Yol polisindən sürücülərə MÜRACİƏT

Baxılıb:134
Yol polisindən sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yorğun, yuxusuz və səhhətində problem olan vaxt avtomobil idarə edən sürücülərə müraciət edib.

Qurumdan Manset.az-a daxil olan məlumatda deyilir ki, yay mövsümü ilə əlaqədar avtomobil yollarında artan hərəkət intensivliyi fonunda baş verən yol-nəqliyyat hadisələrinin təhlili deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir:

“Müşahidələr göstəriri ki, iş və istirahət rejiminə əməl etməyən, fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.

Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır, arzuolunmaz nəticələr yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olun. Yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, sərxoşluq yaradan vasitələrin istifadəsindən qətiyyətlə imtina edin.

Yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirin, yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin. Uzaq məsafə qət ediləcəyi təqdirdə, mütləq 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz”.


Abunəlik