1 may-Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günüdür
Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Haymarket üsyanı, anarxistlərin edamı – qanla boyanmış may günləri və sinfi qarşıdurmaların sonrakı xronikası dünya əməkçilərinin şərəfli tarixinin ən yaddaqalan hissələridir. Bu şərəfli tarixin simvolu isə 1 May bayramıdır.
Bəs bu tarixi proses və onun məntiqi nəticəsi olan 1 May bayramı necə meydana gəldi?
XX əsrin əvvəllərində Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olan Roza Lüksemburq (Almaniya) 1894-cü ilin fevralında Parisdə dərc olunmuş “May bayramı necə yarandı?” adlı tarixi məqaləsində yazırdı: “Azad düşüncə – 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə Avstraliyada ortaya çıxdı.
Yerli işçilər 1856-cı ildə artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara aldılar.Bu bayram günü 21 aprelə təyin edildi. Öncə, 1856-cı ildə avstraliyalı işçilər yalnız bircə dəfə nümayiş keçirməyi düşünürdülər. Ancaq bu ilk bayram nümayişi avstraliyalı proletar kütlələrdə elə təsirli iz buraxdı, elə bir canlanma yaratdı ki, bayramın hər il təkrarlanmasına qərar verildi.Bu qərar gerçəkdən, işçi kütlələrə kütləvi işə çıxmamaq kimi öz güclərinə inam və cəsarəti verdi. Zavod, fabrik və emalatxanaların əbədi qullarına öz daxili birliklərinə baxış zəminində cəsarət, gücü bəxş etdi”.eləcə, proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi, Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, ta ki o, bütün proletar dünyasını fəth etdi. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı.1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər. Ancaq işçilərin bu haqlı tələbi rədd edildi. Bundan sonra “8 saatlıq iş günü” artıq bütün Amerikan əməkçilərinin ortaq tələbinə çevriləcək, onların təşkilati mübarizəsinin başlanğıcına damğasını vuracaq, işçi sinfi qanlı və ağır mübarizələrlə burjualardan bu haqqı zorla alacaqdı.
1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda… 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan “8 saatlıq iş günü” tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirdi.
1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.
1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir.