Yaşıl zona”da ofis, “Babil”də nömrə, mədəni görüşlər və PKK-ya böyük susqunluq…
Nəsir Məmmədov. Bu ad sizə tanış ola da bilər, olmaya da. Tanımayanlar üçün deyim ki, Nəsir müəllim Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkilidir. Haqqında məlumat axtarsam, bir müsahibəsini oxumaq istəsən də tutarlı nəyəsə rast gəlmək mümkün olmadı. Daha dəqiqi dövlət, millət üçün əhəmiyyətli nəyəsə rast gəlmədim. Sakit, axarı ilə, dünyada daha çox diaspora formatında keçirilən tədbirlər xaric.
Azərbaycan qırx dörd gün VƏTƏN, Qarabağ savaşı apardı. Bu savaşı İraqda oturub da sıradan, məsəkən məscid qarşısında tədbir keçirməklə münasibət bildirmək olamaz. Niyəsini mərhələ ilə yazı boyu izah edəcəyəm əziz oxucu.
Əvvəla Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili, sayğıdəyər N.Məmmədov elə bir dövlətdə diplomatik görəvdədir ki, bu savaşın ilk anından sonunacan o yerin adı müzakirələrin ən qızğın yerində çəkilirdi. Yəni o, bu müharibənin informasiya savaşının tam içində olmalı diplomatlardan idi.
Yeri gəlmişkən, Azərbaycanın İraqdakı diplomatik nümayəndəliyi cəmi üç nəfərdən ibarətdir. Bu heyət ola bilər ki, gözlənilən iş üçün azlıq təşkil edirdi. O, məsələ qaldırıb, görəcəyi işlərin siyahısını təqdim edib, heyət də dəyişdirə bilərdi. Aylığı 15.000 ABŞ dolları məbləğində ofis arenda edib, üç nəfərlə çalışan adama yəqin ki, dövlət etiraz etməzdi.
Yəqin çoxları düşünər ki, qeyd olunan məbləğdə aylığı olan ofis həm də mənzildir. Yox, bu təkcə ofisdir. Müvəqqəti işlər vəkili özünə, ofisinin yerləşdiyi Bagdadin “Yashil zona”sında, ”Babil” oteldə, xüsusi nömrə kirayələyib. Oranın məsrəfi də təbii ki, başqadır. Digər iki işçinin harada yaşaması barədə məlumat əldə edə bilməsək də deyək ki, bütün məsrəflər Azərbaycan dövlətinin hesabına ödənilir. Ayrıca müvəqqəti işlər vəkili bu məbləği aidiyyatı idarələrdən nə XİN, nə də Maliyyə Nazirliyi ilə razılaşdırıb. Sadəcə belə etdiyini və ödəniləcək məbləği bildirib. Bəs belə “xüsusi statuslu” diplomat 44 günlük vətən müharibəsində nə işlər görməli idi?
Ermənistan Dağlıq Qarabağ savaşında iştirak etmələri üçün İraqdan terror qruplarını Şuşaya yerləşdirirdi. Bu məlumatlar sentyabrın 27-ə qədər, hələ Tovuzda bir neçə günlük savaş başladığı günlərdən bəlli idi. Hətta bu barədə Türkiyənin “Anadolu” agentliyi türk kəşfiyyatının məlumatına istinadən yazırdı ki, terrorçular əsasən PKK-çılardır, İraqdan gətirilir. Onlara Azərbaycanın hərbi forması geyindiriləcək. Döyüşlərdə öldürüldükləri halda isə dünya KİV-lərinə və ictimai rəyinə, “Azərbaycan terrorçu döyüşçülərdən istifadə edir. Terrorçuların meyitləri əlimizdədir kimi” mesajlar verib, Azərbaycan əleyhinə qara piar təşkil edəcəklər.
Bu haqda digər Türkiyə KİV-ləri də yazırdı. Yazırdılar ki, PKK Ermənistana İraq üzərindən 15 min terrorçu göndərməyi təklif edib. Bu rəqəmin haradan əldə olunması barədə də məlumatlar mövcud idi. Məlumatı türk kəşfiyyatının, İraqdan, terrorçuların əsas bazasındakı mənbələrindən aldığı bildirilirdi. “PKK ilə Ermənistan arasında 2020-ci ilin iyunundan bu istiqamətdə danışıqlar gedib”.
44 günlük vətən savaşında Azərbaycan ordusunun əsgərləri tərəfindən əsir götürülən erməni hərbçi Albert Mikayelyan bununla bağlı müsahibəsində bildirirdi ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlulara hər ay 600 ABŞ dolları məbləğinda maaş verilir. Onlar daha çox İraq ərazisində hazırlıq keçir və Azərbaycana ötürülür.
Almaniyanın nüfuzlu “freitag.de” informasiya-analitik portalında siyasi icmalçı Mark Lambsdorfun “PKK silahlıları Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqaləsində yazır:
-Ermənistan tərəfindən Suriya və İraqdan Kürd İşçi Partiyasının terrorçula¬rının Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Dağlıq Qa¬rabağ regionuna gətirilməsi barədə həyəcanlı xəbərlər var. Livandan, Suriya və İraqdan olan erməni mənşəli köçkünlərin işğal edilmiş torpaqlarda qeyri-qa-nuni məskunlaşdırılması yolu ilə demoqrafik mənzərənin süni şəkildə dəyişdirilməsi bir məsələdirsə, ABŞ və Avropa İttifaqının üzvü olan dövlətlərin demək olar ki, hamısı tərəfindən terror təşkilatı kimi tanın¬mış təşkilatın silahlılarının həmin əraziyə gətirilməsi tamam başqa məsələdir.
Müəllif yazır, Ermənistan PKK-nın İraqdakı da¬yaq nöqtəsi olan Süleymaniyyə şəhərindən yüzlərlə silahlı terrorçu¬nun işğal edilmiş Dağlıq Qarabağ regionuna göndərilməsini təmin edə bilib. PKK-nın Suriya cinahı hesab edilən YPG qrupunun silahlı¬ları Suriyanın Qamışlı regionundan Dağlıq Qarabağa göndərilib, İraqın Ərbil şəhərinin cənubunda yerləşən Məxmur bazasında dislokasiya edilmiş PKK/YPG qrupu isə əvvəlcə Hizbullahın Bağdaddakı qərargahına aparılıb, sonra isə oradan Dağlıq Qarabağa gətirilib.
Bütün dünya, Azərbaycanı sevən, sevməyən hər kəs aylar öncə PKK və İraq mövzusunun Dağlıq Qarabağdakı savaş müddətində vacib məqam olduğunu dilə gətirir. 44 gün ərzində hər kəsin danışdığı mövzu haqqında Azərbaycanın müəqqəti işlər vəkilinin nə yerli, nə xarici, nə yerli mediada və ya hər hansı efirdə, bir cümləsini də görən olmayıb. İraqın bir rəsmi dövlət qurumunda bircə görüş, hər hansı xəbərdarlıq açıqlaması və ya bir brifinq belə keçirməyib. Ancaq çoxu kimi Azərbaycanın hesabına yaxşı, bahalı həyat yaşayır, şəxsi işləri ilə məşğul olur.
N.Məmmədov Azərbaycanda daha hansı yüksək postda fəaliyyət göstərəcək, nə kimi post tuta bilər, hara qədər ucalar, indi onu demək çətindir. Amma şansı ola, ucala bilər. Bunu illərdir yaşayıb gördükərimizdüşünməyə və yazmağa əsas verir. Olsun. Amma buna paralel, onun İraqdakı fəaliyyətini, 44 günlük susqunluğunun, iş xatirinə iş görməyinin səbəblərini də araşdırmaq pis olmazdı.Qısası ondan soruşmaq olar ki, İraqda ancaq Əbülfəs Qarayevin həmkarları ilə görüşlərmi keçirib, yoxsa diaspora təşkilatlarının dünyada keçirdiyi təbdirləri İraqda təkrarlayıb? Və ya nə səbəbdən İraqdan PKK-çılar DQ daşınır mövzusunda məsələni elə İraqdan qaldırmayıb? Niyə dünya və Azərbaycan KİV-lərinə bu mövzuda çıxışına rast gəlinməyib? Bəlkə bu araşdırmadan dövlətə bir fayda toxunar.
…Və gərəkdir indən belə unutmayaq, bizi dövlət olaraq, zaman-zaman etinasız məmur və diplomatların yuxarılara ucalması, aşağı endirib. İndi biz ağır bir savaş nəticəsində dövlət və xalq olaraq, ən yüksəkdəyik. Daha doğrusu yenidən dövlət xalq ola bildik. Şuşaya dönüşlə, Dağlıq Qarabağın əksər rayonlarını geri qaytarıb diplomatik masada istəklərimizi diqtə eləməklə. Başımız dünyada dikdir, işğaldan dövlət ərazilərimizi azad etmişik. İstəyim o ki, bu nəhənglikdə qələbədən sonra daha heç kəs Azərbaycan dövlətini və onun cibinin Həsən kişinin dəyirmanı bilməsin. Bilsə belə, cəzasını vermək, yerini göstərmək kimi gücü olsun dövlətin. Dövlət kimi var olmağın yolu indən belə yalnız bundan keçir çünki, QƏTİYYƏTDƏN və ƏDALƏTDƏN!
Jalə Mütəllimova AzTimes.az