Telefonla “küçə reportyorluğu” edənlərin məqsədi nədir? – Polisi təxribata çəkmək cəhdləri jurnalistika deyil

Baxılıb:348
Telefonla “küçə reportyorluğu” edənlərin məqsədi nədir? – Polisi təxribata çəkmək cəhdləri jurnalistika deyil

Son zamanlar özlərini “azad söz” carçıları kimi təqdim edən bir qrup “reportyor” nə qanunlara, nə də jurnalistin peşə etikasına sığan davranışlara yol verirlər. Son belə biabırçı hadisə isə bu günlərdə metronun “Nərimanov” stansiyası qarşısında keçirilən aksiya zamanı yaşanıb.Sözügedən aksiyadan çəkilmiş videogörüntüləri izləyərkən təəssüflənməyə bilmirsən. Jurnalistlər üçün yaradılmış şəraitdən, ölkədəki söz azadlığından sui-istifadə bu görüntülərin ana qayəsini təşkil edirdi. “Jurnalist” Gülnaz Qəmbərlinin aksiyada polislərə qarşı qeyri-etik davranışları, jurnalistə yaraşmayan ifadələrlə asayiş keşikçilərinin üzərinə getməsi nəinki jurnalistin peşə etikasına, heç adi əxlaq normalarına da sığmırdı.Heç bir gərək duyulmadığı halda polisin üzərinə getmək, təhqiramiz ifadələrlə polisi təxribata çəkmək hansı məqsədə xidmət edirdi? Gülnaz Qəmbərli və digərləri bəlkə də Avropa Şurasında Azərbaycandakı insan hüquqları məsələsinin qərəzli şəkildə gündəmə gətirildiyi bir ərəfədə yeni “faktlar”la ermənipərəst siyasətçilərin əllərini gücləndirməyə çalışır?Polisin üzərinə şığıyan, bütün diqqətləri özünə cəlb edən Gülnaz Qəmbərlinin söz ehtiyatındakı bütün qeyri-etik ifadələri polisin ünvanına səsləndirməsinə anlam vermək asan deyil. Onun aksiya zamanı təhqiramiz ifadələr işlətməsi, polisləri aşağılamağa çalışması isə yalnız özü və şəxsi keyfiyyətləri haqqında rəy yarada bilər. Gah televiziya kanallarında “ekspert” sifətində görünən, gah da küçə və meydanlarda əlində telefon, dilində söyüşlə “reportyorluq” edənlərə isə ən tutarlı cavabı elə əsl jurnalistlər verməlidir.KONKRET.az-ın əməkdaşı mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış jurnalist Müşfiq Ələsgərli ilə əlaqə saxlayıb. O, sözügedən aksiyada baş verənləri qınayaraq, jurnalistləri tərəfsizlik prinsipini unutmamağa çağırıb:“Jurnalist hadisələrə obyektiv yanaşmağı bacarmalıdır. Bitərəflik və obyektivlik jurnalistin hazırladığı materialda da, hadisə yerindəki davranışlarında da əsas prinsip olmalıdır. Təəssüf ki, bu prinsiplərin pozulması halları ilə tez-tez rastlaşırıq. Bəzi jurnalistlər bəzən nəinki obyektivlik prinsipini pozurlar, həm də reportajlar hazırlayarkən prosesin tərəfi, iştirakçısı kimi hərəkət edirlər. Bu isə qəbuledilməzdir”.Müşfiq Ələsgərli hesab edir ki, belə davranışlar bəzən ölkəmizə qarşı əks-təbliğat aparan mərkəzlər üçün manipulyasiya fürsətinə çevrilir:“Jurnalist vəsiqəsi daşıyan şəxs ictimai asayişi, qanunvericiliyin tələbini pozduğuna görə saxlanılıb xəbərdarlıq alanda, bunu “jurnalistə qarşı” basqı kimi qələmə verirlər. Hansı ki, ortada heç bir əlaqə yoxdur. Qanun qarşısında hər kəs bərabərdir. Xəbər istehsalçısı proseslərin iştirakçısına çevrilməməlidir. Odur ki, Mətbuat Şurası bu cür halların qarşısını almaq üçün açıqlamalar, bəyanatlar verir. Jurnalistlərə, xəbər istehsalçılarına öz məsuliyyətini xatırladır”.

AzTimes.az/konkret.az


Abunəlik