“Qazaxlı Alik”: “Çoxu yazır ki, guya Fuad həbs olunub..”

Baxılıb:472
“Qazaxlı Alik”: “Çoxu yazır ki, guya Fuad həbs olunub..”

“Oğlum həbs edilməyib, 4 ay müddətinə saxlanılıb. Bu müddət isə istintaq dövrüdür”.


AzTimes.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a oğlu Fuad Muradovun saxlanılması ilə bağlı açıqlamasında “Qazaxlı Alik” ləqəbi ilə tanınan Alik Muradov deyib.

 
O, oğlunun günahsız olduğunu bildirib: 


“Çoxu yazır ki, guya Fuad həbs olunub. Bu yanlış məlumatdır. Oğlum şübhəli şəxs qismində saxlanılıb. İndi bu müddət ərzində məsələ dəqiq araşdırılacaq, günahı sübut olunarsa, həbs ediləcək, yoxdursa, sərbəst buraxılacaq”.


A.Muradov şikayətçilərin 3-4 nəfər olduğunu bildirib:


“Qərara baxırıq, orada tamamilə yanlış ifadələrin verildiyini görürük. Fuadın dədəsinin puluna nə gəlib ki, gedib kimdənsə pul tələb eləsin?! Zorakılıq, rekertlik və s. yanlış ifadədir. Kim “torba tikib”, hamısı bizə məlumdur”.

 
F.Muradovun atası məhkəməyə müraciət etdiyini bildirib:


“Artıq Apelyasiya Məhkəməsinə şikayət vermişik. Görək, 4 ay saxlanılma müddəti nəyə görə təyin edilib? Fuad adam öldürməyib, cinayət törətməyib, küllü miqdarda pul almayıb. Belə olmaz axı. Sifariş Ağstafa rayonundan gəlib, 3, ya 4 nəfər kiminsə istəyi ilə oğlumdan şikayətçi olub”.


Alik Muradov sosial şəbəkə istifadəçilərinə səslənib:


“Rəyləri oxuyuram, dəhşətə gəlirəm. Bilib-bilmədən ağızlarına gələni yazırlar. Biri yazır “ bu da belə getdi”, digəri deyir “yaxşı oldu” və s. Adamın başına iş gələr. Ayıb deyil? Fuad dövlətə xəyanət etməyib, zorakılıq törətməyib. Niyə tanımadığınız biri haqda bu qədər qəzəbli sözlər yazasınız? Yeri gəlsə, dövlətim və xalqım uğrunda oğlumu da, öz canımı da qurban verməyə hazıram”.


Qeyd edək ki, Fuad Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Abunəlik