Xaricdən gətirilərkən saxlanılan narkotikin miqdarı AÇIQLANDI

Baxılıb:202
Xaricdən gətirilərkən saxlanılan narkotikin miqdarı AÇIQLANDI

AzTimes.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyatlar nəticəsində 40 kiloqramdan artıq
heroin və metamfetaminin ölkəyə gətirələrək satışa çıxarılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Belə ki, Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Yardımlı rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində rayonun Avaş kənd sakini Rahil İmanov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda heroni Şirvan şəhərində anbar kimi istifadə etdiyi evdə gizlətdiyi müəyyən edilib. Polislər tərəfindən həmin mənzilə baxış zamanı ümumi çəkisi 20 kiloqram 675 qram olan heroin, elektron tərəzi, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitləri və 1 ədəd mobil telefon aşkar edilib. Rahil İmanov ifadəsində qeyd edib ki, aşkarlanan külli miqdarda heroinin Şirvan şəhəri və ətraf rayonlarda satışını həyata keçirməli imiş. O, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitini isə heroini aldığı xarici ölkə vətəndaşına onlayn yolla göndərməli imiş,
Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə paytaxt sakini Təhmin Rzaxanov saxlanılıb. Onun üzərindən 94 qram heroin, yaşadığı evdən isə 1 kiloqram tiryək, 4 kiloqram 930 qram heroin, 3 kiloqram marixuana və 50 ədəd yaş çəkisi 7 kiloqram 105 qram olan çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşlarının Masallı rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı isə rayon sakini Sahil Məmmədli və paytaxt sakini Tural Rəhimov saxlanılıblar. Bu şəxslərin üzərindən ümumilikdə 9 qrama yaxın heroin, Masallı rayonunda gecələmək üçün müvəqqəti qaldıqları ünvana baxış zamanı isə əlavə 6 kiloqram 490 qram heroin və 2 kiloqram 550 qram tiryək aşkar edilib. Onlar ifadələrində külli miqdarda narkotik vasitəni sosial şəbəkələrdə tanış olduqları xarici ölkə vətəndaşından əldə etdiklərini bildiriblər. Həmin şəxs isə heroin və tiryəki qaçaqmalçılıq yolu ilə naməlum şəxslərin köməkliyi ilə ölkə ərazisinə keçirərək əvvəlcədən müəyyən edilən yerdə Sahil Məmmədli və Tural Rəhimova təhvil veriblər.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Lerik rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş rayon sakini psixotrop maddələrin satışında şübhəli bilinən Qədir İmanov saxlanılıb. Onun üzərinə baxış zamanı 5 qrama yaxın psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. Qədir İmanov ifadəsində matemfetamini tanışı Lənkəran şəhər sakini Eduard adlı şəxsdən aldığını bildirib. Baş İdarə əməkdaşları tərəfindən Lənkəran şəhər sakini əvvəllər məhkum olunmuş Eduard Rəfiyev də saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamnaı 1 kiloqram 315 qram heroin, 257 qram metamfetamin, 20 ədəd psixotrop tərkibli metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Eduardr Rəfiyev tanışı Qədir İmanova narkotik vasitələri satdığını, Lənkəran şəhəri və ətraf rayonlarda bu işlə məşğul olduğunu etiraf edib.
Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 40 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

02 avqust 2021-ci il


Abunəlik