Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa…

Baxılıb:382
Yeni qaz sayğacları haqda rəsmi açıqlama: Əgər artıq pul hesablayırsa…

Son günlər ölkə ərazisində abonentlərin yeni qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı ictimaiyyətdə müəyyən şayiələr yayılıb. Yeni quraşdırılan qaz sayğaclarının artıq sərfiyyat hesablaması, abonentlərin artıq xərc ödəməsi ilə bağlı yayılan məlumatlar vətəndaşlar arasında çaşqınlıq yaradıb. 

“Aztimes.Az” xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Trend-ə müsahibəsində bu və digər suallara aydınlıq gətirib. – Ruslan müəllim, son günlər sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, guya “Azəriqaz” tərəfindən abonentlərə quraşdırılan yeni mexaniki sayğaclar əsassız olaraq artıq sərfiyyat yazır. Bu barədə nə deyə bilərsiniz? – “Azəriqaz” İstehsalat Birliyi bununla bağlı “Açıq qapı” günləri təşkil edir. Yeni gətirilən sayğaclarla bağlı yaranmış sualları cavablandırmaq məqsədilə hər həftənin 2-ci və 4-cü günləri saat 15:00-dan 17:00-a kimi vətəndaşlar onları maraqlandıran suallara cavab ala bilərlər. Sayğacların dəyişdirilməsinə gəlincə isə bildirmək istəyirəm ki, biz son 10 ildə 2 növ sayğacdan istifadə edirik. Bunlar elektron tipli mexaniki sayğaclar və əvvəl ödənişli (Smart) sayğaclar. Bu gün də həmin növ sayğaclardan istifadə edilir. Yenə də mexaniki və smart sayğaclardan istifadə edirik. Yeni gətirilən sayğaclar da smart və mexaniki sayğaclardır. Artıq ən müasir smart sayğacları Bakıya gətirilib və 200 ədədi sınaqdan keçirilib. Həmin sayğaclardan artıq 30 min ədədini gətirmişik. Gələn ayın əvvəli əlavə olaraq 60 min smart sayğac Bakıya gətiriləcək. Bundan sonra həmin sayğacların quraşdırılmasına başlanacaq. Bu sayğaclar əvvəlkilərdən bir çox funksiyası ilə fərqlənir. Bu sayğaclara nəzarət və onun idarə edilməsi daha asandır. Həmin smart sayğaclarda əvvəlki sayğaclar kimi koda düşmə, bloklanma, kartın oxunmaması problemləri yoxdur. Yeni quraşdırılan mexaniki elektron tipli sayğaclar isə sadəcə mexaniki sayğaclar kimi fəaliyyət göstərməyəcək. Bu sayğaclarda əlavə xüsusi qurğular quraşdırılır ki, bu qurğu vasitəsilə sərfiyyat kənardan görünəcək, klapan vasitəsilə borclu abonentlərin qazı mərkəzdən açılıb bağlanacaq. Həmin sayğaclar onlayn rejimdə işləyəcək. Biz hər hansı bir ərazidə, hər hansı bir binada köhnə smart tipli sayğaclarda sərfiyyatı görə bilmirdik. Abonent qaz yükləyib istifadə etməyincə biz onun sərf etdiyi qazı müəyyən edə bilmirdik. Biz xüsusi balansımızı həyata keçirə və aylıq itkiləri, ərazidən yığım səviyyəsini hesablaya bilmirdik. Amma indi quraşdırılan sayğaclar onlayn rejimdə olduğu üçün bu prosesə nəzaqrət etmək mümkün olacaq. Sayğacların artıq pul yazmasına gəlincə isə “Azəriqaz” İstehsalat Birliyi olaraq abonentlərin hər birinin şikayətlərini araşdırmağa borcluyuq və hazırıq. Hazırda müraciətlər əsasən qaz sərfiyyatının çox olması və vətəndaşların artıq pul ödəməsi ilə bağlıdır. Bu müraciətlər əsasən noyabr-dekabr aylarında qaz sərfiyyatının çoxluğu ilə bağlıdır. Bilirsiniz ki, hazırda qazın bir kubmetri 20 qəpikdir. Cənab Prezidentin vətəndaşlara olan dəstəyi nəticəsində əhali abonentinə xüsusi limit verilib. Əhali abonerntində 2200 kubmetr qaz sərfiyyatı üçün qazın bir kubmetri 10 qəpikdən hesablanır. 2200 kubmetrdən sonra hər kubmetrə görə əhali üçün bir kubmetr 20 qəpikdən hesablanır. – Mexaniki sayğaclardan imtina edən abonentlər Smart sayğaclarla təmin edilə bilərmi? – Bəli. Abonentlərin təklif və şikayətlərini dinləməyə hazırıq. Biz əvvəlki sayğaclardan imtina etməmişik. Əgər kimsə müraciət etsə ki, onun evinə əvvəldən ödəniş (Smart) sayğacı quraşdırılsın, onun xahişi nəzərə alınacaq və abonentə yeni Smart sayğac quraşdırılacaq. – Yeni sayğacların quraşdırılması prosesi nə yerdədir? – Artıq müxaniki sayğacların quraşdırılmasına başlanılıb. Hazırda bu proses davam etdirilir. Bu günə qədər 17 yaşayış binasında sayğaclar xüsusi qurğular əlavə edilməklə quraşdırılıb. Qeyd edim ki, bu sayğaclar quraşdırılan əlavə qurğu vasitəsilə mərkəzdən idarə olunacaq. Abonentə istifadə etdiyi qaz sərfiyyatına görə sms-bildiriş gələcək və həmin bildiriş gələn gündən sonra abonentə bir ay vaxt veriləcək. Bir ay müddətinə qədər biz həmin abonentin qazını kəsməyəcəyik. Bir aydan sonra abonent borcunu ödəməsə, onun qazı avtomatik kəsiləcək. – İşğaldan azad olunan ərazilərin qazlaşdırılması ilə bağlı vəziyyət nə yerdədir? – İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi ilə bağlı ilkin layihə işlərinə başlanılıb. Dövlətin müəyyən etdiyi proqram üzrə işlər davam etdirilir. Həmin ərazilərə magistral qaz kəməri çəkilməlidir. Bununla bağlı hələ ki, layihə axtarış işləri gedir. Konkret hansısa işlərə başlanması vaxtı hələlik məlum deyil. İlkin mərhələdə Araz çayı boyunca magistral xəttin çəkilməsi nəzərdə tutulur. Oradan isə Qarabağ rayonlarına və Dağlıq Qarabağa qaz xətləri paylanacaq. Bu ilkin layihədir və ola bilər ki, layihə dəyişsin. Artıq işğaldan azad olunan ərazidə köhnə qaz xətləri keçən yerlər müəyyən edilib və inventarlaşdırılıb. Magistral xətt çəkiləndən sonra tələbat müəyyənləşdiriləcək, hansı ərazidə sənaye müəssisələrinin olacağı dəqiqləşdiriləcək. Əhalinin yerləşdiriləcəyi ərazilər və bu ərazilərə görə tələbat müəyyən edilməlidir. – “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “Azəriqaz” İstehsalat Birliyinə olan borc məsələsi bir müddət gündəmdə oldu. Bu məsələ həllini tapdımı? – Bəli, bu məsələ həllini tapdı. Hazırda “Azəristiliktəchizat” ASC-nin bizə çox az borcu var. Çünki bu qurumun bizə olan 30 milyon manat borcu ötən ilin sonlarında dövlət tərəfindən ödənildi. Bu günə olan borc isə yalnız bu il istifadə edilən sərfiyyat borcudur. – Ölkə üzrə ümumi qazlaşma səviyyəsi neçə faizdir və yeni layihələr varmı? – Ümumi ölkə üzrə qazlaşma hazırda 92 faizdir. Qazlaşma xüsusi Dövlət Proqramı ilə həyata keçirilir. İlkin qazlaşma zamanı abonentdən heç bir ödəniş tələb olunmur, qaz xətləri çəkilir, sayğaclaşdırılır və abonentə təhvil verilir. Biz Dövlət Proqramının icraçılarıyıq. Bakı şəhəri üzrə qazlaşma isə 100 faizdir. Bakının elə bir ərazisi yoxdur ki, orada qazlaşma olmasın. Ola bilər ki, hansısa qəsəbədə yeni tikililər olar, tikinti başa çatdırılmadığı üçün qazlaşdırılmayıb. Həmin ərazilərə isə biz kömək edirik. Ötən il Bakının bir neçə rayonunda yeni tikilən evlərin müəyyən hissəsinə köməklik etmişik. Həmin yeni tikilən evlər yerləşən küçələrə qaz xətti çəkirik, qalan hissəni isə vətəndaş ASAN xidmətə müraciət etməklə qaz xəttini çəkdirir. – Qaz itkisinin və sayğacdankənar qaz xətlərinin çəkilməsinin qarşısını almaq üçün hansı işlər görülür? – Bu məsələ əsas problemlərdəndir. Bununla bağlı monitorinq qruplarımız mütəmadi yoxlamalar keçirir. Aşkarlanan faktlarla bağlı sənədlər tərtib edilir və hüquq mühafizə orqanlarına müraciət olunur. Həm Enerji Məsələlərini Tənzimləmə Agentliyi, həm Daxili İşlər Nazirliyi, həm də prokurorluğa bu barədə hər ay müraciətlər edirik. “Azəriqaz” aşkarlanan fakt üzrə dəymiş ziyanı hesablayır və bununla bağlı aidiyyəti qurumlara müraciət olunur. 2019-cu illə müqayisədə sayğacdankənar qaz xətlərinin çəkilməsi faizi xeyli azalıb./Ölkə.Az.


Abunəlik