Yadımdakı yanvar…Zərdabi Abbasov YAZIR
O vaxt Hövsanda yaşayırdım. Bütün hamı ayaqda idi. Hövsanın Türkan tərəfdən girişində yolu bağlamışdıq. Yolun içində tonqal qalamışdıq. Hamı əlinə ağac alıb tonqalı əhatəyə almışdı. Deyirdilər bu gecə rus qoşunları hər tərəfdən şəhərə girəcək. Biz qarşısını əlimizdəki ağaclarla almalı idik. Nə qədər sadəlöv olsaq da o zaman buna inanlrdıq. Gecə saat 12 olardı. Qoşun gəlmirdi. Biz isə keşikdəydik. Bir də gördük Suraxanı tərəfdən güllə səsləri eşidilir. Biz postumuzu bərkitdik. Artıq güllə səsləri kəsilmişdi. Qoşun gəlib çıxmırdı. O vaxt Gənclik jurnalında işləyən dostum Hüseyin Əfəndi mənə təklif etdi ki, gedək Suraxanıya baxaq görək o nə səs idi. Mənim jiqulimə əyləşib düşdük yola. Yeni Suraxanının dairəsinə çatanda gördüklərimiz bizi dəhşətə gətirdi. Hər yan meyit idi. Yolu kəsən milləti qırmışdılar. Səsi çıxan yox idi, deməli hamı ölmüşdü. 32 il keçməsinə baxmayaraq o mənzərə gözümün önündən hələ də getmir. Mən maşını yolun ortasında saxlamışdım. Çaş-baş qalmışdıq. Bilmirdik neynəyək. Birdən Mərdəkan tərəfdın sürətlə bir volqa gəldi. Bizi görüb saxladı və qışqırdı – burda durmayın, qaçın, meyidləri yığa-yığa gəlirlər.
Tələm – tələsik maşına qaçdıq. Maşını işə salmaq istəyəndə açar qırıldı zamoqun içində qaldı. Birdən ağlıma gəldi ki, zamoqdan naqilləri çıxardım və naqilləri bir-birinə qoşmaqla maşını işə salıb son anda qaça bildik. Aeraport yulu ilə gələn texnikalın səsi adamı vahiməyə salırdı.
Qayıtdıq Hövsana. Postdakılara gördüklərimizi danışdıq və dağılışmalarını istədik. Sözsüz ki, bizə inanan olmadı. Heç kim inanmadı ki, sovet əsgəri əliyalın, dinc insanları qırar.
Bizim posta qoşun gəlmədi. Lakin səhər açılanda hamı gördü ki, biz düz deyirikmiş. O gün dəhşət idi, dünyada görünməmiş dəhşət…
Zərdabi Abbasov /AzTimes.az/