Xərçəng xəstələrinin sayı niyə çoxalır?

Baxılıb:26
Xərçəng xəstələrinin sayı niyə çoxalır?

“Xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur”.

Bunu Səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib.

Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə artım dinamikasından xəbər verir.

“Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkədə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur”, – deyə səhiyyə naziri qeyd edib.

Rəsmi statistik rəqəmlərə görə, ötən il 15 min 164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7 min 113 nəfəri kişi, 8 min 51-i isə qadındır. 2024-cü ildə ölkə üzrə xərçəng şişlərindən ölənlərin sayı 9 min 681 nəfər olub. Bu isə 2022-ci ilin statistikası ilə müqayisədə 1312 nəfər daha çoxdur. Tibbi Onkoloji uzmanı Nicat Xanməmmədov bildirir ki, siqaret, qida əlavəsi, hərəkətsiz həyat, radiasiya, hava çirkliliyi, müxtəlif toksinlər və genetik səbəblər xərçəngin yaranmasında ən başlıca faktorlardır.

Statistik rəqəmlərdə o da qeyd olunur ki, Azərbaycanda 2 min 674 nəfər olmaqla süd vəzisi, 1 525 nəfərdə isə traxeya, bronx, ağciyər xərçəngi aşkar edilib. Süd vəzi xərçənginin artması müəyyən qədər genetik faktorlarla əlaqəli olsa da, ətraf mühit amillərindən daha çox asılıdır.

Uzman həmçinin onu da bildirib ki, sağlam qidalanma, fiziki aktivliyi artırmaq, mütəmadi tibbi yoxlamalardan keçmək, eyni zamanda zərərli vərdişlərdən uzaq olmaqla xərçəng xəstəliyinin qarşısını almaq mümkündür.


Abunəlik