Xaçmazda ovçulara qarşı tədbir keçirildi
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını təmin etmək məqsədilə rayon ərazisində növbəti tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı hər hansı bir qanun pozuntusu aşkarlanmayıb. Ərazidə olan vətəndaşlarla profilaktik söhbətlər aparılaraq onlara “Ovçuluq haqqında” Qanunun tələbləri izah olunub.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən rayon ərazisində polis əməkdaşları tərəfindən fərdi şəxslərdə olan 42 ov silahı yoxlanılıb və saxlanma qaydalarının pozulduğuna görə 5 nəfərə qarşı qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edək ki, ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nəzarət profilaktiki tədbirlər davam etdirilir.