“Zəhmətə səcdə edən adam – Elşən dayının ömür çəkisi”
Hər məhəllənin özünəməxsus bir siması, kölgəsi düşən bir ağacı, səsini eşidəndə içi isidəni olur. Bizim məhəllənin kölgəli adamı isə Elşən dayı idi— sınıq-salxaq “Qaz-24″ünün arxasında, tozlu, nimdaş, lakin təmiz və halal əlləri ilə ruzisini qazanan bir zəhmət adamı.
Hər şənbə-bazar gün çıxmamış yola düşərdi. Yolunun biri Hacıqabula, biri “Meyvəli” bazarına aparardı. Maşının yük yerində süd, qatıq, pendir, yumurta, meyvə-tərəvəz— daşdan yumşaq nə vardısa, tapıb gətirərdi. O maşın bəlkə də çoxdan “xılamlığa” göndərilməliydi, amma Elşən dayı üçün o, bir təkərli dost, bir “çörək ağacı” idi.
Onu mənə tanıdan dəyərli ziyalımız, mərhum Ənvər Çingizoğlu oldu. Ənvər müəllim Elşən dayının daimi müştərisi idi. Onların arasında sadə alış-verişdən daha dərin, dürüstlük və qarşılıqlı ehtiramla hörülmüş bir bağ vardı— biri qələmlə, biri zəhmətlə yaşayırdı, amma hər ikisi halallıqla nəfəs alırdı.
Ənvər müəllim qəfil haqq dünyasına qovuşandan sonra Elşən dayının da həyatının tarazlığı pozuldu. Alış-veriş etdiyi məkan dəyişdi, köhnə məhəllədən də köçməyə məcbur oldu. Deyilənə görə, bəzilərinə onun sınıq maşını, qabarmış əlləri, nimdaş geyimi yaraşmırmış. Guya məhəllənin “görünüşünə” xələl gətirirmiş…

Amma o, sakitcə getdi. Arxasında bir kədər, bir də dua qoydu. Hər dəfə köhnə məhəlləyə yolu düşəndə başını aşağı salıb işini görər, Ənvər müəllimin adı çəkiləndə gözlərini uzaqlara dikib, dərin köks ötürərək: “Allah ona rəhmət eləsin,”— deyərdi. Ənvər müəllim getdi, Elşən dayı arxasız qaldı. Bəzən bir yaxın adam dünyadan köçəndə, sanki bir dirək yıxılır. Elşən dayı üçün də o dirək Ənvər müəllim idi.
Elşən dayı tərəziyə heç vaxt xəyanət etməzdi. Nə qiymətdə aldatdı, nə də çəkidə. Əksinə, çox vaxt bir ovuc da artıq qoyardı. Bilirdi ki, bir ticarətçinin imtahanı tərəzidən başlayır. O bu imtahandan üzüağ çıxmışdı. Dünya malına tamah salmadı, övladlarını halal zəhmətlə böyütdü, evləndirdi, nəvə sahibi oldu— amma bir dəfə də olsun haramı evinə buraxmadı.
Yay aylarında tez-tez azyaşlı oğlunu sonbeşiyini Zeynalı da özü ilə gətirərdi. Balaca Zeynal da atası kimi zəhmətə alışmışdı. Qonşuların aldığı meyvə-tərəvəzi kiçik əlləri ilə evlərə daşıyar, işin içində böyüyərdi. Bu, sadəcə əmək yox, ailədən gələn halallığın, zəhmətə hörmətin nümunəsi idi.

Bu sətirləri yazarkən yadıma Mirzə Cəlilin “Dəllək” hekayəsi düşür. Orada Usta Hüseyn deyirdi: “Müsəlmançılığın şərtləri çox ağırdır. Az adam var ki, onların hamısına əməl edə bilsin.” Elşən dayı da həmin az adamlardan idi. Kasıb idi, amma halalı bol idi. Geyimi köhnəydi, amma sifəti aydın. Tərəzisi köhnəydi, amma haqqı düz çəkirdi.
İndi Elşən dayı bu dünyanın yükünü yerə qoyub, o biri aləmdə— əbədi istirahətindədir. Dua edirəm ki, bu dünyada qazandığı zəhmətkeşlik, halallıq və insanlıq o dünyada da onun əlindən tutsun. Bu dünyada ayaqda durmağı bacardı, amma ürəyi bu zəhmətin ağırlığına dözmədi.
İndi hər ikisi— həm Ənvər müəllim, həm də Elşən dayı— bəlkə də bir yerdədirlər. Dünya tərəzisinin o biri gözündə, daha dürüst, daha ədalətli bir aləmdə. Əvvəllər bazarlıq etdikləri kimi, indi də səssiz-sədasız bir kölgədə oturub baxırlar bura. Ənvər müəllim— yaşadığı məhəlləyə, Elşən dayı isə halal zəhmətlə çörək qazandığı küçəyə.
Bəlkə də hər səhər onların baxışları düşür üzərimizə— görək, tərəzini düz çəkirikmi, haqqı tapdalamadan yaşaya bilirikmi?
Elşən dayının çiynində daşıdığı zəhmət, Ənvər müəllimin qələmində daşıdığı söz— hər ikisi bu torpağın alnıaçıq adamları idi.
Tərəzinin gözünü pozmayan, amma məhəllənin və zamanın gözündən düşən o az adamlardan biri olaraq yaddaşlarda qalacaqsan, Elşən dayı…
Və hər ikiniz bizə bir dua, bir ibrət, bir hekayə qoyub getdiniz.
Ruhlarınız şad, məkanlarınız nurla dolsun.
Savalan Talıblı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb