Xankəndinə niyə girmədik?

Baxılıb:904
Xankəndinə niyə girmədik?

Keçən ilin 9 noyabrında Xankəndinə daxil olmağa hazırlaşan Azərbaycan ordusunun şəhərə marşının videosu dünən bütün sosial şəbəkələrdə yayıldı, cəmi iki ay öncə baş verənləri hamı yenidən xatırladı. Əslində heç bir şey unudulmamışdı da.

Doğrusu, həmin dövrdə sirləri haqlı olaraq nə qədər qapalı saxlamaq cəhdləri olsa da, etiraf edək ki, çoxumuz bundan xəbərdar idik — bir-birini təbrik edən kim, şəhərin artıq alındığının, məsələnin bitdiyinin anonsunu verən kim.

Lakin sonra bu hisslər dərin məyusluqla əvəz edildi, zatən bəzi çevrələrdə bu əhval indiyə kimi davam etməkdədir.

Bildiyimiz kimi, o gün Azərbaycan ordusuna şəhərə daxil olub, onu tam nəzarətə götürmək izni verilmədi. Bunun çox dərin səbəbləri vardı və bu, doğru qərar idi. Deyilənə görə hətta bir neçə hərbçimiz (polkovnik Tehran Mənsimovun da adı çəkilirdi) bu əmrə tabe olmaq belə istəməmiş, şəhərdən çıxmaqdan imtina etmişdilər.

Cəmiyyətdə də eyni reaksiya vardı – “Niyə almadılar şəhəri, Xankəndinə daxil olmuşduq axı, niyə?!“

Çox sadəlöhvcəsinə verilmiş bu sual, bir tarixi analogiyanı yadıma saldı.

1877-1878-ci illər Rus-Osmanlı müharibəsini bəzi tarixçilər “I Dünya Müharibəsinin baş məşqi“ hesab edir. Həmin müharibənin çox dərin səbəbləri vardı, ən başlıcalarından biri də Rus İmperiyasının 20 il öncəki Krım müharibəsindəki (1853-1856) sarsıdıcı məğlubiyyətin ruslara gətirdiyi nüfuz böhranını dəf etmək, Osmanlı ilə revanşıa nail olmaq cəhdi, bundan başqa az qala dörd əsrlik xəyalın, özünü mifik “3-cü Roma” hesab edən Rus İmperiyasının nəhayət Konstantinopola (ortodokslar üçün əfsanəvi Царьград) sahiblənməsi, əslində isə geosiyasi anlamda vacibdən vacib boğazların (Bosfor və Dardanel) ələ keçirilməsi, Qara Dənizin də rusların daxili dənizinə çevrilməsi idi.

Müharibənin başlanması əmrini vermədən öncə çox dərin tərəddüd hissi keçirən II Aleksandr haqsız deyildi, 20 il öncəki fəlakətli məğlubiyyət onun atasını, bütün Avropada qorxunc nüfuzu olan I Nikolayı dərddən çərlədib öldürmüşdü. Nəhayət uzun tərəddüddən sonra Tolstoyun ən mükəmməl romanı, “Anna Karenina”nın baş qəhrəmanı Vronskinin də əsərdə yollanacağı müharibənin başlaması əmri verildi.

Çox ağır əməliyyatlarla müşayiət olunan bu müharibə nəhayət rus ordusunun əfsanəvi generalı Mixail Skobelevin (türklər ona geyindiyi ağ formasına görə Ak-paşa deyirdi) rəhbərliyi altında San-Stafano (hazırda İstanbulun Yeşilköy rayonu) yaxınlığında peyda olması ilə bitir. Osmanlı ordusu artıq tamamilə darmadağın olmuşdu.

Beləcə, neçə əsrlik xülyanın qarşısında duracaq artıq heç nə yoxdur, Konstantinopolun müdafiəsi üçün orada heç bir ordu hissələri qalmamışdı, şəhərə daxil olmaq üçün ruslara cəmi bir neçə kilometr irəliləmək lazım idi.

Lakin beynəlxalq siyasət buna imkan verə bilməzdi. Nə o zamanın fövqəldövləti Böyük Britaniya, nə də ki, qüdrətli kontinental Avropa dövlətləri belə bir itkiyə, boğazların əldən çıxmasına, ümumiyyətlə həmin dövrki geosiyasi durumun Rusiyanın xeyrinə bu cür kəskin dönüşünə heç cür razı ola bilməzdi.

Bunları bilən general Skobelev qərərgahdakı zabitlərə qeyri-rəsmi göstəriş verir ki, oradakı teleqraf rabitəsini pozsunlar. Yəni ki, general bir növ hərbçi köntöylüyü ilə vəziyyətdən çıxmağı düşünmüşdü. Həmin dövrə şahidlik edənlərin dediklərinə görə general: “Deyərik ki, rabitə pozulmuşdu, Peterburqdan gələn əmrləri almamışdıq, əsas biz şəhəri alaq, ardını diplomatlar düzəldəcək. ” – deyirmiş.

Lakin qərargahdakı zabitlər sonradan cəzanın çox ağır olacağını bildikləri üçün buna cəsarət etmir, rus ordusunda “üsyankar” kimi xarakterizə edilən general Skobelevin dediklərini yerinə yetirmirlər, nəticədə dünya dövlətlərinin Peterburqa basqısı altında rus ordusu yerindən tərpənmir. Rusiya isə Osmanlı ilə elə həmin məkandaca “San-Stefano sülhü”nü bağlayır.

Lakin rus ordusunu Konstantinopolun qapıları önündə saxlatdırmış dünya dövlətlərini hətta bu sülhün nəticələri də qane etmədiyi üçün Almaniya kansleri Bismarkın təşəbbüsü ilə Berlin Konqresi çağrılır. Orada San-Stefano sülhünün nəticələri Avropa dövlətlərinin xeyrinə təftiş edilir.

Berlin Konqresində qərara alınmış nəticələr Rusiya üçün o qədər ağır olur ki, o zaman İmperiyanın xarici işlər naziri olmuş knyaz Qorçakov imperator II Aleksandra: “Əlahəzrət, Berlin traktatı mənim karyeramın ən qara səhifəsi idi. ” – deyib, ondan “mənim də…” – cavabını alır.

Bu tarixi misal, hətta çox qüdrətli bir imperiyanın belə, dünya siyasətinin basqısı altında parlaq qələbəsinin nəticələrindən bir qədər geri addım atmağa məcbur olmasının çox bariz nümunəsidir. Bəli, diplomatiya hərblə sinxron olaraq addımlamır, qarşıdakı təhlükələrdən ölkəni sığortalamaq üçün, çox zaman neçə addım geri çəkilir.

Bu günlərdə, politoloq Eldar Namazov “Düzdanışaq”ın efirində haqlı olaraq qeyd etdi ki, əgər ordumuz Xankəndinə daxil olardısa (təbii ki, onda etnik təmizləmə prosesi də qaçılmaz olacaqdı), o zaman BMT Təhlükəsizlik Şurasında çox böyük çətinliklərlə (Qoşulmama hərəkatı ölkələrinin yardımı ilə) əngəllənən həmin iki sanksiya cəhdi hökmən reallaşacaq, bundan əlavə Azərbaycanın qarşısında Şuşa və Hadrutdan da çıxması tələbi qoyulacaq, eyni zamanda ölkə ağır sanksiyalarla da üzləşəcəkdi. Nəticədə Azərbaycan, cəmi 44 gündə daşnakları onlar üçün fəlakətli şəkildə darmadağın edib, bir çox strateji vəzifələrini həll etmişkən, bunlardan geri çəkilmək məcburiyyəti ilə üzləşəcək, parlaq qələbəmizin bir çox nəticələrisə ləğv ediləcəkdi.

Həmin zaman verilmiş doğru qərarın nəticəsidir ki, bu gün ölkəmizi nə etnik təmizləmədə, nə uydurma “genosid”də kimsə günahlandıra bilmir. Doğru verilmiş qərarın nəticəsidir ki, tam haqlı olduğumuz halda üstümüzə şiddətlə atılan çamurlar da tutmadı, işləmədi, beynəlxalq koalisiya yarada bilmədilər, əleyhimizə neçə illər aparılan böhtan-yalanların da heç bir təsiri olmadı – şeytanın özü ilə üz-üzə gəlsək də.

Günlər öncə Teymur Rəcəbovun Aronyan üzərində qələbəsinə hamımız sevindik, lakin unutmaq olmaz ki, beynəlxalq siyasət ən mürəkkəb şahmat taxtasından daha qəliz bir prosesdir. Biz yalnız gücdə, hərbə-zorbada deyil, intellektual müstəvidə də qalib gəldik, çünki istənilən müharibə elə məhz intellektlə udulur – artıq dünya hərb dərsliklərinə salınmış Azərbaycan ordusunun parlaq qələbəsi kimi.

Elmir

Abunəlik