Vladimir Putin İlham Əliyevi təbrik ETDİ
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
Aztimes.az report-a istinadən xəbər verir ki, təbrik mətni Kremlin rəsmi saytında dərc olunub.
“Son onilliklər ərzində yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üçün çox işlər görülüb. Konstruktiv siyasi dialoq genişlənir, ticarət-iqtisadi, elmi-texniki, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq edilir”, – V.Putinin təbrik mesajında bildirilib.
O vurğulayıb ki, keçən il və daha öncəki il bağlanmış üçtərəfli sazişlərə əsasən, rəsmi Bakı və Moskva Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə işləyir.
“Bu il mühüm nailiyyətlə – Rusiya və Azərbaycan arasında Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın fundamental maraqlarına cavab verir”, – Rusiya Prezidenti söyləyib.
Vladimir Putin İlham Əliyevə möhkəm cansağlığı və uğurlar, bütün Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıb.