Yasamalın icra başçısı Elşad Həsənova…

Baxılıb:260
Yasamalın icra başçısı Elşad Həsənova…

Bakı şəhəri Yasamal rayon icra başçısını, Elşad Həsənovu bir şəhidin dəfnində görmüşdüm şəxsən. Şəhidin hönkürüb ağlayan balaca balasının qarşısında dizini yerə qoyub uşağı bərk qucaqladı. Çox yaxın məsafədə idim, gözünün dolduğunu da gördüm. Uşaqla onun arasında dövlət bayrağı iki sinəyə sıxılı qalmışdı. Hər ikisi bayrağı qucaqlamışdı. Başçı səmimi idi, oynamırdı, hətta duranda dizindəki tozu çırpmağı yadına salan köməkçiyə lazım deyil işarəsi verdi əli ilə göz yaşı üzünə süzülməsin deyə gözünü quruladı. Düzü nədənsə həmin gündən o başçıya yaxşı məmur, işıqlı biri kimi sayğım da yarandı.

On gündən çoxdur onun adından bir qaziyə edilən sayğısızlığa diqqət edəndə isə düşünürəm, görəsən onun bu olaydan xəbəri var idimi?

Konuya gələk, oğluma dərs deyən bir qazi anası olan müəllimə Yasamal icra hakimiyyətində incidilir. Ailənin tək oğulu Qarabağ müharibəsi qazisidir. Və üç ildir nişanlıdır. Indi ailəsini karantin qaydalarına uyğun qurmaq, işinə dönmək istəyir. Düz on gündür o ailə ilə birgə Yasamal icra hakimiyyətinin yollarındayıq. Rəsmi və qeyri-rəsmi yolla, başçının dostlarına belə yalvarmaqdayam. Niyə? Ailə Yasamal məhəllələrindəki evlərdən birində yaşayır. Indi öz hesabına balasına bircə yataq otağı düzəltmək istəyir öz məhləsində, evinin üstündə. Ətrafda onlarla artırma balkonlar, evlər, əlavə tikililər doluykən, niyəsə başçı və memar adından icazə vermirlər ailə otağı qursun. Cənablar, sizdən kimsə nəsə ummur, dilənmir, tələb eləmir. Nə ev, nə maşın, nə pul, nə torpaq sahəsi, nə əlillik dərəcəsi, nə iş, nə maaş. Adam öz halal qazancı ilə evini səliqəyə salıb, bir otaq artırıb, ailə qurmaq istəyir. Siz qazidən dövlətə niyə sosial problem düzəldirsiniz? Nə deyirsiniz? Abrına qısılanlardamı qaraçı olmalı? Niyə insanlıqdan, çiilədən çıxarırsınız adamları? Əvvəl rəsmi məktubu qəbul eləmədilər. Yalvardıq başçıya yaxın buraxmadılar. Sonra köməkçi Habil müəllimə şəxsən məktub təqdim etdik. Bayram günləri soruşduq, memar Bakıda deyil, iş gününü gözləyək dedi. Iş günü də deyirlər ki, on-on beş günə cavab verərik. Cavab mənfimi, müsbətmi bəlli deyil. Qardaş, bu ailələr yazıqdır. Bu müəllim ailəsidir, müəllim. Müəllim bu ölkəyə vətəndaş yetişdirən adamdır. Nə deyirsiniz, necə yetişdirilsin uşaqlarımız məktəblərdə? Onlara ədaləti, vicdani necə öyrətsin özü vicdansızlıq və ədalətsizlik görən müəllim? Ailə müəllim və qazi ailəsidir, adının çəkilməsindən abır edir. Gəlin bir az da siz onlara münasibətdə abır edin. Qanun hamı üçün keçərli olmalı. Birinə yox deyib, birinə təmənnalı hə demək, olmaz. Və ya beşindən təmənnan varsa, barı birindən olmasın.

Jalə Mütəllimova/AzTimes.az//


Abunəlik