“Xəstəxanalar doludur, həkimlər bizə baxa bilmir” – Qazidən ÇAĞIRIŞ
“Virusa yoluxub xəstəxanaları məşğul etməsinlər. Allaha and olsun, buralar belə xəstələrlə doludur. Hamı çıxıb çöldə ərazilərin işğaldan azad olunmasını bayram edirdi. Buna görə xəstəxanalar koronavirus xəstələri ilə doludur”.
“MediaPost” xəbər verir ki, bunu Vətən müharibəsinin qazisi Abbas Yaşaroğlu müalicə aldığı xəstəxanadan canlı yayıma çıxan zaman bildirib.
“İndi də bir hadisənin şahidi oldum. Cavan oğlan virus səbəbindən rəhmətə getdi. Bütün ölkədən xahişim odur ki, maskadan düzgün istifadə etsinlər, qaydalara əməl olunsun. Həkimlər, təcili tibbi yardım maşınları məşğul olur. Evdə ambulator şəraitdə müalicə alan qazilər var ki, ağrıları tutan zaman təcili yardıma zəng vurur və onlar bir saata gəlib çıxır. 15 gün məzuniyyətdə olarkən vəziyyətim pisləşdi və ambulans çağırdıq, amma çox gecikdi. Atam onlardan soruşdu ki, niyə belə gec gəldilər. Cavab verdilər ki, koronavirusa görə bütün təcili tibbi yardım maşınları çağırışdadır. Ona görə, hamıdan qaydalara maksimum əməl etməsini rica edirəm”, – o bildirib.