxlaya bilməz.  Şuşa heç bir yerlə müqayisə olunacaq yer deyil. Oranın hər daşı, hər qayası mənə dogmadır. Qapılarının necə açılmasını belə bu gün kimi xatırlayıram.O qələbəyə sayılı günlər qalıb.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik