Vilayət Eyvazov şəxsi heyətə müraciət etdi
Əziz həmkarlar!
Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü münasibətilə Sizi, hörmətli veteranlarımızı, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə və vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın ailə üzvlərini ürəkdən təbrik edirəm.
Ötən müddətdə çətin sınaqlarla dolu şərəfli bir yol keçmiş polis orqanları ulu öndər Heydər Əliyevin rəhbərliyi altında peşəkar hüquq mühafizə orqanı kimi formalaşmış, ölkədə qanunçuluğun bərpasında və hüquq qaydasının qorunmasında önəmli xidmətlər göstərmiş, dövlətçiliyin dayaqlarından birinə çevrilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davamlı surətdə müasirləşən və təkmilləşən, beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan daxili işlər orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı əzmlə mübarizə aparır. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini, o cümlədən işğaldan azad edilmiş ərazilərdə qarşıya qoyulmuş tapşırıqları peşəkarlıqla yerinə yetirir. Vətəndaşlarının qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə olunmuş nəticələr də məmnunluq doğurur.
Əminəm ki, öz andına sadiq olan və şərəfli polis adını həmişə uca tutan şəxsi heyətimiz bundan sonra da xalqın asayişinin keşiyində mətinliklə dayanacaq, Dövlət Başçısının etimadını doğruldacaqdır.
“Polis Günü” münasibətilə Sizə ən xoş diləklərimi çatdırır, Azərbaycan Respublikasına sədaqətli xidmətə görə hamınıza təşəkkür edir, möhkəm cansağlığı, ailə səadəti və uğurlar arzulayıram!
Bayramınız mübarək!
Vilayət Eyvazov
Azərbaycan Respublikasının
daxili işlər naziri
general-polkovnik
1 iyul 2023-cü il