Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər

Baxılıb:75
Vaşinqtonun məkrli planı: Bakıdan İrəvana “təslim olmasını” istəyirlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında çıxışı zamanı ABŞ-ın anti-Azərbaycan siyasətini sərt tənqid etdi. Xüsusilə Azərbaycana qarşı anti-kampaniyanı ifşa edən məqamlar diqqət çəkir. Prezidentin çıxışından məlum oldu ki, ABŞ Dövlət Departamenti konqresmenlərə anti-Azərbaycan müraciət hazırlanmasını və dövlət katibinə ünvanlanmasını sifariş verir.

“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”, – dövlət başçısı bununla Azərbaycana qarşı hücumların pərdəarxasına diqqət çəkdi.

Prezidentin ABŞ-a cavab mesajını məhz Cəbrayılda – azad olunmuş ərazilərdə verməsi də beynəlxalq diqqəti ABŞ da daxil olmaqla Qərb qüvvələrinin Ermənistanın törətdiyi vandalizmə göz yummasına, əvəzində hələ də Azərbaycana hücum etməsinə çəkmək məqsədi daşıyırdı. Bu, həm də anti-Azərbaycan qüvvələrin gerçək mahiyyətini ortaya çıxaran məqamdır.

Dövlət başçısının bəhs etdiyi 60 konqresmen Amerika Erməniləri Milli Komitəsinin (ANCA) çətiri altında “karyera” quran şəxslərdir və siyasi fəaliyyətləri də əsasən ermənilərin qondarma iddialarının dəstəklənməsinə həsr olunub. Belə siyasətçilərin irəli sürdükləri iddialar Azərbaycan cəmiyyətində ikrah hiss doğurur və ciddiyə alınmır. Hərçənd, 60 konqresmenin nə istədiyini, ABŞ Dövlət Departamentinin nə planlaşdırdığını anlamaq üçün dövlət katibi Entoni Blinkenə ünvanlanan müraciətin detallarına baxmaq lazımdır.

– “Birləşmiş Ştatlar rəhbərliyi bu ilin noyabrında Bakıda keçiriləcək COP-29 tədbirinə qədər Azərbaycanı məsuliyyətə cəlb etməyə çağırış edilir”.

– “Azərbaycan ötən il Qarabağı “blokadada saxlamaq”da, “etnik təmizləmədə” ittiham edilir və ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıtmaq hüququnun təmin edilməsinin vacibliyi vurğulanır”.

– “Azərbaycanı Ermənistan ərazisini işğal etməkdə və “müharibə cinayətləri”ndə ittiham edirlər”.

– “COP-29 ərəfəsində bütün “siyasi məhbusların”, o cümlədən, “etnik erməni siyasi məhbusların” dərhal və qeyd-şərtsiz azad edilməsi üçün rəsmi Bakıya təzyiqlərin olunması çağırışı edilir”.

Müraciətin mətni tamamilə Ermənistanın maraqlarının müdafiəsinə yönəlib. İmza atan konqresmenlərin erməni lobbisinin üzvü olması fonunda bu təəccüblü deyil

.
Müraciətin təşəbbüskarı Frank Pallone ləğv edilmiş erməni separatçılarının “əski parçası”nın önündə

Müraciətin təşəbbüskarlarından biri Frank Pallone Konqresdə “Erməni məsələləri üzrı qrupun” həmsədridir. Ötən il Qarabağda separatçılara qarşı anti-terror tədbirləri keçirilməsindən sonra “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını hazırlayıb. Pollene 2017-ci ildə Qarabağa qanunsuz səfərinə görə Azərbaycanın “qaraya siyahı”sına salınıb.

Edvard Marki ermənilərlə COP-29 ərəfəsində Azərbaycana təzyiq planlarını müzakirə edir
Digər təşəbbüskar senator Edvard Marki də erməni lobbisinin fəal üzvlərindəndir. Sentyabrın 3-də Bostonda erməni icmasının üzvləri ilə görüş keçirib. Görüşdə “Qarabağa hücuma görə Azərbaycan rəsmilərinin məsuliyyətə cəlb edilməsini, Ermənistana gedən erməni “köçkünlərə” humanitar dəstəyi” müzakirə edib. O cümlədən, COP-29 tədbiri ərəfəsində “etnik erməni siyasi məhbusların azad edilməsi üçün” Bakıya təzyiqlərin edilməsi istiqamətində atılacaq addımlardan bəhs olunub. Bu fakt da anti-Azərbaycan müraciətin məhz erməni diasporu/lobbisinin planı olduğunu təsdiq edir.

Müraciətin mətni də göstərir ki, Azərbaycandan Ermənistan qarşısında “təslim olmasını” istəyirlər:

– Ermənilərin Qarabağa öz istədikləri formada – Azərbaycanın vətəndaşlığını almadan qayıtmasına nail olmağa çalışırlar: bu, Azərbaycan ərazisində erməni separatizm yuvasının yenidən yaradılması planıdır;

– Azərbaycanın ordusunun 44 günlük müharibədən sonra sərhəddə nəzarəti bərpa etdiyi strateji yüksəkliklərdən geri çəkilməsini istəyirlər: söhbət işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədinin ordumuz tərəfindən bərpa olunmasından gedir;

– Azad edilməsinə çağırış etdikləri “etnik erməni siyasi məhbuslar” Bakıda həbsdə olan separatçılardır: Azərbaycanın Ruben Vardanyan, Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digərlərini sərbəst buraxmasını istəyirlər;

Bu hədəflərinə nail olmaq üçün ABŞ hökumətini Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırırlar. Faktiki olaraq, erməni diasporu/lobbisi “insan haqları” məsələsini öz maraqlarının alətinə çevirərək, Azərbaycan hökumətinə təzyiq etməyə, nəticədə separatçıların azad edilməsinə və Qarabağda yenidən separatizm yuvası qurmasına, o cümlədən, Ermənistanın maraqlarının təmin edilməsinə çalışırlar.

Planın COP-29 tədbiri ərəfəsində işə salınması da təzyiqin daha effektiv olmasına hesablanıb. Çünki beynəlxalq iqlim tədbirinə görə dünyanın diqqəti Azərbaycandadır və rəsmi Bakının təzyiq qarşısında geri çəkiləcəyini hesab edirlər. Hərçənd, Prezident İlham Əliyev bəyan etdi ki “bu kimi çirkin niyyətlər bizim iradəmizə təsir edə bilməz”.

Burada ən vacib məqamlardan biri Dövlət Departamentinin prosesin pərdəarxasında oynadığı oyun və ABŞ-ın hədəfləridir. Dövlət başçısının vurğuladığı kimi, anti-Azərbaycan müraciətin sifarişçisi Dövlət Departamentidir. Dövlət Departamenti bununla “qanunvericilər bizdən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edir” görüntüsü yaradır və istisna deyil ki, bundan rəsmi Bakı qarşısında tələblər irəli sürmək üçün istifadə edir.

ABŞ hədəfi nədir, Azərbaycandan nə istəyirlər?

Vaşinqtonun Cənubi Qafqazda mövqelərini gücləndirmək, xüsusilə Avrasiyanın nəqliyyat dəhlizlərini – Orta dəhlizi nəzarətə götürmək planı sirr deyil. Bunu Blinkenin köməkçisi Ceyms Obrayn dəfələrlə bəyan edib. Bakıdan iki mümkün istəkləri var.

Birincisi, Zəngəzur dəhlizindən imtina və Paşinyanın təqdim etdiyi “sülhün kəsişməsi” layihəsinin qəbul edilməsidir: bu, Ermənistanın nəqliyyat dəhlizlərində ciddi pay qazanmasını təmin edəcək və mövqelərini gücləndirəcək, Azərbaycanın mövqelərini zəiflədəcək amildir.


İkincisi, COP-29-a qədər Paşinyanın istədiyi kimi, sülh sazişi layihəsində razılaşdırılmamış maddələri kənara qoymaq və razılaşdırılan maddələr üzrə müqavilənin imzalanmasıdır. ABŞ bununla “sülhə” nail olmaq və bölgədəki planlarını həyata keçirməyə çalışır.

Hərçənd, hər iki istək Azərbaycanın milli maraqlarına ziddir və rəsmi Bakı prinsipial mövqe sərgiləyərək, öz maraqları istiqamətində hərəkət edir. Məhz bu prinsipial mövqeyə təsir etmək məqsədilə ABŞ Azərbaycana təzyiq etməyə çalışır. Təzyiq siyasətində ermənilərin maraqlarının xüsusi xətlə seçilməsi də Ermənistan hakimiyyətinə və erməni icmasına mesaj xarakteri daşıyır: Vaşinqton rəsmi İrəvana “maraqlarını müdafiə etmək üçün Azərbaycana təzyiq edirəm” mesajını verir və öz orbitinə daha da yaxınlaşdırır, erməni icmasına da məhz onların istəyi ilə rəsmi Bakıya hücum etdiyini göstərməklə qarşıdan gələn seçkilərdə dəstək əldə etmək istəyir.

Lakin itirən ABŞ olacaq, çünki bölgənin həlledici gücü Azərbaycandır və rəsmi Bakı ölkənin suverenliyinə təhdid olan bu siyasəti sıradan çıxarmaq üçün Vaşinqtonla münasibətlərə yenidən baxa bilər. Nəticədə ABŞ-ın bölgədə Ermənistan üzərindən gücləndirmək istədiyi mövqeləri ciddi şəkildə sual altına düşəcək. Fransa bunun ən bariz nümunəsidir.


Abunəlik