Xəzər böyük böhranın astanasında: Dənizin bu hissəsini itirə bilərik

Baxılıb:43
Xəzər böyük böhranın astanasında: Dənizin bu hissəsini itirə bilərik

Xəzər dənizi 5 ölkədə sahil xətləri ilə dünyanın ən böyük gölü kimi tanınır. Təxminən 370 min kvadrat kilometr olan Xəzər Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın payına düşür. Xəzər dənizində yaranmış son vəziyyət sahilyanı ölkələri narahat edir.

130-a yaxın çayın axdığı Xəzərin şimal və cənub hissələri arasında fərq var. Məsələn, dənizin şimal hissəsində su az duzludur və orta dərinliyi 5 metrdən çox deyil, cənub hissəsində isə su daha duzludur və dərinliyi 1025 metrə çatır.

Qlobal ekosistem üçün vacib olan Xəzər dənizi zəngin neft yataqları ilə də diqqəti cəlb edir. Ümumi neft ehtiyatları 48 milyard barel olaraq qiymətləndirilən Xəzər beynəlxalq aləmdə daha çox “enerji dənizi” kimi tanınır. Beləliklə, Xəzər dənizi həm neftini idxal edən ölkələr üçün, həm də sahilyanı dövlətlərin iqtisadiyyatında oynadığı əsas rola görə strateji əhəmiyyətə malikdir.

Son illər suyu nəzərəçarpacaq dərəcədə çəkilən Xəzərin ekoloji vəziyyəti narahatlıq doğurur. 2005-2023-cü illər arasında dənizin səviyyəsinin 185 sm aşağı düşməsi ilə 31 min kvadrat kilometr su sahəsi itirilib. 2100-cü ilə qədər dəniz səviyyəsinin 18 metrə qədər enə biləcəyi proqnozlaşdırılır. Xəzər dənizinin ən uzun sahili kimi tanınan Qazaxıstan tərəfində su sahəsi son 15 ildə 7,1 faiz azalıb.

“Xəzəri xilas et” Ekoloji Hərəkatının təsisçisi Vadim Ni bildirib ki, Xəzərin indiki problemi təkcə suyun çəkilməsindən ibarət deyil:

“20 ildə Xəzər dənizində suyun səviyyəsi 2 metr aşağı düşüb. Biz dənizin şimal hissəsini, xüsusilə dərinliyin az olduğu dayaz Qazaxıstan tərəfini itirə bilərik. Yalnız Xəzər dənizində olan balıq və bitki növlərinin tamamilə yox olmaq təhlükəsinə çatmışıq. Xəzərdə böyük böhranın astanasındayıq. Bunu hamı başa düşür, lakin hər tərəf öz maraqlarını müdafiə edir”.

Qazaxıstanlı ekoloji fəal Qalina Çernovanın sözlərinə görə, ilk növbədə Xəzər dənizinin ən böyük qida mənbəyi olan Volqa çayı və digər çayların sahillərində bəndlərin tikintisini dayandırmaq lazımdır: “Bu olsa, Xəzərə daha çox su gələcək. Xəzərin 27 faizi Qazaxıstana, 22 faizi Azərbaycana, 22 faizi isə Rusiyaya məxsusdur. Hazırda neftin intensiv istehsal olunduğu sahillərdə ekosistem yox olmaq təhlükəsi ilə üz-üzədir”.

“Qazax Balıqları” Balıqçılıq Assosiasiyasının Aktau filialının direktoru Daniyar Alimcanov qeyd edib ki, hər il yüzlərlə ölü balıq Xəzər dənizi regionunun sahillərində yuyulur:

“Bunun ən böyük səbəbi dəniz səviyyəsinin aşağı düşməsi və çirklənmədir. Son illərdəki iqlim dəyişikliyi də bu vəziyyətə mənfi təsir edib. Məsələn, Xəzər suitisinin çoxalması üçün dənizdə müəyyən miqdarda buzun olması lazımdır”.

Qazaxıstanlı deputat Sergey Ponomaryovun sözlərinə görə, parlament Xəzər dənizində çəkilmə prosesini daha yaxından izləyir:

“Xəzər Qazaxıstan iqtisadiyyatı üçün vacibdir. Dəniz səviyyəsinin aşağı düşməsi neft yataqlarına çıxışı çətinləşdirə bilər. Hazırda mərkəzi Aktau şəhərində olacaq Xəzər Dənizi Tədqiqat İnstitutunun yaradılması istiqamətində işlər davam etdirilir. Bundan əlavə, böyük ehtimalla növbəti ildə dənizin inkişafı ilə bağlı işlərə başlayacağıq”.


Abunəlik