Əliyev və Paşinyanın “bədən dili”nin şifrələri: ultimatum və təzyiq…

Baxılıb:260
Əliyev və Paşinyanın “bədən dili”nin şifrələri: ultimatum və təzyiq…

Ermənistan Baş naziri Nikol Paşinyanın “bədən dili”ndən görünür ki, o, Dağlıq Qarabağ üzrə danışıqlara hazır deyil. Bunu Sonxeber.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə N. Paşinyan arasında keçirilmiş qeyri-rəsmi görüşdə iki liderin “bədən dili”nin nədən xəbər verdiyini şərh edərkən deyib.

Paşinyan qorxur

Onun sözlərinə görə, sadəcə razılıq var ki, harada və hansı tədbirdə bir yerdə olsalar, görüşsünlər və fikir mübadiləsi aparsınlar: “Bunu özləri də deyir. N. Paşinyanın “bədən dili” ondan xəbər verir ki, o, Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq istəmir. Ermənistanın Baş naziri Qarabağ klanından qorxur. Düşünür ki, danışıqlarda bir addım atsa, onu Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyan kimi devirərlər”.

Paşinyana təzyiq etməliyik

Politoloqun fikrincə, Ermənistan tərəfindən bu il ərzində də danışıqlarda heç bir addım atılmayacaq: “Bizim yeganə alternativimiz Paşinyana təzyiq etməkdir. Yenə də təkrar edirəm ki, Paşinyan ilin ortalarına yaxın ciddi problemlərlə üz-üzə qalacaq. Böyük vədlər verib. Sosial-iqtisadi məsələləri həll etməlidir. Necə həll edəcəyi bəlli deyil. Heç bir ölkə Ermənistana kredit vermək istəmir. Ölkənin xarici borcu az qala dövlət büdcəsinin həcminə yaxınlaşıb. Belə olan halda Ermənistanda müxalifət, Qarabağ klanı fəallaşacaq. Bunu Paşinyan da anlayır. Bunu anladığına görə də münaqişənin nizamlanmasında heç bir addım atmaq istəmir”.

İrəvana vaxt qoyulmalıdır

E. Şahinoğlu hesab edir ki, bu, Azərbaycanı maraqlandırmamalıdır: “Bu, Paşinyanın və Ermənistanın siyasi elitasının problemidir. Rəsmi Bakı Paşinyana ultimativ tərzdə vaxt qoymalıdır. Bu vaxt 3 və ya 6 ay təşkil edə bilər. Bu müddət ərzində addım atmasa, Dağlıq Qarabağ ətrafında işğal edilmiş digər rayonları boşaltmağa hazır olmasa, ağır nəticələrlə üzləşməli olacaq. İndiyədək atəşkəsə pis-yaxşı riayət olunub. Ancaq atəşkəs kövrəkdir. Biz şans yaratdıq ki, Paşinyan dekabrda seçkini rahat keçirib qələbə qazansın. Ancaq Paşinyan indi güclü Baş nazirdir, parlamentdə 3/2 səs çoxluğuna malikdir. Ona görə də Paşinyana ultimativ tərzdə vaxt verməliyik və bu müddətdə addım gözləməliyik. Addım atmayacaqsa, biz də öz tədbirlərimizi görməliyik”.

Tramp Paşinyanı öz tərəfinə çəkmək istəyir?

Birləşmiş Ştatların N.Paşinyanı öz tərəfinə çəkməsinə dair fikirlərə münasibət bildirən ekspertin sözlərinə görə, ABŞ-ın o qədər problemi var ki, Vaşinqtonun gündəmində Ukrayna, Suriya, Yaxın Şərq, Rusiya və Çinlə münasibətlər var: “Cənubi Qafqaz Amerikanın prioritet mövzularından deyil. Əgər Birləşmiş Ştatlar Paşinyanı öz tərəfinə çəkmək istəsəydi, ona maliyyə vəsaiti verərdi. ABŞ Prezidenti Donald Tramp ticarətçi kimi nəinki kiməsə pul vermir, hətta kimdəsə Amerikanın pulu varsa, onu geri almağa çalışır”.

Məftun Salmanov


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir