Vasif Talıbovun yaxın adamı bu vəzifəsini də itirdi
“Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Əsədulla İsgəndərov vəzifəsini tərk edib.
Əsədulla İsgəndərov həm də “Naxçıvanbak” ASC-nin Müşahidə Şurasının sədri idi. Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən çıxarıldıqdan bir neçə gün sonra Əsədulla İsgəndərov “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədrliyindən, Baharxanım Talıbova isə Müşahidə Şurasının üzvlüyündən istefa verib.
Baharxanım Talıbova Vasif Talıbovun qızıdır. Bəzi iddialara görə, o, həm də bankın səhmdarlarından biri olub.
Əsədulla İsgəndərovun “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləməsi onun Vasif Talıbova yaxın olması ilə izah edilir.
Bu arada qeyd edək ki, “Naxçıvan Sığorta” ASC-nin səhmlərinin 100 faizi “Naxçıvanbak” ASC-yə məxsusdur. Nəzərə alsaq ki, sözgedən bank Vasif Talıbovun nəzarətində olub, bu halda “Naxçıvan Sığorta” ASC-nin keçmiş sədrə bağlı olduğunu söyləmək olar. Güman ki, Əsədulla İsgəndərovun ASC-nin Direktorlar Şurası vəzifəsindən uzaqlaşdırılması ilə bu şirkət də Vasif Talıbovun əlindən çıxıb.
Qeyd edək ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.