Qazi prezidentə müraciət etdi – VİDEO
QAZİMİZ Süleymanov Elşad Süleyman oğlu ATİA.AZ saytı vasitəsilə Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevə müraciət ünvanlayıb. Bu haqda qısaca məlumat veririk:
Süleymanov Elşad Süleyman oğlu, 1972-ci il 23 sentyabrda Salyan rayonu Qubalı kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. 1990-1992-ci illərdə o vaxtkı Leninqrad (indiki Sankt-Peterburq) şəhərində həqiqi hərbi xidmətdə olub .1993-cü ildə rayonu dəyişilib və o, 1993-cü ildə ulu öndər H. Əliyevin çağırışı ilə könüllü olaraq Hacıqabul rayonu Qubalıbaloğlan kəndindən torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərə yollanıb.
Əvvəlcə Ağdam, sonra Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib. 1994-cü il fevral ayının 11-də ağır yaralanıb. Onu Lənkəran şəhərindəki hərbi hospitala aparıblar. Ayağının aşağı üçdə birini amputasiya ediblər. O vaxtdan bəri Bakı şəhəri Əhmədli qəsəbəsindəki Protez İnstitutunda qeydiyyatda olub. Əvvəllər vaxtlı-vaxtında protezini dəyişiblər. Yəni yenisi ilə əvəz olunub.
Amma indi protezin dəyişiləcəyi vaxtdan 3 il keçsə də qazi onu dəyişdirə bilmir. Səbəb kimi isə bildirdikləri budur ki, “adınız bazada yoxdur”. Hərçənd ki, bu bazanın nə olduğunu bilmir. İyul ayında DOST xidmətində olmuş, ona bildirmişlər ki, “adını yazdıq bazaya”. Amma hələ də adı qeydiyyatda yoxdur və o, guya protezini buna görə dəyişə bilməzmiş.
Qazimiz köhnə protez ucbatından yeriməyə əziyyət çəkir. Vətən uğrunda, bizim uğrumuzda , özü də ən çətin dönəmlərdə könüllü gedib can qoyan insana bir protezi çoxmu görürlər? Bu, hansı vicdana sığır?
Ümid edirik, qarşı tərəfin cavabı xoşməramlı olacaq və qazimiz yeni protezlə təmin olunacaq.
Qarşı tərəfin əsaslı cavabını gözləyirik.
Xəbəri diqqətimizdə saxlayacağıq.
Daha ətraflı ATİA.TV-nin süjetində: