Millət vəkili Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı haqqında danışdı

Baxılıb:124
Millət vəkili Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı haqqında danışdı

Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVI Zirvə Toplantısı keçirilib. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının XVI Zirvə Toplantısında iştirak etməsi Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Ölkə Başçısının bu mötəbər toplantıda çıxışı bir çox önəmli məqamları özündə ehtiva edirdi. Beləki, cənab Prezident çıxışında Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin qovşağında yerləşməsinin əhəmiyyətini, ölkəmizin enerji potensialı ilə əlaqədar məsələlərə xüsusi diqqət çəkib. Ölkə Başçısı Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun ECO-nun üzv dövlətləri üçün açıq olduğunu deyib. Əminliklə deyə bilərik ki, Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İqtisdi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”. Qeyd etməliyik ki, Azərbaycan ECO-nun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.
Onu da qeyd etməliyik ki, Azərbaycan ECO-ya üzv ölkələrlə təşkilat çərçivəsində və ayrı-ayrılıqda fəal əməkdaşlıq edir. Beləki, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir. Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.
Millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir.


Abunəlik