Yeni dövlət rüsumları müəyyənləşdi – SİYAHI
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsini nəzərdə tutan, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi III oxunuşda təsdiq edilib.
Sənədə əsasən, dövlət rüsumları “e-bildiriş” əsasında milli valyutada nağd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə və köçürmə yolu ilə dövlət büdcəsinə ödəniləcək.
Aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə tutulan dövlət rüsumuna görə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulacaq. Bu vəsaitdən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyən edəcək.
Bundan başqa, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 10 gün müddətində geri qaytarılacaq.
Bugünkü iclasda həmçinin “Qaz təchizatı haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişikliklə bağlı qanun layihələri III oxunuşda qəbul edilib.
Yenilənmiş qanunlara əsasən, aşağıda dövlət rüsumları müəyyənləşib:
– Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi – 100 manat;
– Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi – 150 manat;
– Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi – 150 manat;
– Elektrik enerjisinin paylanmasına icazənin verilməsi – 150 manat;
– Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi – 150 manat;
– Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat;
-Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat;
– Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi – 70 manat;
-“İxrac nəzarəti haqqında” qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi – 100 manat;
– İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi – 100 manat;
– Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi – 200 manat;
– Qazın nəqli üçün icazənin verilməsi – 150 manat;
– Qazın paylanmasına icazənin verilməsi – 50 manat;
– Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi – 150 manat;
– Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi – 100 manat.
– Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi –150 manat;
– Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;
– Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi – 150 manat.