Zəfər Gününün tarixi dəyişdi – 8 Noyabr

Baxılıb:392
Zəfər Gününün tarixi dəyişdi – 8 Noyabr

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

AzTimes.az – ın xəbərinə görə, məlumatda deyilir:

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.

Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.


Abunəlik