“Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin”

Baxılıb:360
“Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin”

“Gənclərimizin borcudur ki, Azərbaycan daim müstəqil dövlət olsun, Azərbaycan xalqı bir millət kimi dünyada öz yerini tuta bilsin, gələcəyə daha da uğurla gedə bilsin, dünya millətləri, xalqları arasında aşağı səviyyədə durmasın, ümumdünya səviyyəsində olsun.”
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində Azərbaycan gəncliyi və gənclər siyasəti xüsusi yer tutur. Ulu Öndərin bu sahələrin inkişafında xidmətləri misilsizdir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daima gənclərin qüdrətli hamisi kimi çıxış etmişdir. Keçən əsrin 70-ci illərinin Azərbaycan təhsilinin intibahı dövrü olması da məhz gənclərə olan diqqət və qayğıdan irəli gələn mühüm sıçrayış dövrü idi. Bu illərdə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdır. Bu dövrdə həmçinin, 5 yeni ali məktəb açılmış, tələbələrin sayı yetmiş mindən yüz minə çatmışdır. Əlbəttə, bütün bunlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən və milli maraqlara əsaslanan unikal siyasətinin Azərbaycan xalqına töhfəsi idi.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, 70-80-cı illərdə Azərbaycanın əldə etldiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyinə hədəflənmiş milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlı gənclərin oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır. Ulu Öndər həmişə bu gənclərlə görüşür, onlara qayğı göstərirdi. Böyük qürur hissilə qeyd etmək istəyirəm ki, mənə də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsilə həyata keçirilən bu layihə çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almaq və dahi liderlə görüşmək nəsib olmuşdur.
Millət vəkili T.Cəfərova qeyd edib ki, düzdür, 1988-ci ildən 1993-cü ilə qədər ölkə gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmışdı, onun potensialı lazımınca qiymətləndirilmirdi. Ölkədə gənclər siyasəti demək olar ki, unudulmuşdu. Həmin dövürdə qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin iflic hala düşməsinə gətirib çıxarmış gəncliyin başlı-başına buraxılması onlarda sabaha inam hissinin itirilməsinə səbəb olmuşdu. Müxtəlif qrupların hakimiyyət uğrunda çəkişmələrində yeniyetmələrin potensialından sui-istifadə halları gəncliyin mənəvi-psixoloji böhran vəziyyətinə düşməsi ilə nəticələnmişdi. Lakin, Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra bu vəziyyət kökündən dəyişdi. Belə bir məqamda hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ilk görüşünün məhz gənclərlə keçirdi. 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında gəncliyə dərin inam bəslədiyini bildirmişdi. Ümummilli Liderin “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” sözləri Azərbaycan gəncliyi üçün yeni ümidlərin və gələcək qüdrətli, güclü Azərbaycana olan inamı da geri qaytarmışdı.
Azərbaycandan kənarda təhsil alan gəncləri doğma övladları, Azərbaycanın milli sərvəti adlandıran Ulu Öndər 31 avqust 1998-ci il tarixində indiki H.Əliyev sarayında onlarla keçirilən möhtəşəm görüşdə belə bildirmişdir: “Mən çox həyəcanlıyam, həm də çox sevinirəm. Ona görə sevinirəm ki, 29 il bundan əvvəl əsasını qoyduğum xeyirxah işin gözəl bəhrələrini görürəm…. Vaxtilə bu salona 16-17 yaşında daxil olmuş insanlar – siz ötən illərdə böyük həyat yolu keçmişsiniz, formalaşmısınız, püxtələşmisiniz, Azərbaycanın həyatının müxtəlif sahələrində fəaliyyət göstərirsiniz. Bunların hamısının əsası həmin illərdə qoyulubdur. Ona görə də mən sizin hər birinizin həyatında etdiyim xidmətin nəticəsini görərək bu gün sevinirəm, şadlanıram və iftixar hissi keçirirəm”.
Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbətdə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir.
Əminliklə deyə bilərik ki, bugünkü qalib və güclü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Millət vəkili Tamam Cəfərova belə deyib.


Abunəlik