Universitetin uğurlarını gözügötürməyən qisasçı professor…və ya alim olmaq asandır…
Bu günlərdə ölkə ictimaiyyətinə qürurverici bir xəbər açıqlandı. QS dünya reytinqi sistemində dünyanın ən qabaqcıl olaraq seçilmiş 1559 ali təhsil müəssisəsi arasından Azərbaycanda fəaliyyət göstərən universitetlərdən “Müasir dillər” üzrə Azərbaycan Dillər Universiteti 301-340-cı yerləri, Azərbaycan Dövlət İqtisad Universiteti isə “İqtisadiyyat və ekonometrika” üzrə 351-400, “ictimai elmlər və menecment” üzrə isə 501-550-ci yerləri tutub. Bu möhtəşəm xəbər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəsmi səhifəsində və digər rəsmi saytlarda yayımlandıqdan sonra biz də bu xəbərin arxasınca düşüb Azərbaycan Dillər Universitetinin son dövr fəaliyyətini bir daha gözdən keçirməyə çalışdıq. Elə bu məqamda yadımıza az zaman öncə yazılarını və fəaliyyətsizliyini araşdırdığımız Həbib Zərbəliyev düşdü. Dedik, hər halda, universitet üçün özünü “fəda” edən, strategiya üçün “can-fəşanlıq” edən professor bu əlamətdar hadisəyə sevinmiş olar. Kaş onun səhifəsinə boylanmamış olardıq, çünki səhifədə səhifəlik qalmamışdı. Səhifə məktəbli qızların “Xatirə” dəftərinə, gündəliyinə çevrilmişdi. “Gopçu Pirinin nağılları”, “bayatılar”, “mərsiyələr”, “ağılarla” dolub-daşan səhifə baxımsız qalan boş çöllüklərə bənzəyirdi. Gündəlik xatirələrini yazıb qurtarıb dəfələrlə yazdığı dəftəri özü açıb oxuyub, sonra yastığının altına qoyub yatan məktəbli uşaqlar kimi, Həbib müəllim də yazdığını yazır, gecələr dəfələrlə oxuyur, ən azı 7-8 dəfə redaktə edir, sonra yenə oxuyur, yastığının altına qoyub şirin yuxuya gedir, yuxuda gördüklərini durub yazır, yenə pozur, yenə redaktə edir, beləcə, həndəsi silsilə ilə günlük rutinini yerinə yetirir. Ürəyimiz ağrımadı desək, yalan olar.
Bir professorun belə üslubunu (üslubsuzluğunu), boş qalan, nəzər yetirilməyən səhifəsini, səsi getməyən-ünü yetməyən “haykırışını”, uduzmuş məhkəmələrini, cavabsız qalan məktublarını, gecə yuxuları ilə gündüz xəyallarının qarışığı olan təhkiyəsini görəndə necə ürəyimiz ağrımasın? Bir budaqda oturub yüz budağı silkələməyə çalışan, gah Prezident Administrasiyasına, gah akademik Kamal Abdullayevə, gah da universitet əməkdaşlarına bir daş atan, şər-şəbədə yaxan, Həbib Zərbəliyev özü yazdığı nağılların baş qəhrəmanı olaraq, özünü universitetin qoruyucusu kimi qələmə verir. Bəs bu qanadlarını səmum küləyinə vermiş qoruyucu mələk universitetin əməkdaşlarının halına necə yanır ki, universiteti də, onun uğurlarını da, orda çalışan əməkdaşları da lağa qoyur? Bu da qırağa, bir neçə müəssisədə işləyən, hər yerdə də özünəməxsus izlər buraxan professorun yazılarını oxuyan niyə bir adam yoxdur, görəsən? Yaxşı, onun iddiasına əsasən, deyək ki, ADU əməkdaşları qorxdu, “like” etmədi, bəs Həbib müəllimin çevrəsi təkcə ADU-dan ibarət idi ki? Məlum məsələdir ki, o heç yerdə toy qurub-bayram etməyib. Zərbəliyev professor ola bilib, amma bilməyib ki, bir damcı balla çoxlu milçəyi öldürmək olar, amma bir damcı zəhərlə bir-iki həşərat. Zərbəliyevin zəhərləri bu gün onu “like”etməyənlərin, yazdıqlarını oxumayanların timsalında özünə qayıdır, özü də zəhərləndiyindən od püskürür, hiddətini gizlədə bilmir. Buna görə də, onun “talkuçka” söhbətinə bənzər şəbədəsinə, “qəhrəmanlıq” nağıllarına, yersiz atmacalarına reaksiya verən yoxdur. Axı, ilin günün bu vaxtında bu cəfəngiyyat kimə lazımdır?Biz əgər jurnalist olaraq araşdıra biliriksə ki, QS reytinqində dünyada seçilmiş 1559 universitet iştirak edib, Zərbəliyev isə təhsil işçisi olaraq yazır 340 universitet iştirak edib. Bəs bu qədər yalanlardan, universitet heyətini ələ salmalardan sonra kim inanar onun universitetin müdafiəsinə qalxdığına? Bu “savadlı” professor özü-yazdığını özü dəfələrlə redaktə etməkdən başı açılsaydı bir başqa mənbələrə də nəzər yetirərdi ki, ən sadə məlumat əldə etmiş olsun. Əgər QS reytinqində 340 universitet iştirak etmişdisə, İqtisad Universiteti necə 550-ci yeri tutub? Zərbəliyevin xəyal dünyasında “Beşmərtəbəli evin altıncı mərtəbəsi” vaqe olur, deyəsən. Bizsə, onu paranoik aləmdən ayrılıb real aləmə qayıtmağa dəvət edirik. Ən azından ona görə ki, eşitsin və agah olsun ki, ADU bu il Müasir dillər üzrə Kanadanın Kvebek Universiteti (Universite du Quebec), ABŞ-ın Vanderbilt Universiteti ilə, İtaliyanın Trento Universiteti ilə, Birləşmiş Krallığın Surrey Universiteti ilə, İsveçrənin Basel Universiteti ilə eyni yerləri – yəni 301-340-cı yerləri bölüşür. Bu uğur deyil, ay universitetdə fəaliyyət göstərəndə əməkdaşlara qan udduran, indisə “qoruyucu mələy”ə çevrilən Zərbəliyev?
Pərvin Abışova/AzTimes.az