Zəngəzura, Göyçəyə gedən yol – Üç mühüm ssenari və Bakının izlədiyi strateji xətt
“Qərbi Azərbaycana qayıdış”. Ermənistanın kabusu olan bu məsələnin Qarabağda suverenliyimizin bərpasından sonra reallaşması perspektivləri ortaya çıxıb. Əgər 2020-ci ilin 27 sentyabrına qədər Azərbaycanın hədəfi torpaqlarındakı işğala son qoymaq, 2023-cü ilin 20 sentyabrına qədər erməni separatizmini ləğv etmək idisə, növbəti hədəfin azərbaycanlı qaçqınların öz tarixi yurdlarına qayıdışı olduğu görünür. Bunu Qərbi azərbaycanlıların icmalaşmasına dövlət səviyyəsində verilən dəstək, o cümlədən, danışıqlar masasında zaman-zaman qayıdış məsələsinin gündəmə gətirilməsi də deməyə əsas verir.
Mövcud şərtlərdə Qərbi Azərbaycana qayıdış mübahisələndirilə bilər, çünki bunun necə baş verəcəyi, Ermənistanın bunu qəbul edib-etməyəcəyi açıq qalır. Hərçənd, proseslərin inkişafı fonunda Qərbi Azərbaycana qayıdışın sülh danışıqlarının tərkib hissəsi olacağı, növbəti mərhələdə müzakirələrin ən aktual məsələsinə çevrilə biləcəyini də istisna etmək olmaz. Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycanın cari dövrdə həll etmək istədiyi məsələlərdən biri işğal altında qalan 8 kəndin azad edilməsi idi. Artıq anklav olmayan 4 kəndin qaytarılması reallaşıb, anklavlar məsələsi müzakirə mərhələsinə çıxarılıb. Bundan sonra rəsmi Bakının İrəvanla münasibətlərin normallaşması prosesində üç hədəfi görünür:
– Naxçıvana maneəsiz keçidin əldə edilməsi: bu, ya 10 noyabr razılaşmasına, ya da “Azərbaycandan Azərbaycana prinsipi” üzrə ola bilər, hər iki halda regional kommunikasiyaların açılmasında dəhliz məntiqi prioritetdir;
– Sərhədin delimitasiya-demarkasiyası prosesində sovetlər dövründə ermənilərə bağışlanan ərazilərimizin mümkün qədər geri qaytarılmasına nail olmaq;
– Azərbaycanlıların öz yurdlarına ləyaqətli və təhlükəsiz şəraitdə qayıtmasını təmin etmək;
Hər üç məsələnin Qərbi Azərbaycan coğrafiyasına aid olduğunu nəzərə alsaq, bunu ümumilikdə qayıdış strategiyasının tərkib hissəsi hesab edə bilərik.
Və bu kontekstdə Qərbi Azərbaycana qayıdışın iki mümkün ssenaridə baş verə biləcəyi ön plana çıxır.
Birinci ssenari, delimitasiya prosesi çərçivəsində reallaşmasıdır.
Qazax-Tavuş sərhədində demarkasiya prosesi mövcud xətlərə uyğun aparılsa da, digər hissələrdə, xüsusilə Göyçədən Mehriyə qədər olan bölgələrdə yanaşma dəyişə bilər. Ermənistan sərhədin Alma-Ata bəyannaməsinə uyğun şəkildə, yəni SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsinə çalışır. Bu İrəvana imkan verir ki:
– Ordumuzun 44 günlük müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olsun;
– SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimliyini qəbul etdirsin;
Azərbaycan bunu qəbul etmir və delimitasiyanın sülh sazişinin imzlanmasından sonrakı dövrə saxlanılmasını istəyir. Bu, həm delimitasiyanın uzunmüdətli proses olaraq, sülh sazişini gecikdirməsindən qaynaqlanır, həm də Qərbi Azərbaycan strategiyasından irəli gəldiyi istisna edilməməlidir. Çünki delimitasiya-demarkasiya rəsmiləşmədiyi müddətdə Ermənistanla sərhəd şərtidir və şərti sərhəd daim tarixi torpaqlara – Göyçəyə, Zəngəzura və s. doğru irəliləmək imkanı verir. Eyni zamanda, bu, XX əsrin xəritələrini də daim aktual olaraq saxlayır. Qərbi Azərbaycanın dərinliklərinə doğru irəliləmək strategiyasına iki kontekstdə baxmaq olar.
1. AXC dövründə İrəvan şəhəri başda olmaqla ermənilərə verilən ərazilərimizdir: AXC-nin varisi olan Azərbaycanın bu torpaqlara iddia etmək haqqı var, digər tərəfdən, rəsmi Bakının delimitasiya prosesində AXC dövrünün xəritələrini irəli sürməsi ssenarisi də mümkündür, lakin bunun praktiki müstəvidə reallaşması perspektivi zəif görünür, hər-halda yaxın tarix üçün; bu, Cənubi Qafqazın siyasi xəritəsinin tamamilə dəyişməsi ssenarisində mümkün ola bilər;
2. Sovetləşmə dövründə və sonrasında ermənilərə bağışlanan ərazilərimizdir: sərhədin müəyyənləşməsində bu ərazilərə nəzarətin bərpa edilməsi perspektivi var.
Söhbət sovetləşmə dövrünün başlanmasından etibarən əsrin sonuna qədər ermənilərə verilən ərazilərimizdən gedir. 1918-ci ildə Azərbaycan torpaqları hesabına yaradılan Ermənistanın ərazisi cəmi 9,8 min kvadratkilometr sahəni əhatə edirdi. 1920-ci ildə AXC-nin işğalından sonra Ermənistan ərazisinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi həyata keçirildi. 1920-ci ildə Zəngəzur, daha sonra Göyçə mahalı, Dərəlyəz və Dilican qanunsuz şəkildə Ermənistana verildi. Lakin bu, son deyildi. SSRİ rəsmən qurulduqdan sonra da ərazilərimizin ermənilərə bağışlanması prosesi davam etdi.
– 1926-cı ildən 1929-cu ilə qədər Qazax qəzasının təxminən 82 min hektar əkin, 86 min hektar otlaq sahəsi Ermənistana verildi. Beləliklə, Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirdi.
– 1929-cu ildə Qazaxın sahəsi 4 min 360 hektar olan Şınıx-Ayrım meşələri də ermənilərə “bağışlandı”. Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirildi.
– 1929-cu ilin 18 fevralında Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə “bağışlandı”. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri daxildir.
– 1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirildi və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradıldı. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə “bağışlandı”.
– 1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirildi.
–1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi Ermənistana verildi.
– 1986-cı ildə Qazaxın 2500 hektar əkin və otlaq sahəsi ermənilərə “bağışlandı”.
Azərbaycanın sərhədin delimitasiyasında 1920-ci illərin xəritələrini irəli sürmək və qanunsuz şəkildə ermənilərə verilən bu ərazilərə nəzarəti bərpa etmək imkanı var. Prezident İlham Əliyev də bildirib ki, sərhədin müəyyənləşməsində XX əsrin əvvəlindəki xəritələr əsas götürülə bilər. Və delimitasiya prosesində üç variantın mümkünlüyünü dilə gətirib.
Birincisi, siyasi metedologiyadır: söhbət AXC dövrünə aid xəritələrin əsas götürülməsindən gedir;
İkincisi, xronoloji metodologiyadır: bu, sovetləşmə başladığı dövrdən ardıcıl şəkildə ermənilərə verilən ərazilərimizin qayarılması ilə nəticələnə bilər;
Üçüncüsü, bütün xəritələrin bir kənara qoyulması və sərhədin qarış-qarış müəyyənləşdirilməsidir;
İlk iki variant Qərbi Azərbaycan ərazisinin böyük hissəsinin azad edilməsi və azərbaycanlıların tarixi torpaqlara qayıdışının önünün açılması imkanı verir. Hərçənd, üçüncü variantda da bu mümkün görünür:
– Sərhədin qarış-qarış müəyyən edilməsi prinsipi mövcud mövqelərin saxlanılmasına, ordumuzun 44 günlük müharibədən sonra nəzarətə götürdüyü strateji yüksəkliklərdə qalmasına imkan verir;
– Rəsmi Bakı Ermənistana seçim təqdim edə bilər: XX əsrin xəritələrinin kənar qoyulması və sərhədin “qarış-qarış prinsipi”nə uyğun müəyyən edilməsi qarşılığında azərbaycanlıların tarixi yurdlarına qayıdışının təmin edilməsi;
Bu, azərbaycanlıların qayıdışı perspektivində ikinci ssenarini aktuallaşdırır: məsələ danışıqlar masasına daxil edilə və diplomatik-hüquqi yolla həll oluna bilər;
Əslində Qərbi azərbaycanlıların qayıdışı məsələsi ötən il Brüsseldə keçirilən danışıqlara daxil edilib. 2023-cü ilin 15 iyulunda Brüsseldə bir araya gələn tərəflər “öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıb”. Bu, azərbaycanlıların tarixi torpaqlarına – Ermənistana təhlükəsiz şəraitdə qayıtması, ermənilərin isə Qarabağda Azərbaycan vətəndaşı kimi yaşamağa davam etməsi demək idi. Rəsmi Bakı erməni separatizminin ləğv edilməsi, Xankəndidə üçrəngli bayrağımızın qaldırılması şərti ilə buna problem yaratmırdı. Lakin Ermənistan azərbaycanlıların qayıdışına danışıqlar masasında “hə” desə də, reallıqda buna qarşıdır. Brüssel razılaşmasından iki ay sonra – 20 sentyabrda Qarabağda separatizmin ləğv edilməsinin ardınca ermənilərin kütləvi şəkildə Ermənistana qayıtmasının arxasında rəsmi İrəvanın bu planının olduğu da istisna edilməməlidir. Erməniləri Qarabağı kütləvi şəkildə tərk etməyə sövq edən Ermənistan bununla azərbaycanlıların qayıdışı razılaşmasını da sıradan çıxarmaq gedişi etdi. Hərçənd, beynəlxalq hüquq və reallıqlar azərbaycanlıların qayıdışı perspektivinin mümkünlüyünü hələ də sıradan çıxarmayıb. Və bunun üçün Ermənistanın ermənilərin Qarabağa yenidən köçürülməsi şərtini irəli sürmək imkanı da yoxdur. Çünki Qərbi azərbaycanlılardan fərqli olaraq, işğal dövründə Qarabağda yaşamış ermənilər beynəlxalq hüquqa görə qaçqın sayılmır.
1951-ci ildə qəbul edilən Cenevrə Konvensiyasında qaçqın belə təsnif edilir: “İrqi, dini, milli mənsubiyyətinə görə təqib olunacağından qorxduğu üçün ölkəsinə qayıda bilməyən, yaxud qayıtmaq istəməyən şəxs”;
Bu konvensiya BMT sənədlərinə də daxil edilib və beynəlxalq hüquqda “qaçqın statusu” ala biləcək şəxslərə aid edilir. Qarabağda yaşamış ermənilər bu təsnifata daxil deyil:
– Onlar öz ölkələrini tərk etməyib, əksinə, vətəndaşı olduqları Ermənistana qayıdıblar. Onların “ölkə” adlandırdıqları işğal dövründə separatçıların idarə etdiyi qondarma rejim idi və bu rejim Ermənistanın özü də daxil olmaqla beynəlxalq müstəvidə heç vaxt tanınmayıb.
– Ermənilərin daşıdığı pasportlar “070” kodu ilə qeydə alınan Ermənistan pasportları idi, separatçı rejimin verdiyi “pasportlar” isə rejimin özü kimi tanınmır.
– Qarabağdakı ermənilərin böyük əksəriyyəti işğal dövründə Ermənistanın müxtəlif yerlərindən, eləcə də Yaxın Şərqdən bura köçürülənlər olub: buna görə onların mülkiyyət hüququ da sual altındadır.
Beynəlxalq hüquq Qarabağdan çıxan ermənilərin “qaçqın” olmadığını isbat edir və onların geri qayıtması üçün hüquqi tələb yaratmır. Eyni hüquq Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasının təmin edilməsi tələbini qoyur.
1. Deportasiyaya qədər azərbaycanlılar Qərbi Azərbaycanda öz mülklərində yaşayıb, deportasiyadan sonra ermənilər bu mülkləri ələ keçirib. Bununla bağlı faktlar Azərbaycanda var.
2. 1988-ci ildə azərbaycanlılar məhz irqi, dini və milli mənsubiyyətlərinə görə öz evlərindən qovulub;
3. Azərbaycanlılar deportasiyaya qədər Ermənistan SSR-nin pasportlarına malik olub, bu təsdiq edir ki, onlar öz ölkələrindən qovulublar;
4. Hazırda onlar irqi, dini və milli mənsibiyyətinə görə təqib olunacağı qorxusu ilə öz yurdlarına qayıda bilmir.
Bütün bunlar sayı 300 mindən çox olan Qərbi azərbaycanlıların geri – tarixi yurdlarına qayıtması perspektivinin qeyri-real olmadığını göstərir. Və rəsmi Bakının izlədiyi strateji xətt bu hədəfə nail olmaq üçün hüquqi əsasla yanaşı, siyasi iradənin də olduğunu deməyə əsas verir.