Deputat Hicran Hüseynova şəhid və qazi ailələrini ziyarət etdi
AzTimes.az xəbər verir ki,Sumqayıt şəhər Corat qəsəbəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qaziləri ziyarət edib.
Vətən müharibəsində şəhid olmuş kapitan Heydərov Anar Bəhruz oğlunun və qazi Məmmədov Elşad Nəriman oğlunun ailə üzvləri ilə görüşdə deputat Hicran xanım Hüseynova Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvaris Əliyev və nümayəndənin müavini Mehrab Əliyev ilə birlikdə iştirak edib.
Qeyd edək ki, Anar Heydərov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsinin qazisi Elşad Məmmədov Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmışdır.
Komitə sədri Hicran Hüseynova ilk öncə şəhidimizin evində olub, ailəsinin gündəlik qayğıları ilə maraqlanıb və qeyd edib ki, “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Belə qəhrəman övladlar yetişdirdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. Şəhidlər bizim qurur yerimizdir, hər birimiz onların ailələri qarşısında mənəvi məsuliyyət daşıyırıq. Qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərimiz heç vaxt unudulmayacaq! Vətən, xalq yolunda canını fəda edən, həyatını qurban verən igid oğullarımızla fəxr edir, qürur duyuruq!”
Daha sonra 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Vətən müharibəsidə yaralanmış qazimizin evində olub, onun qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb. Müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırıb. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub.
Deputat bildirib ki, Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Şəhidlərimizin isə fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaq.
Şəhid və qazi ailələrinin üzvləri Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Ziyarətlərdə əsas məqsəd şəhid və qazi ailələrini yad etmək, dərdlərinə şərik olmaq, onları narahat edən problemlərinin həllini təmin etmək və mənəvi dəstək göstərməkdir.
Allah torpaqlarımızı azad edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin.