Masallı polisi məktəblilərlə görüşdü – FOTO
AzTimes.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Qızılağac kənd 1 nömrəli tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır!” və “Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq” mövzularında tədbir təşkil olunub.
Çıxış edən Masallı RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis kapitanı İxtiyar Talıbov bildirib ki, bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır. Burada əsas məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq durmasına nail olmaqdır.
Sonra Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq, Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətlə bağlı məktəblilərə məlumat verilib. Polis akademiyasının ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər barədə danışılıb.
Sonra müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.