Yuxu keyfiyyətini yaxşılaşdıran 3 qayda açıqlandı
İspaniyalı endokrinoloq Fransisko Rosero yuxu keyfiyyətini yaxşılaşdırmağın yollarını açıqlayıb.
“El Espanol”a müsahibə verən ekspert yatmazdan üç saat əvvəl bəzi qaydalara əməl etməyi məsləhət görüb.
Bunlar yuxu saatından 3 saat öncə yemək yeməyi dayandırmaq, hər hansı işi iki saat əvvəl bitirmək və bir saat əvvəl bütün elektron cihazları kənara qoymaqdır. Bu “3-2-1 qaydası” yuxunu yaxşılaşdırmağa kömək edir.
Həkimin sözlərinə görə, bu sxem yatmazdan əvvəl beynin yükünü azaltmağa kömək edir. Gec yeməkdən və ya qəlyanaltılardan imtina etmək isə qanda qlükoza səviyyəsini sabitləşdirir.
Rosero əlavə edib ki, bu qaydalar dərmasız şəkildə yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün kifayət edə bilər, xüsusən də onu digər sağlam vərdişlərlə tamamladıqda. Həmin vərdişlərə isə həmişə eyni saatda yatmaq, yataq otağında parlaq işığın və səs-küyün aradan qaldırılması, qaranlıq və sərin mühitin yaradılması daxildir.
Həmçinin, mütəxəssisin fikrincə, rahatlaşdırıcı axşam ritualları vacibdir: nəfəs məşqləri, meditasiya, kitab oxumaq.
Nəhayət, həkim xatırladıb ki, yatmazdan əvvəl kofein, spirt və nikotin istirahətin təbii fazalarını ciddi şəkildə pozur və yuxuya getməyi çətinləşdirir.